Strateq.az saytının bu dəfəki müsahibi “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, tanınmış sosioloq-alim Əhməd Qəşəmoğludur.
– Xoş gördük Əhməd müəllim! Cəmiyyətimiz sizi “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı kimi tanıyır. Əlbəttə, bu haqda ayrı-ayrı müsahibələrinizdə oxuculara müəyyən bilgilər vermisiz. İstərdik “strateq.az” saytının oxucularına da bu konsepsiyanın özəlliyi haqda bilgilər verəsiz. Hansı zərurətdən doğdu bu konsepsiya?
– Desəm ki, ahəngyol elminin indi araşdırdığı problemlərlə bağlı suallar bir qədər ümumi halda elə məni uşaqlıq, gənclik illərimdən əhatə edirdi, şübhə etməyin. Görünür bu tip suallar insanların bir çoxunu uşaqlıqdan, gənclikdən, bütün ömrü boyu düşündürür. Allaha şükür ki, mənim aldığım təhsil sahələri mənə həmin sualları elmi şəkildə sistemləşdirmək və öyrənmək üçün şərait yaratdı. Uşaqlıqdan riyaziyyat elminə böyük marağım olub, 8 yaşımdan şeir də yazmağa başlamışam. Bu iki istiqamətdəki daxili təlabat qəlbimdə hər zaman bir – birini tamamalayıb. 16 yaşımda Bakı Dövlət Universitetinin mexanika- riyaziyyat fakultəsinə daxil olmuşam. Görünür şairliyim mənim diqqətimi hər zaman cəmiyyətdəki problemlərə yönəldib. Ona görə də hələ 3 -cü kursdan riyaziyyatın sosiologiyaya tətbiqi ilə məşğul olmaq həvəsinə düşdüm. O zaman bu sahə SSRİ -də yeni yaranmağa başlayırdı və mən xoş bir təsadüf üzündən bu barədə məlumata malik idim. Universiteti əla qiymətlərlə bitircək, AMEA Kibernetika İnstitutunun göndərişi ilə Moskvanın ən nüfuzlu elmi mərkəzlərindən biri olan SSRİ EA -nın Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutuna getdim və orada arzu etdiyim sahə ilə məşğul oldum. Elmi dərəcə aldım. Sonralar Bakıda bir necə elmi mərkəzin, o cümlədən Milli Məclisin o vaxt mövcud olan Elmi Mərkəzinin də rəhbəri oldum. Təhsilim və fəaliyyət sahələrim cəmiyyətdə gedən proseslərin daha dərindən, elmi metodlarla idarə edilməsi yollarını axtarmağı tələb edirdi. Mən o zaman hiss edim ki, ortada olan elmi metodlar heç də arzu olunan imkanlara malik deyil. Bəzi metodlar qərbdə effekt verdiyi halda bizim ölkəmizdə gücsüz vəziyyətdə görünürdülər.
-Yəqin ki, bunun səbəbləri üzərində də araşdırma apardınız.
-Əlbəttə, bunun səbəbləri haqda uzun illər düşündüm. Ən qədim dövrdən indiyədək dünyəvi elmin keçdiyi yolları, bu yolda nə qazanıb nə itirdiyini araşdırdım. O qənaətə gəldim ki, elmin inkişafı dövründə iki ciddi qırılma nöqtəsi olub. Biri Aristotel zamanında. O zaman elm əsas diqqətini rasional amillərin öyrənilməsinə yönəldib. Rasional olmayan amillər diqqətdən kənarda qalıb. Bu, elmdə ciddi qarışıqlıq yaradıb və bizim eranın ilk illərində dünyəvi elmlərdə durğunluq meydana gəlib. Cəhalət dövrü başlayıb. Quranın yaranması, islamın formalaşması ilə dünyəvi elmlərə yeni nəfəs gəlib. Orta əsr İslam aləmində təsəvvüf elminin yaranması ilə elmin doğru yolda inkişafı üçün mühüm imkanlar yaranıb. Amma XIV-XV əsrlərdə elmə diktə qərb alimlərinə keçdikdə elmin inkişafında ikinci qırılma hadisəsi baş verdi. Qərb alimləri dünyəvi elmlər üçün dini kitablardan, bəsirətdən faydalanmağın zəruri olduğunu duymadı. Yalnız öz intellektinə arxalandı. Ona görə də dünyəvi elmlər parçalandı və öz inkişaflarında bəşəri dəyərləri nəzərə ala bilmədilər. Ortaya ciddi nöqsanlı elm sahələri cıxdı. Yer üzünün indiki ağır durumu həm də müasir fəlsəfənin, müxtəlif elmlərin nöqsanları ilə bağlıdır. İndi dünyəvi elmlərin inkişafında çatışmayan əsas şey ahəng meyarlarını duymamaq, nəzərə almamaqdır. Bunları araşdırarkən xeyli məlumatlar əldə olundu. Nəticədə, həmin qırılma dövrlərində itirilənləri nəzərə alaraq ahəngyol elmi yarandı.
