XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 13:21

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov:"2017-ci il gözləntilərimizi aşdı"

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2017-ci ilin yekunu ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə verib. Rektora ünvanlanmış sualları və onların cavablarını sizə olduğu kimi təqdim edirik.

– Elmar müəllim, artıq təqvim ilinin son günlərinə gəlib çatmışıq. 2017-ci ili Azərbaycan üçün necə dəyərləndirə bilərsiz?

– Düşünürəm ki, bu il hər birimiz üçün yadda qalan oldu, çünki Azərbaycan tarixi hadisələrə imza atdı. Xüsusilə neft-qaz sənayesində bu özünü daha çox büruzə verdi. Bu il Azərbaycan Xəzər dənizinin Azəri-Çıraq-Günəşli yataqlarınin işlənməsi üzrə yeni tərtib olunmuş neft hasilatına dair Saziş imzaladı, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını etdi və nəhayət, ölkəmiz bu il 2 milyard ton neft hasilatına nail olaraq, bütün dünyada bu sahə üzrə öz sözünü demiş oldu. Bütün bu hadisələr hər bir azərbaycanlı üçün qürurvericidir.

– Bəs bu il Bakı Ali Neft Məktəbi üçün necə keçdi?

– Bakı Ali Neft Məktəbi üçün bu il böyük nailiyyətlərlə yadda qaldı. İlin ilk uğuru bizim üçün ən önəmli hadisə – may ayının 1-də cənab Prezident İlham Əliyevin iştirakı ilə möhtəşəm kampusumuzun açılışı ilə başladı. Daha sonra iyul ayında biz ilk məzunlarımızı yola saldıq. Eyni zamanda biz 2017-2018-ci tədris ili üçün magistr pilləsinə ilk tələbələrimizi qəbul etdik.

Biz təhsil üzrə bu ilki statistik göstəricilərimizlə nəinki digər ali təhsil müəssisələrini, hətta özümüzün ötən illərdəki göstəricilərimizi üstələdik. Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblər üzrə qəbulun nəticələrinə görə ən yüksək keçid balı – 679 bal məhz BANM-a məxsus olub və buradakı 3 ixtisas üzrə ilk turdan qəbul həyata keçirilib. Qeyd edim ki, Azərbaycanın hazırda ən yüksək keçid balına malik ixtisası BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasıdır ki, qəbul imtahanının nəticələrinə görə minimal bal – 685 bal olub. Bildiyiniz kimi, bu ixtisas bütün göstəricilər üzrə ölkədə “İlin ixtisası” olub.