XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2018 - 13:52

65 yaşlı qadın meşəbəyi:“Meşədə tənhalıqdan qorxmuram”

Şahdağ Milli Parkının mühafizə yegeri Sima Məmmədovanın 65 yaşı olmasına baxmayaraq, gecə-gündüz at belində meşələri gəzib dolaşır. Bu cəsur qadın təbiətimizin qorunması üçün əzmlə çalışır, onun keşiyində durur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu peşədə çalışan yeganə qadın olmasına baxmayaraq, Sima nənə 13 ildir işinin öhdəsindən layiqincə gəlir. Meşələri qorumaqda ona ən yaxın sirdaşı, eləcə də vəfalı dostu olan atı da kömək edir.

“Uşaqlığım bu meşələrdə keçib. Atam 30 il meşəbəyi olub. Meşədə tənhalıqdan qorxmuram. Nəzarət etdiyim 900 hektaradək ərazidə vəhşi heyvanlar da az deyil. Xüsusilə tez-tez ayı ilə qarşılaşıram. Qəzəbləndirməsən, bu yırtıcının səninlə heç bir işi yoxdur. Vəfalı dostum olan at da ayının varlığını uzaqdan duyur və hərəkəti ilə məni xəbərdar edir. Ona görə də qabaqcadan ehtiyatlı tərpənirəm”, – deyə Sima Məmmədova bildirib.

Şahdağ Milli Parkı yaradıldıqdan sonra burada ayı, canavar, qaban kimi vəhşi heyvanların, habelə cüyürün, dovşanın xeyli çoxaldığını deyən qadın meşəbəyi son illər bölgədə turistlərin, milli parka maraq göstərənlərin sayının artdığını qeyd edib. Bu baxımdan yanğın təhlükəsi, qanunsuz ov edənlərin də sayı çoxalıb. Sima Məmmədova da, öz növbəsində, meşələri nəzarətsiz qoymur, gününün çox hissəsi at belində dağlarda, meşələrdə keçir.

Gününü, zamanını dağlar qoynunda keçirən, 5 övladı, 6 nəvəsi, 3 nəticəsi olan Sima nənə ömrü yetdikcə bu işi davam etdirmək əzmindədir.