XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 19:51

Birini istədi, 4-nü qazandı –QIZLARINA DOST OLAN ATANIN MESAJI

Bilmirəm, təsadüfdür, ya qısmət (amma həyatda təsadüfü heç nə olmur) sonuncu yazılarımın qəhrəmanı həmkarlarımdır. Yəqin, bu, həm də onların fikirlərinin cəmiyyətdə daha yaxşı qəbul olunması ilə bağlıdır.

Qız uşaqlarının çox az sevildiyi, hər addımda sıxışdırıldığı, təhsildən uzaqlaşdırıldığı, erkən nikahlara və boşanmalara cəlb olunduğu,  şəxsiyyətinin alçaldıldığı bir cəmiyyətdə İsmayıl evində 2 qız övladı böyüdür. Həm də böyük sevgi, məhəbbətlə, onların gələcəyinə böyük ümidlərlə…

 

Bir qızım var …

 

Həmsöhbətim tanınmış jurnalist İsmayıl Nəsibov çoxlarından fərqli olaraq deyir ki, övladının qız və ya oğlan olmasının heç bir fərqi yoxdur. Onun üçün insan faktoru daha önəmlidir.

“Doğrudur, biz ailədə 3 qardaş olmuşuq, bacımız olmayıb. Ailədə qız övladının olmamağına uşaq vaxtı avantaj kimi baxmışam. Düşünmüşəm ki, nə yaxşı, bacım olmayıb. Ancaq yaşa dolduqca, evləndikdən sonra, xüsusilə, ilk qızım İnci dünyaya gəldikdən sonra fikirləşmişəm ki, kaş, mənim də bacım olardı. Mən ilk eşidəndə ki qızım olacaq, çox sevindim.  Övlad sahibi olmaq hərkəsə nəsib olmur. Heç düşünmədim ki, niyə ilk övladım qızdı, kaş, oğlan olaydı. Bu cür fikirlərdən hər zaman kənarda olmuşam. İkinci övladımın da qız olacağını öyrənəndə zərrə qədər də narahat olmadım. Bəzən insanlar deyir ki, bir qızım var, ikincisi olmasın. Ancaq bu, çox yanlış düşüncədir. Allahın verdiyi nemətə ancaq şükür etmək lazımdır”.

Yeri gəlmişkən, İsmayılın bacısı olmadığı üçün anası daim qız övladı arzulayıb. Və artıq nəvələrinin timsalnda bu istəyinə çatıb. Digər oğlunun da evində bir cüt mələk simalı qız böyüyür. Həm də ailəyə fərəh yaşadaraq yaşayırlar.

 

“Qızlarımın xaricdə təhsil almasını istəyirəm”

 

İsmayıl Nəsibov qız atası olmasınn avantajını yaşayır desək, yanılmarıq. Onunla söhbət zamanı hər kəlməsindən, jestlərindən bunu aydın oxumaq olurdu.

“Şükür Allaha ki, artıq qızlarım böyüyüb. İnci 6 yaşının içindədi. Bu il məktəbədəqər hazırlığa gedəcək. İkinci qızım isə yaş yarımlıqdır. Mənim üçün onların qız və ya oğlan olmasının heç bir fərqi yoxdur. Oğlan da olsaydılar, onlara eyni sevgini verərdim. Qız olduğuna görə daha da sevinirəm. Bir məqamı qeyd edim. Onların mənə qarşı olan sevgisi o qədər böyükdür ki, inanmıram ki, oğlan ataları elə sevgini görə bilsin. Çünki oğlanlar analarını daha çox sevir. Ancaq qızlarım məni hər kəsdən çox sevirlər. Bu da, əlbəttə, məni daha da sevindirir. Mən istəyirəm ki, 2 qızımın xoşbəxtliyini görüm. Ən əsası, çalışıram ki, bacardığım qədər onlara yaxşı təhsil verim. İstəyərəm, qızlarım  gələcəkdə təhsillərini xaricdə davam etdirsinlər. Cəmiyyət üçün faydalı, savadlı vətəndaş olsunlar.  Ən əsası odur ki, onlar həyatda istədiklərinə nail olsunlar.  Deməsinlər ki, atamız, anamız bizə oxumağa, xaricdə təhsil almağa və ya hansısa bir işlə məşğul olmağa  icazə vermədi. Onların bütöv şəxsiyyət kimi yetişmələrinə çalışıram. İnsan üçün bu çox önəmlidir, xüsusilə qadın üçün”.