-Sosioloq-alim olaraq Azərbaycanda çağdaş sosial durumu necə dəyərləndirirsiz? Sizcə, bugün cəmiyyətimizdə hansı sosial problemlər var və bu problemlərdən çıxış yollarını nədə görürsüz?
-Azərbaycandakı sosial durumu qiymətləndirəndə istər-istəməz indi yer üzündə gedən prosesləri xatırlamamaq qeyri -mümkündür. Təəssüf ki, indi yer üzündə, bir çox ölkələrdə sosial durum acınacaqlı vəziyyətdədir. Onların əksəriyyəti ilə müqayisədə Azırbaycandakı vəziyyət nisbətən yaxşı vəziyyətdədir. Respublikada başdan- başa quruculuq işləri gedir. Hər bir rayona bir ildən sonra gedəndə adam sürprizlərlə qarşılanır. Xeyli inzibati binalar tikilir, dini ocaqlar, məscidlər yüksək zövqlə bərpa olunur, idman qurğuları, səhiyyə mərkəzləri, məktəblər tikilir. Geniş şəkildə abadlıq işləri aparılır. Doğrudur çəkilən yeni rahat yollar, salınan yeni parklar, küçələr, tikilən evlər, qaz, elektrik, su problemlərinin həlli heç də insanların sosial problemlərinin hamısını həll etmir. Amma ədalət naminə demək lazımdır ki, bu işlər sosial problemlərin daha yüksək səviyyədə həll edilməsi sahəsində olduqca ciddi addımlardır. Amma ümumiyyətlə vəziyyətin indikindən çox yaxşı olmasını arzu edərdim.
-Cəmiyyətimizin əsas problemlərinin nələr olduğunu demədiniz…
-Cəmiyyətimizdə indi xeyli sosial problemlər var. Onlardan ən birincisi təhsil problemidir.Təhsil problemini köklü, yüksək səviyyədə həll etmədən digər problemlərimizi həll edə bilməyəcəyik. çünki bütün sosial, eləcə də digər problemlərin həll edilməsində kadr problemi mühüm rol oynayır.Kadrı isə bizə yalnız təhsil sistemi hazırlaya bilər. Təhsil problemi düzgün həll olunarsa bu ölkədə mədəniyyətin səviyyəsinin qalxmasına, müxtəlif sahələr üzrə siyasətin düzgün qurulmasına ciddi təsir edər. Amma təəssüf ki, bizdə təhsilin fəlsəfəsi uzun illərdir ki, düzgün deyil. Sovet dövründə də düzgün deyildi.Amma Milli müstəqil dövlətimizdə bu fəlsəfəni düzgün qurmaq mümkündür. Mən sizə bəzi misallar deyim.Tutaq ki, bir şagird riyaziyyat fənnini pis mənimsəyir.Təsəvvür edirsinizmi, birinci sinifdən onbirinci sinfə qədər bu uşaq danlaq mənbəyi olur. Bəlkə bu uşaqda dahiyanə hərbçilik istedadı var, yaxud gözəl bir sənətkar ola bilər və s. Amma bizim təhsil sistemi onbir il həmin uşağın qürurunu, şəxsiyyətini sındırmaqla məşğul olur. Bizdə indi olduqca müasir, ciddi peşə məktəbləri olmalıdır.Orta məktəblərimiz elə ilk siniflərdən belə peşə məktəbləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidirlər.Qoy elə gələcəyin professoru, müğənnisi, şairi də hansısa bir peşəni öyrənsin.
Mən təhsil işçilərinə tez-tez belə bir sual verirəm: nədən bir əsr əvvəl Qori seminariyası dahilər yetirirdi, amma indiki məktəblər bu gündədir? Qori seminariyasının əsas gücü təhsil sisteminə kompleks yanaşmaq idi. Orada şəxsiyyətin hərtərəfli formalaşmasına ciddi diqqət yetirilirdi. Bizim təhsil sistemi isə müəyyən bir gərginlik içində, ancaq ali məktəblərə daxil olan şagirdlərini sayır.
-Siz bir sosioloq-alim və eyni zamand
a nüfuzlu təhsil işçisi olaraq təhsilimizindəki acınacaqlı durumu ortadan qaldırmaq üçün nəsə etmisiniz?
