XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 23:15

Bakıda hansı ərazilərdə sürüşmə təhlükəsi var? –Mütəxəssis açıqladı

Bakıda son zamanlar sürüşmə zonaları aktivləşib. Nəticədə Bayıl yamacında onlarla ailənin həyatı və şəxsi mülkü təhlükədədir.

Lakin paytaxt ərazisində sürüşmə təhlükəsi təkcə Bayılda deyil. Hazırda paytaxtın bir çox əraziləri sürüşmə baxımından aktiv zonalar hesab edilir ki, həmin yerlərdə də insanlar ev tikib, yaşamaqda davam edirlər. Yəni onlar da hər an Bayıl yamacından yaşayan insanların vəziyyətinə düşə bilərlər.

Bəs Bakının sürüşmə zonaları konkret olaraq hansı ərazilərdir?

Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdardakı Qurd qapısı, Qanlı göl, Lökbatan yamacı, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinə doğru olan ərazilər, Masazır gölünün ətrafı – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da ümumilikdə əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır. Belə ki, sürüşmələr daha çox qar yağdıqdan sonra baş verir. Lakin təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti, insanların yamacları kəsib evlər tikməsi də sürüşməyə səbəb olan amillərdir. Bayılda son 20-25 ildə sürüşmənin daha da aktivləşdiyi bildirilsə də, yuxarıda qeyd etdiyimiz digər ərazilərdə də durum heç də ürəkaçan deyil. Məsələn, Masazır gölünə yaxın ərazilərdə tez-tez sürüşmə baş verir. Elə ötən il həmin ərazidə sürüşmə nəticəsində bir ev tamamilə uçmuşdu. 

Mütəxəssislər bildirirlər ki, ildən-ilə Azərbaycanda sürüşmə sahələrinin sayı artır. 1980-ci ildə Azərbaycanda 100 yaşayış məntəqəsində sürüşmə qeydə alınırdısa, indi bu göstərici 400-ə yüksəlib.

“Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov hər ay nazirlik ölkə ərazisində olan sürüşmələr haqqında bülleten hazırlayıb, 11 quruma göndərir:

“Bu bülletenlərdə Abşeron yarımadasında olan sürüşmələr haqqında, qədim sürüşmə ərazilərində olan monitorinqlərin nəticələri, eyni zamanda vətəndaşlar tərəfindən edilən müraciətlər araşdırılır, bülletendə öz əksini tapır. Bəzən olur ki, bir ay ərzində ölkə ərazisindən 100-dən çox vətəndaş sürüşmə ilə bağlı bizə müraciət edir. Gələn həftə ərzində də bütün ölkə ərazisində olan sürüşmə ilə bağlı eyni qaydada bülleten hazırlayıb, yayacağıq. Bu gün sözü gedən Bayıl ərazisi haqqında da bülletendə məlumatlar yer alıb. Bayılla bağlı məlumat yayıldı ki, guya orada dağın altından iki çay gedir. Bu sözü mütəxəssis deyə bilməz. Təbiətdə elə bir hadisə baş verə bilməz. Yerin altında çay ola bilməz. Özü də bunu Bayılda yazıblar. Ola bilər ki, müəyyən sulu laylar ola bilər. Sulu laylar var və bu, başqa yerdir. Əvvəllər camaat söyləyirdi ki, Xəzər dənizinin altından neft axıb, İrana gedir. Bu da həmin söhbətə oxşayan bənzətmədir”.

Ekspert Masazır ərazisində baş verən sürüşmələrdən də danışıb:

“Orada yamacı kəsib, ev tikiblər. Duzlu göl deyilən ərazi var ki, həmin ərazidə binalar, fərdi yaşayış evləri tikiblər. Nəticədə torpağın dayanıqlığı itib. Həmin ərazidə olan torpaq qumlu, gilli süxurlardır. Ona görə də tez doyur və ağırlıq olan kimi sürüşür. Oradakı sürüşmə də vətəndaşların özlərinin günahından baş verir. Bu, qəti şəkildə belədir. Orada ev tikmək, yamacı kəsmək olmazdı. İndi həmin torpaqları hansı qurumlar əhaliyə verib, bu da onların öz işləridir”.

Ekspert bildirib ki, qərar da qəbul olunub ki, sürüşməyə meylli ərazilərdə tikinti aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin xüsusi rəyi olmalıdır:

“Layihə də bu rəyə uyğun olaraq hazırlanmalıdır ki, gələcəkdə sürüşmə baş verərsə, nisbətən də olsa onun qarşısı alınsın. Onu da qeyd edim ki, vətəndaşların özlərindən də çox şey asılıdır. Tövsiyə edirəm ki, insanlar ilk olaraq təbiətə çox müdaxilə etməsinlər. Harada gəldi, yamacı kəsməsinlər. Suvarma apardıqları zaman isə bunu fontan şəklində etməsinlər. Bütün bunların hamısı gələcəkdə həmin ərazidə fəsadların yaranmasına səbəb olur”.

Əli Rais,
“Yeni Müsavat”