XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 09:12

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Neftçala şəhərində təlim keçirib

eimemed esas.jpg

17 aprel 2015-ci il tarixdə Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Neftçala şəhərində “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) haqqında ictimai məlumatlılığın artırılmasına” həsr olunmuş tədbir keçirib.

Vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, KİV, bələdiyyə, yerli icmalar və hasilat sənayesi şirkətlərinin 70-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirin məqsədi MHŞT və bu təşəbbüsün Azərbaycanda tətbiqi haqqında məlumatlılığı artırmaq olub. Qeyd etmək lazımdır ki, rayon ərazisində neft hasil edilir.

Tədbir MHŞT üzrə Katiblik və Dünya Bankının dəstəyi ilə MSŞA Koalisiyası tərəfindən təşkil edilmişdir. Tədbirin təşkili MHŞT üzrə çox tərəfli qrupun fəaliyyət planında nəzərdə tutulub.

MSŞA Koalisiyasının əlaqələndiricisi Əliməmməd Nuriyev tədbirdə iştirakçılara bildirib ki, “MHŞT prosesi vətəndaşlar üçün hasilat sənayesindən əldə olunan gəlirlər haqda məlumatları açıqlayır”.

MSŞA Koalisiyasının Şura üzvü Mehriban Vəzir “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü prosesində QHT Koalisiyasının tərəfdaşlıq rolu” mövzusunda təqdimat edərkən vurğulayıb ki, “Bütün Neftçala sakinlərini neft gəlirləri ilə bağlı daha məlumatlı olmağa və MHŞT prosesinin imkanlarından istifadə etməyə çağırırıq”.

MSŞA Koalisiyasının digər Şura üzvü Taleh Əliyev “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü nədir və onun haqqında nələri bilməliyik” mövzusunda təqdimat edərkən qeyd edib ki, “MHŞT prinsipləri iki əsas şərt üzərində müəyyənləşdirilmişdir: şirkətlər üçün – “ödədiyini açıqla”, hökumətlər üçün – “aldığını açıqla”.

Aprel ayında Gədəbəy rayonunda növbəti tədbirin keçirilməsi gözlənilir.

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığın və yaxşı idarəetmənin artırılması naminə çalışan hökümətlər, şirkətlər və vətəndaş cəmiyyətinin koalisiyasıdır. Neft, qaz və mədən sənayesindən şirkətlərin ödənişi və dövlətin gəlirlərinin tam nəşr olunması və dəyərləndirilməsi ilə MHŞT resurslarla zəngin ölkələrdə yaxşı idarəetməyə töhfə verir.

Azərbaycanın MHŞT üzrə vətəndəş cəmiyyəti koalisiyası – Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) 2014-cu ilin may ayında 10 illik ildönümünü qeyd edib. Hazırda koalisiyanın 110-dan çox QHT üzvü vardır. Koalisiya ictimai məlumatlandırma sahəsində əsas tərəflərdən biridir.