XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 07:02

“Kişi kimi qadın”olmayın!

“Mən kişi kimi qadınam”-demək, “mən qadın kimi kişiyəm” –demək qədər qüsurludur. “Mən kişi kimi qadınam” – söyləmək o deməkdir ki, “mən qadın kimi qadın deyiləm”, yaxud “mən qadın olaraq qadınlığımı itirmişəm, qadın kimi qadın olmaqdan məhrumam” ya da “mənim yaradılışdan qadınlara məxsus özəlliklərim yoxdur, bütün özəlliklərim kişiyə xas olan özəlliklərdi” –deməkdir. Qadının dilindən bu ifadənin səslənməsi həm də onun aşağılıq kompleksi içərisində olmasının qeyri-iradi etirafıdır.

Qadının ən üstün göstəricisi onun elə “qadın kimi qadın” olmasıdı. Kişinin ən üstün göstəricisi “kişi kimi kişi” olduğu kimi.

Yaxud dilimizə oturuşmuş “kişi qeyrətli qadındı” kimi anlaşılmaz ifadə var. Qeyrətin də qadını, kişisimi olur? Qeyrətin bir məzmunu, bir rəngi, bir mahiyyəti var. Qeyrət bütün hallarda, bütün məqamlarda elə qeyrətdir.”Kişi qeyrətli qadın” olmur. “Qeyrətli kişi” olur, “qeyrətli qadın” olur.

Son dönəmlərdə dəbdə olan sözlərdən biri də “gender bərabərliyi”dir. “Gender bərabərliyi” qadın hüquqlarının tanınmasını və onların da cəmiyyətdə kişilərlə bərabər söz sahibi olmasını hədəf seçib.Bu sözü bilən də işlədir, bilməyəndə. Bəziləri sadəcə çağdaş dünya ilə ayaqlaşan yenilikçi düşüncəli biri olması imici yaratmaq üçün yeri gəldi-gəlmədi bu sözü işlədir.Günümüzdə arvadının yuyub – ütülədiyi kostyumu, silib mazladığı ayaqqabını geyinib, “canın çıxsın bir az təmiz sil”-deyib, iclaslarda buğlana-buğlana “hörmətli xanımlar”-söyləyərək çıxışa başlamaq qədər saxtadır qadın-kişi bərabərliyindən danışmaq.

Bəziləri isə sadəcə daşıdığı vəzifədən irəli gələrək məcburiyyət qarşısında hesabat verirmiş kimi bu ifadəni işlədir. Yadıma şahidi olduğum bir olay düşdü. Bu məqamda həmin olayı oxucularla bölüşməyi gərəkli bilirəm:

Uzun illər əməkdaşı olduğum Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində olan idarələr hər ilin sonunda illik hesabat verirdi. İllik hesabat iyirmiyə yaxın yarımbaşlıq şəklində hazırlanırdı. Yarımbaşlıqlardan biri də “İdarədə gender siyasəti” idi. İdarələrdən birində “gender siyasəti” sözünü başa düşməmişdilər. Bu sözün anlamını kimdənsə soruşmağı özünə yaraşdırmayan idarə əməkdaşları siyasət sözündən də ehtiyat etmişdilər və “İdarədə gender siyasəti” yarımbaşlığına bircə cümlə ilə hesabat azmışdılar: “Bizim idarədə gender siyasəti ilə məşğul olan yoxdur”.Əslində bu söz mənim üçün qadınına “ay arvad” deyib, rəhbərlik etdiyi müəssisədə qadınlara potensial partnyor kimi baxan, ancaq özəl günlərdə “əziz və hörmətli xanımlar” -deyib çıxışa başlayan rəhbərciklərin davranışından daha səmimi, gözəl və qəbul edilən görünür.Qadın və kişi bərabərliyindən danışanların çoxu özünü tolerant göstərmək istəyənlər, ya da sadəcə hesabat xarakterli çıxış edənlərdi. Hansısa qadına”sən kişi kimi qadınsan” – deyəndə bunu özünə təhqir hesab edən qadın gördünüzmü? “sən qadın kimi kişisən”- dediyimiz kişi özünü təhqir olunmuş saydığı kimi. Kişi və qadın bərabərliyi o zaman gerçəkləşəcək ki, qadına “sən kişi kimi qadınsan” deyəndə bunu öygü olaraq qəbul etməyəcək, bundan qürurlanmayacaq. Bunu daha çox qadına xas olan özəlliklərdən, özündən və özümlüyündən uzaqlaşmağa bir işarə olaraq qəbul edəcək. Qadın və kişinin bərabərliyi o zaman mümkün olacaq ki, kişiyə “sən qadın kimi kişisən”- deyəndə bunu təhqir saymayacaq, “arvad özünsən”- deyib aqressivləşməyəcək. Hələ ki, qadın və kişi bərabərliyi sadəcə sözdü. özümüzü aldatmayaq. Qadına “arvadsan, otur arvad yerində” deyiriksə, ali təhsilli qadını evdə cəmiyyətdən gizlədib işləməsinə razı olmuruqsa, ağzında söz qalmayan adama “arvad kimi xəbərçilik etmə” söyləyiriksə, “ərsiz arvad – yüyənsiz at” inancındayıqsa, kişi sözünü “böyük”, “başçı”, “yeri yuxarıda olan”, “üstün olan” və sair anlamında işlədiriksə, söz verəndə “kişi kimi” söz veririksə, Tanrını belə kişi simasında təsəvvür edib “O kişi” deyiriksə, qadın-kişi bərabərliyindən danışmağımız sadəcə olaraq Səməd Mənsur demişkən “rəngidür”.üstəlik yüz illər öncə fəaliyyətə başlayan feminist qurumlar 21-ci yüzilliyin 15-ci ilində də fəaliyyət göstərirsə, deməli hələ qadınla kişinin hüquqları bərabər deyil. Feminizm (latınca femina, fransızca femin qadın deməkdir) bəzilərinin iddia etdiyi kimi qadın və kişinin hər ikisinin hüquq bərabərliyini nəzərdə tutan anlayış deyil. Nədəni bu ki, feminizm Batıda qadınlara seçki hüquqlarının verilməsi və onların da kişilər kimi tam hüquqlu vətəndaş olması üçün mübarizə aparmaq amacı ilə meydana gəlmişdir. Sonucda 1920-ci ildə Amerika Birləşmiş Ştatlarında qadınlara səsvermə hüququ verildi. Feminist təşkilatlar bu gün də varsa, deməli qadınların tamhüquqlu vətəndaş olmaları hələ də kağız üzərindədi.

