XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

05 May 2018 - 22:17

Ən ucuz sosial mənzil- 29 min 925 manat…

Gələn həftədən Yasamal yaşayış kompleksində sosial mənzillərin satışına başlanacaq. Bu haqda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatında bildirilir.

MİDA bildirir ki, birinci mərhələdə 4 binadakı 260 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzillər satışa çıxarılıb. Satış mayın 7-də saat 10:00-da başlayacaq və avqustun 7-dək davam edəcək.

MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

Satışa çıxarılmış 260 mənzilin tam təmirli olduğu, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunduğu bildirilir.

MİDA qeyd edir ki, bütün binalar Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub. Mənzillərə artıq mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar da verilib.

Qiymətlərə gəlincə, MİDA bildirir ki, ən ucuz mənzillər bir otaqlı mənzillərdir – qiymətlərin 29 min 925 manatdan başladığı bildirilir. 2 otaqlı mənzillərin qiyməti 47 min 282, 3 otaqlılarınsa 65 min 626 manatdan başlayır.

Vətəndaşlar mənzilləri İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına da əldə edə bilərlər. Həmin kreditlər 3-30 illiyə, 4 faizlə verilir. Güzəştli ipoteka krediti vasitəsilə alındıqda minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizini təşkil etməlidir.

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. “Yasamal” Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub. (Turan)