-Mən on ilə qədər bir müddətdə Azərbaycan Komsomolu MK -sının Elmi Mərkəzinin, sonra 5 ilə yaxın müddətdə Azərbaycan Milli Məclisinin Elmi Mərkəzinin rəhbəri olmuşam və hər zaman diqqət mərkəzimdə olan ən birinci məsələ təhsil problemləri olub. Uzun illər ali məktəblərdə kafedra müdiri, müəllim kimi fəaliyyət göstərmişəm və təhsil problemlərinin içərisindəyəm. Təhsilimizi bu bəladan qurtarmaq üçün yeni təhsil fəlsəfəsi və Təhsil Konsepsiyası hazırlamışam. 2013-cü ilin sentyabr ayında Türkiyədə, Əskişəhərdə Yuneskonun keçirdiyi bir Konfransda bu Konsepsiyanı, fəlsəfi sistemi təqdim etdim və böyük maraqla qarşılandı. “Kanal 26” mənimlə saat yarımlıq bir müsahibə apardı.Təhsil Nazirliyimizin şöbə müdiri də orada idi və məndən bu Konsepsiyanı Nazirliyə təqdim etməmi xahiş etdi. O zamandan Konsepsiyanı nazirliyə təqdim etmişəm. Hələ də mənə konkret bir cavab verən yoxdur. Hər dəfə zəng vuranda ancaq məni tərifləyir və konsepsiyanı müzakirə edəcəklərini deyirlər.
-Dediyiniz kimi, təhsilimizdə ciddi çatışmazlıq mövcuddur və bu gün cəmiyyətdə təhsilimizin durumu ilə bağlı ciddi narazılıqlar var. Təcrübə göstərirki, ali məktəblərə daxil olan abituriyentlərin mütləq əksəriyyəti məktəblərin deyil, repititor fəaliyyətinin nəticəsində tələbə adını qazanır. Niyə məktəblərimiz acınacaqlı durumdadı?Bu durumdan çıxış yolu kimi nələri təklif edərdiz?
– Tamamilə doğru deyirsiniz! Məktəblərimiz ona görə belə acınacaqlı durumdadır ki, əvvala yuxarıda dediyim təhsil fəlsəfəmiz və təhsil konsepsiyamız yoxdur.İkincisi, biz hələ təhsilə strukturca diqqət yetiririk. Yəni təhsilin inkişafını struktur dəyişikliklərində görürük- yeni binalar tikirik, kitablar nəşr edirik, məktəb formaları hazırlayırıq, xarici ölkələrin iş təcrübəsindən istifadə etmək istəyirik və s. Amma təhsilə ən əvvəl funksional baxımdan yanaşmalıyıq. Təhsilin qarşısındakı məqsədi konkretləşdirməli və bu məqsədə nə dərəcədə nail olunmasını ciddi nəzarət altında saxlamalıyıq. Struktur dəyişikliyi funksional tələb diktə etməlidir! O funksional məqsədin tələb etdiyi bütün tədbirlər operativ olaraq yerinə yetirilməlidir. Bu gün Azərbaycan təhsil sisteminin qarşısında duran ən mühüm məqsəd yer üzünün, ilk növbədə ölkəmizin tərəqqisinə xidmət edən hər tərəfli – fiziki sağlam, mənəvi zəngin, yaradıcı əmək tələbatı yüksək olan kadrların yetişdirilməsidir. Təhsil sahəsində atılan hər bir addım bu tələblərə uyğun olaraq müəyyənləşməlidir.
-Bu bir gerçəkdi ki, tarixin ən gərgin məqamlarında xalq öz ziyalısına üz tutub. Lakin bu günAzərbaycan ziyalısının özünə qapandığını, ictimai-siyası fəallıqdan qıraqda qaldığını görürük. Ziyalı necə olmalıdı? Sizcə, bugün Azərbaycan ziyalısı üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlirmi?
– Əvvala, ziyalı anlayışını dəqiqləşdirək. O adama ziyalı demək olar ki, o insan mənəvi cəhətdən zəngin, müəyyən dərəcədə kamil olsun və öz ətrafında xalqın tərəqqisinə kömək edə bilən ideyalar – ziyalar yaya bilsin. Belə insanlarımız cəmiyyətdə çoxdurmu?çəmiyyətdə doğru maarifçilik ideyası öndə olanda belə adamlara ehtiyac çox olur. Cəmiyyətdə mənəvi dəyərlərin maddi dəyərlərdən öndə olması belə adamların yetişməsində mühüm rol oynayır. Başqa vaxtlarda isə ziyalı hər zaman təhlükə ilə, nadanlıqla üz-üzə qalır. Təəssüf ki, sovet rejimi daima ziyalıdan qorxurdu. O zaman belə insanların fəaliyyət imkanı məhdud idi. Son otuz ildəki proseslər də ziyalının lazımi şəkildə formalaşıb üzə çıxmasına mane oldu. Dövrümüz xeyli siyasiləşmişdi.özünü siyasətçi hesab edən müəyyən bir zümrə ziyalıdan ancaq radikal addımlar tələb etməyə başladı. özü ziyalının yanında olmalı olan siyasətçi ziyalının ona təzim etməsini istədi! Onun ambisiyalarına uyğun hərəkət etməsini istədi! Ziyalının isə əsas xisləti ahəng yaratmaqdır. Nəticədə bir qrup ziyalı ola biləcək insanlar siyasi oyunların dolanbacında itib batdı. Bir çoxları ruhdan düşdü, fəaliyyətini başqa yöndə istiqamətləndirdi. Amma inamla deyə bilərəm ki, Azərbaycanda ziyalı adını daşıya biləcək təbəqə vardır. Sadəcə onlara dövlətçiliyimiz naminə geniş fəaliyyət imkanları yaratmağa ehtiyac vardır.
