XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 06:24

«AVİS»in apteklərində dərmanlar «od tutub yanır» – REPORTAJ, FOTO

çiçək İdriszadə: «Biz dərmanları xarici ölkələrdən aldığımız və keyfiyyətinə təminat verdiyimiz üçün baha satırıq»

Uzun illərdir ki Azərbaycanda eyni dərmanlar fərqli qiymətlərə satılır. Son zamanlar isə dərman bazarında anarxiya hökm sürür. Biz də «Həftə içi» olaraq Bakıda və Sumqayıtda bir neçə aptekdə satılan bəzi dərmanların qiymətləri ilə maraqlanmaq, dərman bazarında mövcud olan şişirtmələrlə bağlı araşdırma aparmaq qərarına gəldik. Ən bahalı dərmanlardan biri sayılan, Kanada istehsalı olan və 60 tabletdən ibarət «Colosmin» adlı dərman preparatının qiymətini öyrənmək üçün müştəri kimi bir neçə aptekə müraciət etdik. «AVİS» Tibbi Marketin «İstanbul», «Olimp», «Tusi» və digər apteklərində «Colosmin»in qiyməti 67 manat 90 qəpik, digər özəl tibb müəssisələrinin apteklərində, məsələn, «İntermed Plus» MMC-nin apteklərində isə bu dərmanın qiyməti 21 manat 50 qəpik – 22 manat 50 qəpik civarında idi. Digər dərmanlar da «AVİS» apteklərində bir neçə dəfə və ya faiz baha satılırdı.

Həmsöhbət olduğumuz müştərilər də eyni dərmanların ayrı-ayrı apteklərdə müxəlif qiymətlərə satılmalarından gileyləndilər. Onlar dedilər ki, yaşadıqları binaların və evlərin yaxınlığında yerləşən apteklərdən dərman almaq istəsələr də, bahaçılıq ucbatından Bakının müxtəlif yerlərinə, hətta başqa şəhərlərə belə getmək məcburiyyətində qalırlar. Müştərilər xüsusilə də «AVİS» apteklərində qiymətlərin daha baha olmasından şikayətləndilər.

«AVİS» Tibbi Marketinin müştəri xidmətinin operatoru çiçək İdriszadə əvvəlcə bildirdi ki, təmsilçisi olduğu şirkət «Colosmin»i Kanadadan alır və öz yerli şöbələrində satdırır. O, sözügedən dərmanın Kanadadan alınması, ölkəyə gətirilməsi və sair üzrə xərclərin ümumi məbləği barədə məlumatın kommersiya sirri oldğunu və bunu yalnız «AVİS»in bəzi rəsmi şəxslərinin bildiyini diqqətimizə çatdırdı:

«Bizim həmin xərclərdən xəbərimiz yoxdur. Ancaq şirkətimizin «İstanbul», «Tarqovı», «Nərimanov», «Olimp», «Tusi», «Badamdar», «Əhmədli», «Nəsimi», və «Şəmkir» şöbələrində «Colosmin» 67 manat 90 qəpiyə satılır. Bizim dərmanlarımızın baha olmasının iki səbəbi var. Birnicisi, həmin dərmanları xarici ölkələrdən bizim şirkət alır və Azərbaycana gətirir. Yəni xərclərimiz həddən artıq bahadır. İkinci səbəb də odur ki, başqa firmalardan və apteklərdən fərqli olaraq biz öz apteklərimizdə satılan dərmanların keyfiyyətinə və tərkibinə tam təminat veririk. Ona görə bizim dərmanlar bahadır. Biz müştəriləri «AVİS» apteklərindən dərman almağa məcbur edə bilmərik. Buna ixtiyarımız yoxdur. Əgər hər hansı bir müştəri bizim apteklərdən dərman alıbsa və ondan istifadə etməyibsə, 14 gün ərzində həmin dərmanı geri qaytarıb ödədiyi pulu ala bilər».

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli eyni dərmanların müxtəlif qiymətlərə satılması faktını təsdiqləsə də, adıçəkilən nazirliyin qiymət siyasətinə müdaxilə etmədiyini vurğuladı. Onun dediyinə görə, əksər apteklər özəl şirkətlərə məxsus olduğu üçün xarici ölkələrdən aldıqları dərmanları özlərinin müəyyənləşdirdikləri qiymətlər əsasında satırlar: «Bu proses uzun illərdir bu cür davam edir. Əksər vətəndaşlar, eləcə də KİV-lər bahaçılığa görə bizi qınayırlar. Amma qiymətlərə müdaxilə etməyə Səhiyyə Nazirliyinin ixtiyarı və səlahiyyəti yoxdur».

Nazirlik rəsmisi bildirir ki, ölkə başçısının Nazirlər Kabinetinin iclasında dərman preparatlarının qiymətləri ilə bağlı narahatlığını dilə gətirməsindən sonra bu sahəyə nəzarət daha da artacaq: «Prezident xüsusi göstəriş verib ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Həm Səhiyyə Nazirliyinə, həm də İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş verilib ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Ona görə də adıçəkilən hər iki nazirliyin nümayəndələri birgə iş aparırlar. Bunun üçün yeni qiymət siyasəti müəyyənləşdiriləcək. Bu prosesdə Avropa təcrübəsi əsas götürüləcək.Vahid qiymət siyasəti tətbiq edildikdə Azərbaycanda dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunmuş qiymət əsasında olacaq. Hər halda bu məsələ ilə əlaqədar işlər davam etdirildiyi üçün ətraflı danımaq tezdir. Yəni bununla bağlı Nazirlər Kabineti konkret qərar verdikdən sonra qiymət siyasətinin tənzimlənməsi və apteklərə nəzarət forması bəlli olacaq».