XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 16:41

Naxçıvan Dövlət Universiteti Avrasiya Universitetlər Birliyinin üzvü seçilib –FOTO

 

Naxçıvan Dövlət Universiteti (NDU) dünyanın irimiqyaslı təhsil qurumlarından biri olan Avrasiya Universitetlər Birliyinin (EURAS) üzvü seçilib.

NDU mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu il 50 illik yubileyini qeyd edən universitetin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara toxunaraq, xarici ölkələrlə bağlanmış beynəlxalq əhəmiyyətli layihələrdən danışıb.

“Dövlət dəstəyi hesabına milli təhsil sistemimiz gündən-günə inkişaf edir”, – deyən rektor ali təhsil ocağının Avrasiya Universitetlər Birliyinin üzvü seçilməsini ölkəmizdə, o cümlədən muxtar respublikada təhsilə, elmə göstərilən yüksək dövlət qayğısından, yaradılan münbit şəraitdən qaynaqlandığını vurğulayıb.

Rektor qeyd edib ki, 2008-ci ildə İstanbulda Türkiyə, Azərbaycan və digər ölkələrin ali məktəblərinin təsis etdiyi Avrasiya Universitetlər Birliyinin məqsədi universitetlər arasında işbirliyini gücləndirmək, yeni layihələr həyata keçirməkdir. Avropa, Asiya və Yaxın Şərq regionlarından olan universitetləri birləşdirən qurum müxtəlif əhəmiyyətli layihələr həyata keçirir.

Çıxışının sonunda rektor universitetdə təhsilin səviyyəsinin daha da yaxşılaşdırılması, ölkəmizin, o cümlədən dünyanın qabaqcıl ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.