XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2018 - 14:58

Bir milyarddan çox adam sərinləməyə yer tapmır –Dünyada temperatur yüksəlməkdədir

 

Dünyada bir milyarddan çox adamın həyatı təhlükədədir. Onların sərinləməyə kondisionerləri, ərzağı, dava-dərmanı saxlamağa soyuducusu yoxdur. Bu arada qlobal istiləşmə nəticəsində dünyada temperatur yüksəlməkdədir.

“Reuters” agentliyinin yazmasına görə, bu haqda Hamı üçün Davamlı Enerji qeyri-kommersiya təşkilatı bazar ertəsi – iyulun 16-da hesabat açıqlayıb. Hesabatda vurğulanır ki, soyuducular, sərinkeşlər, digər cihazlar iqlim dəyişikliyinə öz töhfəsini verməkdədir. Bunu önləməkdən ötrü enerji mənbələri daha təmiz yanacaq mənbələrinə keçməlidirlər.

Söhbət Asiya, Afrika və Latın Amerikasında yaşayan 1,1 milyard adamdan gedir. Onların 470 milyonu kənd yerlərində, 630 milyonu şəhərlərdəki yoxsul məhəllələrdə yaşayır. Qurum dünyanın 7,6 milyardlıq əhalisinin bu qisminin həyatına risk olduğunu vurğulayır.

“İqlim dəyişikliyi baş verdikcə, sərinləmə də çox vacib amilə çevrilir”, – təşkilatın rəhbəri, BMT baş katibinin xüsusi təmsilçisi Reyçel Kit “Reuters”ə deyib.

52 ölkə üzrə keçirilmiş sorğu üzə çıxarıb ki, ən çox risklə üzləşənlər Hindistan, Çin, Mozambik, Sudan, Nigeriya, Braziliya, Pakistan, İndoneziya və Banqladeşdədir.

“Ən səmərəli yolla sərinləməni təmin etməliyik”, – deyən Kit şirkətlərin böyük bazarlar tapa biləcəyini vurğulayıb. Məsələn, tropik ölkələrdə artan orta sinifə satmaq üçün ucuz, güclü kondisionerlər hazırlana bilər. Daha sadə həll yolları da var – gün işığını əks etdirməkdən ötrü evlərin damı ağ rənglənir, evlər elə dizayn olunur ki, istilik çıxa bilsin. BMT-nin səhiyyə agentliyinin məlumatına görə, iqlim dəyişikliyinin yaratdığı isti dalğasından 2030-2050-ci illərdə hər il dünyada əlavə olaraq 38 min nəfər dünyasını dəyişəcək. Bu ilin mayında Pakistanın Karaçi şəhərində istidən 60-dan çox ölən olmuşdu.

Tropik ölkələrin ucqarlarında çox adamın elektriki yoxdur, klinikalar vaksinləri, dərmanları soyuq yerdə saxlaya bilmirlər. Şəhərlərin yoxsul məhəllələrində isə elektrik təchizatında böyük fasilələr yaranır.

Xeyli sayda fermerin, balıqçının məhsulları bazara çatdırmazdan öncə saxlamağa yer tapmadığı bildirilir. Təzə balıq 30 dərəcə selsidə bir neçə saata xarab olur, dondurulanda isə günlərlə qalır.

Ötən həftə Britaniyadakı Birminqem Universitetinin araşdırmasında 2050-ci ilədək dünyada sərinlətmə cihazlarının sayının dörd dəfə artaraq 14 milyarda çatacağı, qlobal enerji istehlakında kəskin artım yaranacağı proqnozlaşdırılıb. (Azadlıq Radiosu)