XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 İyun 2018 - 10:41

Avropa İttifaqının direktoru Lənkəran Dövlət Universitetində tələbələrlə görüşüb –  FOTO

Avropa Komissiyasında NEAR Baş Direktorluğunda Şərq Quruculuğu və İttifaqın Genişlənməsi Ətrafında Danışıqlar üzrə direktor cənab  Laurens Mereditin rəhbərlik etdiyi Avropa Komissiyasının missiyası Azərbaycana səfəri çərçivəsində   Lənkəran Dövlət Universitetində (LDU)  olub.

Bu barədə Strateq.az-a LDU-nun mətbuat xidmətindən məlumat verilib. Nümayəndəliyin rəhbəri, səfir Kestutis Yankauskas, nümayəndəliyin Azərbaycan üzrə bölmə rəhbəri , NEAR-ın  Baş Direktoru  Yari Haapala, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin  əməkdaşlıq bölməsinin rəhbəri  Yerun Villems  və  proqram rəhbəri xanım Eva Zukovskanın daxil olduqları nümayəndə heyətini Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.

LDU-da son illər ərzində təhsilin səviyyəsinin yüksəldilməsi, Avropa təhsilinə inteqrasiya, beynəlxalq  əlaqələrin genişləndirilməsi  istiqamətində görülən  işlərdən   söz açan Natiq İbrahimov   rəhbərlik etdiyi  ali təhsil  ocağının AI ilə əməkdaşlıqda maraqlı olduğunu  cənab Mereditin nəzərinə çatdırıb. LDU-nun cəmiyyətin və yeniliklərin üzünə açıq olduğunu deyən  universitet  rəsmisi   ehtiyac duyulan yeni ixtisaslar üzrə kadrların hazırlanmasında Avropa təhsil sisteminin yeniliklərindən bəhrələnmək istədiklərini,  bu istiqamətdə müəllim-doktorant -tələbə mübadiləsinin müsbət nəticə verəcəyini bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlıq bildirən cənab Laurens Meredit  ilk öncə Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illiyi münasibəti ilə universitet əməkdaşlarını təbrik edib. Paytaxt Bakı ilə yanaşı bölgələrdə, xüsusən də  milli azlıq və etnik qrupların yaşadığı cənub bölgəsində  iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrində birgə əməkdaşlığa  maraqlı olduğunu deyən ali qonaq LDU ilə Avropa ali təhsil ocaqları arasında dostluq  əlaqələrinin yaradılmasına yardım göstərəcəklərini  diqqətə çatdırıb. Çay süfrəsi arxasında keçən söhbətdə hər iki tərəf üçün maraqlı olan məsələlər, təhsilin inkişaf istiqamətləri  müzakirə edilib. Natiq İbrahimov cənab Mereditə universitet tələbəsinin əl işi olan rəsm əsərini hədiyyə edib. Ali qonağa  həmçinin Xocalı faciəsinin dəhşətlərindən bəhs  edən kitab təqdim olunub. Öz növbəsində ali qonaq da Aİ-nin  kitab və suvenir hədiyyəsini universitet rəsmisinə təqdim edib.

Sonra Lənkəran Dövlət Universitetinin geniş akt zalında tələbə və gənc  mütəxəssislərlə görüş keçirilib. Açıq diskussiya şəraitində  keçirilən görüş zamanı cənab Meredit gənclərə  təmsil etdiyi qurum, Ai-nin təhsil layihələri  barədə geniş məruzə edib və iştirakçıları maraqlandıran coxsaylı sualları cavablandırıb.

Görüşün sonunda xatirə şəkilləri çəkilib.