Azərbaycanda qadın hüquqları ilə bağlı durum ürəkaçan deyil. ölkəmizdə tək bircə nəfər nazir, icra başçısı, rayon polis şöbəsinin rəisi olan qadın yoxdur. çünki biz “qadından rəhbər olmaz” düşüncəsindəyik, “qadının ağlı topuğunda olar” qənaətindəyik. Əlbəttə, öncədən müəyyənləşmiş siyahı əsasında bələdiyyə üzvü seçdiyimiz, müəssisələrdə 5-10 faizlik göstərici ilə çalışmasına razı olduğumuz qadınlar var. İllik hesabat verəndə “idarədə filan qədər qadın çalışır” – yaza bilək deyə. Bu gün rayonlarımızda 8-ci sinifdən sonra qızların çoxu valideynlər tərəfindən məktəblərdən yayındırılır. Bunun üçün “tutarlı əsas” da var: “Qız uşağıdı, oxumasa da olar”. Beləcə, yeniyetmə yaşlarından qadını ələbaxan, çarəsiz, başqalarından asılı olan və tam idarə olunan varlığa, əşyaya çeviririk.Daha acınacaqlı olanı budur ki, bu cür qadınların hüquqları yox, həm də öz hüquqlarını tələb edə bilmək hüququ belə olmur. Daha doğrusu əllərindən alınır.Təcrübə və müşahidələr göstərir ki, qeyri-ənənəvi yollara düşən (və ya düşürülən) qadınların əksəriyyəti təhsili olmayan və ibtidai biliklərə yiyələnməyən qadınlardı. Şit davranışları ilə ət tökən, qıcıq yaradacaq həddə açıq-saçıq geyinən qadınlar da, tarixinə, milli dəyərlərinə, kültürünə sayğısız olan, təpədən-dırnağa qara torbaya büründürülən qadınlar da eləcə…

Zənnimcə, ölkəmizdə qadınların fəallığı artmalıdır. Onların ictimai, siyasi, mədəni proseslərdə fəallığı və söz sahibi olmaları təmin edilməlidir. Ancaq hər şeydən öncə qızlarımızın təhsilli və dünyagörüşlü, tarixinə, kültürünə və milli dəyərlərinə bağlı böyümələrini təmin etmək lazımdı ki, ən azından hüquqlarını tələb edə bilmək hüquqlarının olduğunu bilsinlər. Ancaq bu yöndə atılacaq bütün addımlar tarixi zərurət kimi atılmalı, dövlətin və millətin yüksəlişinə hesablanmalıdır, “illik hesabat” xatirinə olmamalıdır.

< p>

Namiq Hacıheydərli

14 aprel 2015