XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2017 - 11:57

Səhiyyə naziri:“Təəssüf ki, təbabət elmimiz sovet dövründən qalma mövzuları tədqiq edir”

Təəssüf ki, bəzən təbabət elmimiz zamanla ayaqlaşmayan, sovet dövründən qalma mövzuları tədqiq edir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir səhiyyə sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcud olduğunu, bu gün bütün diqqətin onların həllinə yönəldilməsinin vacibliyini vurğulayıb.

O.Şirəliyev səhiyyədə mövcud problemlərin kökündən həll edilməsində müasir elmi yanaşmanın, elmi tədqiqat institutlarının müasir tələblərə uyğun fəaliyyət göstərməsinin önəmini qeyd edib: "Azərbaycan Milli Elmlər Akademiyası ilə razılıq əldə olunub, tibb elminin ölkə üçün aktual istiqamətlərini müəyyənləşdirmək məqsədilə Akademiyanın institutlarının, Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarının, Tibb Universitetinin və Həkimləri Təkmilləşdirmə İnstitutunun iştirakı ilə geniş toplantı keçirilməsi planlaşdırılır".

Ölkə səhiyyəsində həm gələcək savadlı kadrların yeitşməsi, həm də bugünkü həkimlərin müasir səviyyədə işləməsi üçün davamlı tibb təhsilinin əhəmiyyətini vurğulayan səhiyyə naziri bununla bağlı olaraq yaxın gələcəkdə həkimlərin sertifikasiyasının prinsiplərinin də dəyişdiriləcəyini söyləyib.

O.Şirəliyev qeyd edib ki, hazırda zamanın tələblərinə uyğun olaraq, sertifikasiyanın yeni qaydaları hazırlanır: "Bu qaydalara əsasən sertifikasiya tək kompüter imtahanı ilə məhdudlaşmayacaq və tibb işçisinin savadını, praktik fəaliyyət qabiliyyətini dəyərləndirməyə imkan verəcək".