XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2018 - 12:10

Bakıda Hindistanın Respublika Günü qeyd olunub –FOTO

Hindistanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Respublika Gününün  69-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, qəbulda çıxış edən səfir Sanjay Rana çıxışında Hindistanda vətəndaşların rifahı ,davamlı və inklusiv inkişafı üçün həyata keçirilən böyük iqtisadi islahatlardan söz açıb.  Ölkə tarixindən, hazırkı durumdan bəhs edən səfir, daha sonra Azərbaycanla əlaqlərə toxunub. O, bildirib ki, Hindistan Azərbaycanla bütün sahələrdə  dostluq və əməkdağlığı möhkəmləndirmək arzusundadır: “Ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Hər iki ölkə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizini inkişaf etdirmək üzərində çalışır”.  S.Rana bildirib ki, Hindistan 2017-ci ilin noyabrından fəaliyyət göstərməyə başlayan İrandakı Çanbahar limanını inkişaf etdirib və bu liman Hindistan limanlarını Azərbaycan və digər ölkələrlə birləşdirəcək.  Səfir eyni zamanda bildirib ki, Hindistanın ONGC- Videsh şirkəti Azərbaycanın neft və qaz sektorunda paya malik tərəfdaşdır.  Diplomat daha sonra əlavə edib ki, Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində azərbaycanlı peşəkarlara və tələbələrə Hindistanın müəssisələrində xərcləri tam qarşılamaqla təlim proqramları və İCCR təqaüd proqramı təklif edir. İkitərəfli ticari əlaqələrdən söz açan səfir deyib ki, 2017-ci ildə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 60 faizdən yuxarı olaraq 540 milyon ABŞ dollarına çatıb.

Azərbaycan hökuməti adından Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov bayram münasibəti ilə Hindistan xalqını təbrik edib, sülh və firavanlıq arzulayıb. O, xalqların rifahı naminə Azərbaycanla Hindistan arasında dostluq əlaqələrinin davamlı inkişafına ümid etidyini vurğulayıb. Nazir, tibb və əczaçılıq, infrastruktur, İT və telekommunikasiyalar, kənd təsərrüfatı, enerji, turizm sektorlarında əməkdaşlığa önəm verildiyini qeyd edib.

SƏMLA

Strateq.az