XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

17 May 2018 - 20:43

Sosial evlərin satışına ictimai nəzarət məsələsi gündəmə gəldi:"Şəffalıq üçün bunun təmin edilməsi vacibdir"

“Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin mayın 7-də sosial evlərin satışını ləğv etməsini bu işin səriştəsizlərə tapşırılmasının nəticəsi kimi qiymətləndirirəm”.

Bunu Strateq.az saytına açıqlamasında iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, mənzillərin seçilməsi zamanı əsas şəffaflıq və hesabatlıq təmin olunmalı, ictimai nəzarət mexanizmləri işlənilməlidir. “Yoxsa, ən mükəmməl seçim meyarları da sonda əhəmiyyətini itirə bilər”– deyə Q.İbadoğlu vurğulayıb.

Bəs bu prosesdə ictimai nəzarət necə təmin oluna bilər?

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev Strateq.az saytına bildirib ki, belə bir təşəbbüs olarsa, məmuniyyətlə iştirak etməyə hazırdırlar: “Mənzil İnşaatı üzrə Dövlət Agentliyi yeni yaradılmış qurumdur, həyata keçirdiyi işlər çox ciddi, əhəmiyyətli sosial proqramdır və onun fəaliyyəti cəmiyyətin diqqət mərkəzindədir. Ona görə bu məsələdə ictimai nəzarətin təmin olunması, vətəndaş cəmiyyəti institutları ilə bərabər medianın, ziyalıların da prosesə cəlb olunması çox yaxşı olardı”.

Əliməmməd Nuriyev daha sonra qeyd edib ki, Prezident İlham Əliyev inauqurasiya mərasimində,  eləcə də başqa çıxışlarında ictimai nəzarət məsələsini prioritet elan edib: “Hesab edirəm ki, bu, dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin  olunması istiqamətində mühüm bir addımdır. Təşkilat olaraq biz də bu prosesdə aktiv iştirak edirik. Sosial mənzillərin  satılması zamanı da ictimai nəzarətin təmin olunmasına töhfəmizi verə bilərik”.

Xatırladaq ki, Mənzil İnşaatı üzrə Dövlət Agentliyi (MİDA) bildirib ki, mayın 7-də keçirilmiş mənzil seçimi zamanı yaranmış texniki problemlər səbəbindən nəticələr ləğv edilib. “Agentliyin sərəncamında olan mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçimi yenidən təşkil olunacaq”.

Dövlət Agentliyi seçimin yenidən təşkil olunacağı tarix barədə əlavə məlumat verəcəyini də bildirib.

Qurumun məlumatına görə, mayın 7-də keçirilən mənzil seçimi mərhələsində “Elektron hökumət” portalı kütləvi daxil olmalara görə yüklənib. Bundan başqa, bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi səbəbindən sistemdə problemlər yaranıb.

“Güzəştli mənzil” sistemində yaranmış xətayla bağlı 963 nəfərə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib.

Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş problemlərə görə əməliyyatı başa çatdıra bilməyib. Qurum onu da bildirib ki, gələcəkdə bu kimi problemlərlə qarşılaşmamaq üçün zəruri tədbirlər həyata keçirir.

T. Rüstəmli

Strateq.az