-Bir az da ədəbiyyatdan danışaq. Siz uzun illərdiki, ədəbi yaradıcılıqla da məşğulolursuz. çağdaş ədəbiyyatımız haqqında düşüncələrinizi eşitmək maraqlı olardı.
-Ədəbiyyatımızda indi ciddi axtarış getməkdədir. Bir qrup dünya ədəbiyyatını əvvəlki illərdəki nəslə nisbətən daha dərindən öyrənməkdə, faydalanmaqdadır. Digər qrupsa öz milli köklərimizin dərinliklərinə enməkdə, təsəvvüf fəlsəfəsini öyrənməkdə, türkçülük məfkurəsini mənimsəməkdədir.Azərbaycançılıq ideyaları ölkəmizdə yeni bir multikultural mühit yaratmaqdadır.Bu mühit Azərbaycanın unikal mədəniyyətindəki dərin potensialı oyatmaqdadır. Ədəbi prosesin indiki vəziyyəti məni qane etməsə də mən bir az sonraya daha nikbin baxıram. Mədəniyyətinin kökündə yer üzünə ahəng gətirmək potensiallı türkçülük, islamçılıq dəyərləri dayanan, Dədə Qorqudu, Xaqanisi, Nizamisi, Sührəverdisi, Tusisi, Nəsimisi, Fizulisi, Xətaisi, Qurbanisi, Əlsəgəri, təsəvvüf, irfan fəlsəfəsi və sair olan bir ədəbiyyatın enerjisi hökmən yenidən üzə çıxmalıdır. Bizim yolumuz ədəbiyyatda da kimlərisə təqlid etmək yox, öz kökümüz üzərində daha əzəmətli qalxmaqdır. Tamamilə inanıram ki, ədəbiyyatımızın olduqca böyük potensialı var. Biz bu potensialı açmağın yollarını axtarmalıyıq. Bu potensial oyanmaqdadır.
– Unudub soruşmadığım, lakin sizin demək istədiyiniz nəsə varmı?
– ölkəmiz olduqca gözəl ölkədir. Xalqımız da xoşbəxt xalqdır ki, dünyanın ən qədim və rəşadətli, tarixin ən möhtəşəm memarı olan türk xalqının nümayəndəsidir. öz etnik tərkibi ilə türk olmayanlarımız da əslində bu işığın ətrafında öz milli kimliklərini qoruyub saxlaya biliblər.Türk mədəniyyəti mahiyyət etibarı ilə ahəngə köklənən mədəniyyətdir. Başqa dost etnik mənsubiyyətlərə qayğı göstərən bir mədəniyyətdir. Türklər, hətta fəth etdikləri ölkələrdə hər kəsə qayğı göstərmiş, onları qırmamışlar. Amma bunu bir çox qərb ölkələri barədə demək olmaz. Azərbaycanda da türk əsillilər başqa xalqlarla mehriban, ahəngdar şəkildə həyat sürürlər. Müqayisə üçün Ermənistanı götürün.özlərindən başqa heç kimi ətraflarında görmək istəmirlər. Biz eyni zamanda kökündə ahəng prinsipləri dayanan, hər kəsi ahəngə səsləyən islam dininin təmsilçiləriyik. Biz bu potensialın daha doğru-düzgün şəkildə üzə çıxmasında mühüm işlər görə bilərik. Unikal bir mədəniyyətə malik Azərbaycanın mədəniyyətinin bir çox tərəfləri, dəyərlərimiz qloballaşma dövründə bütün yer üzünün tərəqqisi üçün də faydalı ola bilər. Biz öz həqiqi potensialımızı üzə çıxarmaq və bunu bütün yer üzünə göstərmək istiqamətində geniş fəaliyyət göstərməliyik.
Söhbətləşdi: Namiq Hacıheydərli