XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 08:56

Səlim Müslümov iranlı nazirlə müzakirə apardı – FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında əlaqələrin daim gücləndiyini diqqətə çatdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlərin, müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan sənədlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. Daha sonra qonağa görülən işlərdən danışan nazir S.Müslümov milli əmək və sosial müdafiə sistemində aparılan islahatlar, əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin qurulması, sosial təminat növləri və tibbi-sosial ekspertiza üzrə xidmətin avtomatlaşdırılması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: “Nazirlik bütün bu işlərdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. Hesab edirik ki, müvafiq fəaliyyət sahələrində İranla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təcrübə və məlumat mübadilələri hər iki tərəf üçün önəmlidir və bununla əlaqədar ƏƏSMN tərəfindən bütün səylər göstəriləcəkdir”.

Ə.Rəbii İran-Azərbaycan münasibətlərinin inkişafının ikitərəfli əlaqələrin genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb. O, əlilliyin olan şəxslərin reabilitasiyası, onların bərpa-müalicəsi, kimsəsiz şəxslərin sosial rifahının dəstəklənməsi, sosial xidmətlər, əmək bazarı siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini bildirib. Ə.Rəbii həmçinin işsiz şəxslərin əmək bazarına çıxışını asanlaşdırmaq üçün proqramların hazırlanması, peşə reabilitasiyası, məzunların əmək bazarına inteqrasiyası, əməyin mühafizəsi, işəgötürənlər və işçilər arasında mübahisələrin həlli və s. sahələrdə də əməkdaşlıq üçün imkanların mövcud olduğunu qeyd edib. Görüşdə təklif olunan istiqamətlər üzrə qarşılıqlı maraq doğuran məlumatlar verilərək bu sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani və başqaları da iştirak edib.