XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

19 May 2018 - 19:06

“Aqrolizinq”in sədri:"Fermerlər tərəfindən şikayətlər minimum olmalıdır, vətəndaşların hüquqları pozulmamalıdır"

May ayının 19-u “Aqrolizinq” ASC-də taxıl biçininin vaxtında, itkisiz və mütəşəkkil təşkili ilə bağlı müşavirə keçirilib.

“Report” xəbər verir ki, müşavirəni giriş sözü il açan “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev biçin mövsümündə regional nümayəndəliklərin istifadəsində olan kombaynların hazırlığı barədə məlumat verib.

“Biçin mövsümündə kombaynların dislokasiyasını müəyyən erməli, çeviklik və operativliyi təmin etməliyik. Aqrolizinqin regional nümayəndəlikləri barədə fermerlər tərəfindən şikayətlər minimum olmalıdır. Vətəndaşların hüquqları pozulmamalı, bütün kombaynlar ehtiyat hissələri ilə təmin olunmalıdır. Hər bir kombaynın biçin potensialı təhlil edilməli və dəqiq olmalıdır. Fermerləri lazımi informasiya verərək maarifləndirmək gərəkdir. Bunlar bizim fəaliyyət prinsiplərimizdir. Bütün risklər aradan qaldırılmalıdır. Əsas məqsədimiz isə taxıl biçinini vaxtında və itkisiz həyata keçirməkdir”, – deyə o vurğulayıb.

Müşavirədə qeyd edilib ki, taxıl biçini mövsümünü daha mütəşəkkil keçirmək məqsədilə daxili qərargah yaradılıb. Qərargah taxıl biçini mövsümü ərzində mütəmadi olaraq biçinin vəziyyəti barədə monitorinq aparacaq, kombaynların dəqiq dislokasiyasını təmin edəcək və nasazlıqların aradan qaldırılmasını operativ qaydada həll edəcək. Eyni zamanda, fermerlərin taxıl biçini ilə əlaqədar aidiyyəti qurumlara və ASC-nin çağrı mərkəzinə daxil olan müraciətlərinin operativ araşdırılması, həll edilməsi və müvafiq tədbirlər görülməsi üçün qərargahda cəmiyyətin mütəxəssislərindən ibarət növbəli iş qrafiki tərtib olunub.

Müşavirədə bildirilib ki, bu il biçin mövsümündə müraciətlərin daha çox daxil olduğu iri taxılçılıq rayonlarında ilk dəfə olaraq operativ qrup yaradılıb. Qrupun yaradılmasında əsas məqsəd fermerlərin müraciətlərini vaxtında araşdırmaqla taxıl itkisinin qarşısını almaqdır.

Sonda müşavirədə “Aqrolizinq” ASC-nin hər bir regional nümayəndəliyinin biçinlə bağlı təklifləri dinlənilib, taxıl biçinin vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.