XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

02 Fevral 2018 - 19:11

Məktəbə yerləşdirilən Bayıl köçkünlərinin çoxu geri qayıdıb –Jurnalistləri sığınacağa buraxmaq qadağan edilib

Bayıl yamacında, Televiziya Qülləsinin cənub-şərq hissəsində davam etməkdə olan sürüşmə ilə əlaqədar evlərindən evakuasiya olunmuş və orta məktəb binasında yerləşdirlmiş sakinlərin böyük əksəriyyəti geri qayıdıb. Onlardan cəmi bir neçəsi 163 saylı orta məktəbdə yaradılan müvəqqəti sığınacaqda qalır.

Virtualaz.org sürüşmə ilə əlaqəli orta məktəbdə müvəqqəti məskunlaşmış ailələrin güzəranı, məişəti ilə tanış olmaq istəyib. Çünki sakinlərin məktəbdə yerləşdirilməsi məktəblilərin qış tətili günlərinin başlanmasına təsadüf etmişdi. İndi isə dərslər başlayıb və məktəblilərin əhatəsində bu ailələrin necə yaşadığı maraqlı görünə bilərdi. Lakin məlum olub ki, məktəbdə məskunlaşanların yanına jurnalistlərin buraxılmasına Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qəti qadağa qoyulub. Xəbər verdiyimiz kimi, sürüşmə zonasında uçma təhlükəsi qarşısında olan 67 ev müəyyən olunub və orada yaşayan 390 sakinin köçürülməsilə bağlı qərar verilib. Köçürülənlərin əksəriyyətinin qohum və tanışlarının evlərində, 42 nəfərin isə Bayıl qəsəbəsindəki 163 saylı orta məktəbdə yaradılan müvəqqəti sığınacaqda məskunlaşdığı açıqlanmışdı.

Qarovulçu:  “Mənə tapşırılıb ki, içəri heç kimi buraxma”

Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi,  86 ünvanda yerləşən 163 saylı məktəbin qarşısında qələbəlik idi. Uşaqlarını məktəbdən götürməyə gələn valideyinlər, dərsdən çıxan uşaqlar, səs-küy…

Qarovulçuya yaxınlaşdıq və məktəbdə müvəqqəti məskunlaşmış ailələrin güzəranı ilə maraqlandığımızı dedik. Amma  Tənzilə adlı qarovulçu köçürülmə ilə əlaqədar məktəbə sığınan sakinlərin yanına heç kimin buraxılmadığını dedi.

Bəs sakinlərdən kimisə çölə çağırmaq olarmı? Qarovulçu bu xahişimizə kobud və sərt tonda cavab verdi: “Yox, mümkün deyil. Çıxın gedin. Mənə tapşırıq verilib ki, bura köçürülən sakinlərin yanına heç kimi buraxmayım. Mən də buraxmıram. Sakinlərdən heç kimi də çağıra bilmərəm. Nə istəyirsiniz, edin, necə istəyirsiniz, yazın”.

Qarovulçudan heç olmasa məktəb rəhbərliyi ilə danışmağa şərait yaratmağı xahiş etdik. Uzun çənə-boğazdan sonra qadın içəri keçdi. Və əlində telefon nömrəsi yazılmış kağız parçası ilə qayıtdı: “Bu nömrə ilə əlaqə saxlayın, nə istəyirsiz ondan soruşun. Biz heç nə bilmirik”.

“Bura lap həbsxanaya dönüb…”

Uşaqlarının dərsdən çıxmasını gözləyən  valideynlərlə söhbətləşirik. Onlar deyirlər ki,  son bir neçə gündür məktəbə giriş-çıxışa xüsusi nəzarət olunur, hətta içəri keçən valideyinlərin adları qeydiyyata alınır.

“Məktəbdir, burada həmişə ciddi nəzarət olub, amma sürüşməyə görə sakinləri köçürəndən məktəb lap həbsxanaya dönüb. Qapıçı da çox qəddar adamdır, uşaqlarla da elə davranır. Son bir neçə gündə isə şagirdlərdən başqa içəri girib çıxan hər kəsi siyahıya alır”, –  adını söyləmək istəməyən valideyn bildirdi.

Səbail rayon İcra Hakimiyyətinin işçisi: “Heç bir çəkilişə ehtiyac yoxdur”

Qarovulçu qadının verdiyi telefon nömrəsinə – Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimova zəng etdik.  O, məktəbdə məskunlaşan sakinlərə baş çəkmək istədiyimizi eşidən kimi qəti şəkildə bildirdi: “Nə çəkmək istəyirsiniz? Sakinlər üçün məktəbdə hər cür şərait yaradılıb, isti yemək veririk. Onlar çəkiliş-filan istəmirlər…”

Əgər köçürülənlər üçün məktəbdə şərait yaradılıbsa İcra Hakimiyyətinin məmuru niyə onların jurnalistlərlə təmasına qadağa qoyur?

“Sakinlər hələlik məktəbdə məskunlaşıblar, bir azdan kirayəyə köçürüləcəklər. Orada hələ ki, heç bir çəkilişə ehtiyac yoxdur. Çəkiliş lazım olanda biz özümüz deyəcəyik”-məmur deyir.

Yaxınlıqda yaşayan sakinlərdən öyrəndik ki, köçürülən sakinlər üçün məktəbin üçüncü mərtəbəsində 5 sinif otağı ayrılıb. İçəridə nə qədər sakinin yaşadığını isə heç kim bilmir: “Onları elə qapalı saxlayırlar ki, içəridə nə qədər ailənin qaldığını heç kim bilmir. Təzə gələndə eşitdim ki, 5 sinif otağı ayırıblar. Elə bil hamıya tapşırıblar ki, heç kimlə danışmasınlar. Biz hər gün burada oluruq, demək olar ki, binadan çıxmırlar. Hərdən mağazadan nəsə alıb tez də qayıdırlar. Kənar şəxsləri ümumiyyətlə binaya buraxan yoxdur. Kiminsə qohumu gələndə qapıçı həmin şəxsi bayıra çağırır, elə küçədə söhbət edirlər”, – deyə qonşuluqda yaşayan qadın deyir.

Köçürülənlərin əksəriyyəti öz evlərinə qayıdıb

Evi qəzalı vəziyyətdə olan sakinlərdən Zahid Aslanov isə virtualaz.org-a açıqlamasında məktəbə təhlükəli zonadan demək olar ki, heç kimin köçürülmədiyini dedi. Onun sözlərinə görə, sürüşmə baş verən gün camaatı məktəbələrə toplasalar da, əksəriyyəti artıq evlərinə qayıdıb.

 “Bizim məhəlləmizdən məktəbdə bir nəfər də yoxdur. Ola bilər qocalar, xəstələr məcbur olub qalırlar, amma gündüz onlar da evlərinə qayıdır. Biz hamımız öz evimizdəyik, ailə-uşaqla məktəbə necə yerləşək? Kimin  qohumlarında getməyə yer var, ora gedir, özümüz də burada qarovul çəkirik”, – Bayıl sakini  bildirir.

Sakin əlavə edir ki, hazıra sürüşmə zonasındakı evlərin sakinlərinin demək olar hamısı evlərindədir. Uzaqbaşı uçmaq təhlükəsi daha çox olan evlərdən qadın və uşaqları axşamlar qohumlarının, yaxınlarının evlərinə göndərirlər, kişilər isə gecəni evlərdə keçirir…