XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

26 Fevral 2018 - 18:06

Nəqliyyatda Baş Polis İdarəsinin kollektivi Xocalını yad edib –FOTO

 

“Ötən 26 il ərzində Xocalı dərdini unutmayan, böyükdən-kiçiyə şəhid şəhərin adını qəlbində həmişə xatırlanacaq bir nisgil kimi daşıyan  xalqımız dünənlə müqayisədə bu gün  daha da mətinləşib, daha da müdrikləşib. Qətliam, əslində, biz azərbaycanLıların gözünü qorxutmaqla yanaşı, milli kimliyimizi, ruhumuzu, düşüncəmizi öldürməyə yönəldilmişdi və bunu bu gün Ermənistanın rəhbərliyini təmsil edən şəxslərin özləri də etiraf edirlər. Monoetnik Ermənistanı “dənizdən-dənizə” görmək istəyənlərin bir hədəfi var: Tarixi Azərbaycan torpaqlarını işğal etmək…”

Bu fikirləri Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski Xocalı soyqırımının ildönümünə həsr olunan tədbirdə dedi. Sonra soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Baş İdarənin rəis müavini, polis polkovniki  Rövşən Eyyubov Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğunu bildirdi. O, erməni millətçisi Zori Balayanın “Ruhumuzun canlanması” adlı kitabında Xocalı soyqırımına haqq qazandırdığını, orada Azərbaycan türklərinə qarşı soyqırımın həyata keçirildiyini etiraf etdiyini və Devid Xerdiyanın “Xaç uğrunda” kitabında erməni vəhşiliklərini yazdığını iştirakçıların diqqətinə çatdırdı və qeyd etdi ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylər daha da artırılmalı, dünya ictimaiyyəti bu faciəyə layiqli qiymət verməli, qətliamı törədənlər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar.

Baş İdarə rəisinin müavini, polis polkovniki Məhəmməd Məhəmmədov bildirdi ki, məlum hadisələr dövründə Ermənistandan, Xankəndindən erməni separatçıları tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də orada məskunlaşmışdılar. Bu şəxslər məhz milli və dini mənsubiyyətinə görə soyqırıma məruz qaldılar. Amma şəhidlər və şəhid şəhər tarixin qan yaddaşında əbədi yaşayacaq.

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu deyən baş idarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Məhəmməd İsmayılov yalnız xalqın təkidli tələbilə hakimiyyətə qayıdan ulu öndərin prinsipial mövqeyi sayəsində soyqırıma obyektiv hüquqi-siyasi qiymət verildiyini bildirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başçılığı ilə bu soyqırımın bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq aləmin Azərbaycan həqiqətləri barədə məlumatlandırılmasını xatırladan polis polkovniki dedi ki, getdikcə daha çox dövlət Xocalıda törədilən vəhşiliyi soyqrım kimi tanıyır.

Xocalı qırğınlarının şahidi, soyqırımı zamanı doğmalarını itirən polis mayoru Asif Usubov təəssüf hissi ilə etiraf etdi ki, Xocalını xocalılılardan və bir də Azərbaycan Polisindən başqa kimsə müdafiə etmirdi. Şəhid polis əməkdaşı Əbülfət Əliyevin oğlu, polis baş leytenantı Taryel Əliyev,  polis veteranı Arif Qarayev və digər çıxış edənlər unutqanlığın nə qədər böyük bəlalara yol açdığını gənclərə aşılamaqla, onların haqsızlığa, zülmə, əsarətə nifrət ruhunda böyüməsinin vacibliyini bildirdilər.

Hafiz Təmirov, mayor

DİN Mətbuat Xidmətinin əməkdaşı