XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

12 Aprel 2015 - 15:32

Analoqu olmayan ölkə və ya torpaqlar qayıdacaqmı?

namiqhaciheyderli.jpg

Namiq Hacıheydərli

Tədbirlərdə, toplantılarda, toylarda, doğum günlərində dəfələrlə eşitdiyimiz bir söz var: “O gün olsun Qarabağ qayıtsın, gedək orda toy edək”, “O gün olsun Kəlbəcər (Şuşa, Laçın və sair) qayıtsın, növbəti doğum gününü orda qeyd edək” və sair. Sual olunur: Qarabağ hara gedib ki? Kəlbəcər, Şuşa, Laçın min il əvvəl olduğu yerdə deyilmi? Torpaqmı bizdən uzaqlaşdı, bizmi torpaqlarımızdan uzaqlaşdıq? Bizmi geri qayıtmalıyıq, torpaqmı geri qayıtmalıdı? Bütün əməllər düşüncələrdən doğur. Əməldə, nitqdə və davranışda yanlış varsa, düşüncədə yanlışlıq var demək. “Torpaqlar qayıdacaq”- düşüncəsi ilə torpaqlara qovuşmaq olmaz. Daha pisi budur ki, itirdiyimiz torpaqları xatırlayarkən “Gözəl torpaqlarımız, bulaqlarımız, meşələrimiz vardı. Kabab çəkərdik, yeyib-içərdik”-deyib dərindən ah çəkəndə, qəriblikdə qalan yurdun köksünə bıçaq saplamış oluruq. Bu düşüncə itirilən torpaqları mədəmizin itkisi saymaqdı, yurdu “çerez” qarın özləməkdi. Torpaq itkisi öncə mənəviyyat itkisidi, sonra maddi itkidi. Mənəvi məzmun daşımayan maddiyyat dəyər deyil, tullantıdı…

İrəvan getdi, qayıtmadı. Dərbənd getdi, qayıtmadı. Göyçə getdi, qayıtmadı. çünki o torpaqlar bizə deyil, biz o torpaqlara qayıtmalı idik. çünki daim arzu etdik. Arzuladıq: “O gün olsun İrəvan qayıtsın”, “O gün olsun Göyçə qayıtsın” – dedik. İndi bunları demirik artıq. Qarabağı; Şuşanı, Xankəndini, Kəlbəcəri, Laçını deyirik. Yuxudayıq sanki. Unutduğumuz və ya fərqində olmadığımız ciddi və acı bir həqiqət var; Biz dünyada analoqu olmayan ölkəyik. Niyə? Dünyada yeganə ölkəyik ki, dörd tərəfdən özümüzlə sərhədik. Quzeydə sərhədimiz Dərbənd, Batıda Borçalı, Göyçə, Mehri, Güneydə Ərdəbil, Maku… Hamısı özümüz deyilmi? Doğuda Xəzər dənizidi. Xəzər də özümüz deməkdi. “özümüz”ün bir parçasıdı. Hələ də arzu edirik: “Torpaqlarımız qayıtsın” – deyirik. Xəlil Rza Ulutürk “Bu dünyada otun, suyun, torpağın da yaddaşı var” – deyirdi. Əminəm ki, o torpaqlar hələ də səsimizi, izimizi və nişanlarımzı yaddaşında saxlayır. Bizi görən kimi səsimizdən tanıyacaq. Lakin hələ “O gün olsun qayıtsın” -deyib xatırladığımız torpaqlar da “O gün olsun bağrımızda izlərini, nişanlarını saxladığımız əzəli sakinlərimiz qayıtsın”- deyib gözünü yola dikir. Bizim isə hələ ora qayıtmaq imkanımız yoxdur. Başımız çox qarışıqdı. Məmurlarımızın başı para toplamağa, millət vəkillərin başı yaxınlaşan növbəti seçkidə yenidən deputat olmaq üçün yollar aramağa, müəllimin başı adını nisyə dəftərindən sildirmək üçün çarələr aramağa, televiziyalarımızın başı şou proqramların və mətbəx verilişlərinin yayımına, yazarlarımızın başı ev dərdinə və kirayə haqqını ödəmək əzabına, qazilərimizin başı savaşda aldıqları fiziki və mənəvi ağrıların müalicəsinə və onlara verilən 45 manat “veteran pulu”nun doğurduğu ürək ağrısına, siyasilərin başı hakimiyyətdən pay almaq üçün sədaqətini sübut etməyə qarışıb. Hələ vətənlə, vətən ağrısı ilə məşğul olmağa, yarasını sarımağa vaxtımız yoxdu. Hərdən “O gün olsun torpaqlarımız qayıtsın” – arzumuzu dilə gətirməklə işimizi yekunlaşmış hesab edirik. Elə biz də yazmaqla işimizi bitmiş hesab edirik. Bu məqamda ustad Mirzə Cəlilin 1917-ci ildə qələmə aldığı cümlələrlə fikrimi yekunlaşdırmaq istəyirəm: “Ax, unudulmuş Vətən, ax yazıq Vətən! Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən һardasan, ay biçarə Vətən?!”