XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2018 - 21:43

Bakı Nəqliyyat Agentliyi:“Xətlər üzrə daşıyıcılar xüsusi rejimdə çalışırlar”  

 

 

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşımada yaranmış sıxlıqla bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Agentliyin məlumatında elektrik enerjisində yenidən yaranan fasilə zamanı sərnişindaşımada baş verən mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirildiyi qeyd olunub.

Bildirilib ki, görülən təcili təxirəsalınmaz tədbirlər nəticəsində “Qara Qarayev” prospekti boyunca, xüsusən bu istiqamətdə olan metro stansiyaların ətrafındakı sərnişin sıxlığı nisbətən səngiyib və vəziyyət normallaşmaqdadır. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə gedən avtobuslar normal fəaliyyət göstərir. 1 və 13 nömrəli marşrut xətti üzrə avtobusların intervalında müəyyən gecikmələr var ki, bu da yollardakı sıxlıqla bağlıdır. Bununla yanaşı, Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində bir qədər sıxlıq var. Analoji vəziyyət şəhərin bir sıra mərkəzi küçələrində də müşahidə edilir. Bunun da avtobusların hərəkətinə mənfi təsirini azaltmaq üçün zəruri tədbirlər görülür, ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir. Metronun “20 Yanvar” və “Nizami” stansiyaları ətrafında da müəyyən narahatlıq müşahidə edilib. Artıq bu ərazilərdə də vəziyyətə tam nəzarət edilir. Buradan keçən xətlər üzrə daşıyıcılar və BNA əməkdaşları xüsusi rejimdə çalışırlar.

“Bir daha müraciət edirik ki, belə olan halda vətəndaşlar maksimum dərəcədə ictimai nəqliyyatdan istifadə etsinlər. Çünki hazırda hərəkətin təşkilində müəyyən çətinliklər var. Bunların da aradan qaldırılması üçün zəruri işlər görülür”, – deyə məlumatda qeyd olunub.

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edib ki, bəzi küçə və prospektlərdə işıqforların işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcədə ehtiyatlı və diqqətli olsunlar.