XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 12:44

AZAL Moskvadan Lənkərana birbaşa aviareys açıb –Uçuş hər həftənin cümə günləri yerinə yetiriləcək (FOTO)

Azərbaycan Hava Yolları” QSC Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ilk təyyarə iyunun 8-də Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportundan yola düşüb.

Moskva-Lənkəran-Moskva marşrutunun açılması münasibətlə “Vnukovo” aeroportunda təntənəli tədbir keçirilib. Reysin təntənəli açılış mərasimində “Vnukovo” Beynəlxalq Aeroportunun baş direktoru Vasili Aleksandrov, satış üzrə direktoru Maksim Şişko, AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənizadə, AZAL aviaşirkətinin Rusiya Federasiyasındakı baş nümayəndəsi Rahib İsayev iştirak ediblər.

Vasili Aleksandrov Vnukovo aeroportunun AZAL aviaşirkəti ilə əməkdaşlığa çox diqqətlə yanaşdığını söyləyib: “Vnukovadan Azərbaycan istiqamətində reyslər ildən ilə artır. Bu gün yeni istiqamətdə, Moskva-Lənkəran istiqamətində uçuşlara başlayırıq. Rusiyada böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycanda turizm sahəsi inkişaf edir. Bütün bu amillər Azərbaycan istiqamətində yeni reyslərin açılmasını labüd edir. Vnukovo aeroportunda sərnişin sıxlığı artmaqda davam edir. Bunda AZAL aviaşirkətinin də payı var”.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir elçisi Samir Şərifov çıxışında Azərbaycan-Rusiya münasibətlərinin inkişafından danışıb. Bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyən diplomat Moskvadan Azərbaycanın qədim şəhərlərindən biri olan Lənkərana reysin açılmasının əlamətdar hadisə olduğunu vurğulayıb.

AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənizadə isə çıxışında yaratdıqları şəraitə görə Vnukovo aeroportunun rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün Moskvadan Lənkəran istiqamətində uçuşlara başlayırıq. Artıq ilk reysdə biletlərin 98 faizi satılıb. Bu, böyük göstəricidir. Bu gün Azərbaycanda altı beynəlxalq aeroport fəaliyyət göstərir. Ümid edirik ki, gələn il Vnukovodan Azərbaycanın bütün aeroportlarına uçuşlar həyata keçiriləcək. Əminəm ki, Vnukova aeroportu ilə əməkdaşlığımız bundan sonra da davam edəcək”

Makxim Şişko bildirib ki, Vnukovo hava limanı AZAL şirkəti ilə üç ildir ki əməkdaşlıq edir: “İlk olaraq Vnukovodan Bakıya bir reys açıldı. Daha sonra reyslərin sayı artırıldı. Vnukovodan Gəncə və Qəbələyə bir başa reyslər açıldı. AZAL aviaşirkəti Vnukovo aeroportundan gündə 5 reys həyata keçirir. Ümid edirik ki, bu reyslərin sayı artırılacaq. AZAL aviaşirkəti çox münasib qiymətlər təklif edir. Biz də öz tərəfimizdən sərnişinlərə yüksək səviyyədə xidmət göstərməyə çalışacağıq”.

Moskva-Lənkəran reysi ilə uçan təyyarədə ilk qeydiyyatdan keçən sərnişin Şölə İsmayılovaya “Vnukovo” hava limanı və AZAL şirkəti tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Moskva-Lənkəran-Moskva reysi “Airbus A320” təyyarələri ilə hər həftənin cümə günləri yerinə yetiriləcək. “Vnukovo” Beynəlxalq Aeroportundan uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da həyata keçiriləcək. Lənkərandan isə yerli vaxtla saat 15:40-da qalxacaq təyyarə Moskvaya yerli vaxtla saat 17:50-də eniş edəcək. Aviabiletləri AZAL-ın saytında bronlaşdırmaq və şirkətin kassalarında, eləcə də rəsmi agentliklərində əldə etmək mümkündür.

Yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də – Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetirilir. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.