 

Stereotiplərə ağır zərbə

 

Bəli, bu gün İsmayıl kimi düşünənlərin sayı artır. Artıq valideynlər övladlar arasında fərq qoymamağa, selektiv abortlardan çəkinməyə üstünlük verməyə başlayıblar. Ancaq cəmiyyətdəki stereotiplərin köklərinin hələ də qalması hətta yeni fikirli insanlara da mane olur. Həmkarımın bu yanaşması isə bizi daha da sevindirdi. Bu, doğurdan da stereotiplərin dağıdılmasından xəbər verir:

“Balaca qızım hələ tam danışmır, ona görə onunla çox ünsiyyətdə ola bilmirik. Hələlik böyük qızımla daha yaxşı ünsiyyət qura bilirəm. Çalışıram ki, İnci nə sözü, istəyi olsa mənimlə bölüşsün. Nəsə problemi varsa, gəlsin desin. Tək indi deyil, hər zaman bu  ənənənin davam etməsini istəyirəm. Qızımı da bu istiqamətdə yönləndirirəm. Təklikdə söhbətlərimiz olur, parkda gəzirik. İstəyirəm ki, məni özünə daha yaxın bilsin. İstəmirəm ki, övladlarım bir çox ailələrdə olduğu kimi, ataya qorxulu bir varlıq, oğlanlara vazkeçilməz qüvvə, dominant insan kimi baxsınlar. Qızlarımla hörmətlə ünsiyyət qururam. Çalışıram ki, hər fikirlərini mənimlə bölüşsünlər. Mən onlara ata, yox dost olmaq istəyirəm”.

Bax bu güvən, dayaq qızlar üçün çox vacibdir. Psixoloqlar, ailə problemləri ilə məşğul olan mütəxəssislər daim valideynlərə övladları ilə daha çox dost olmağı, sirdaş kimi davranmağı tövsiyə edirlər. Etiraf edək ki, indi gənclərin, xüsusilə qızların üzləşdiyi problemlərin bir çoxu evdə, ailədə ünsiyytin düzgün qurulmamasından, uşaqların fikirlərinin dinlənilməməsindən qaynaqlanır. Təhsil almaq, öz karyerasını qurmaq, həyatda  sözünü demək, öz ayaqları üstə dayanaraq güvəndə olmaq istəyən qızları məhz öz valideynləri bilərəkdən və ya bilməyərəkdən uçuruma sürükləyirlər. Onun bütün istəklərinin, həvəsinin üstündən xətt çəkib öz görmək istədikləri kimi formalaşdırmağa çalışırlar. Bu isə bir çox hallarda uğursuz erkən nikahlara, 2-3 uşaqla kiminsə qapısında sadəcə qulluqçu həyatı yaşayan insan talelərinin ortaya çıxmasına, hətta intiharlara gətirib çıxarır. Bütün bu dəhşətləri yaşamamaq və öz ovladına yaşatmamağın ilk yolu isə övladınızla, xüsusilə qızlarınızla İ.Nəsibov kimi dost olmaqdan keçir.

 

Qız atalarına mesaj

 

“Əlbəttə, cəmiyyət birtərəfli inkişaf etməməlidir. İnsanlar oğlan övladlarını sevdikləri qədər qızlarını da sevməli, arzulamalıdırlar. Niyə fərq qoyulmalıdır? Axı bu sənin balandır. Biz qədim dövrdə yaşamırıq ki. Dünyaya gələn qızın nə günahı var ki, nu daim basqı altında saxlayırlar? Onu da sevməlisən, çünki sənin balandı. Mən belə insanları ağılsız, gerizəkalı insan hesab edirəm. Çünki onların düşüncəsi mənə çatmır. Burdan qız atalarına demək istəyirəm ki, onları sevin, qızlar bizim gələcəyimizdir, onları qoruyaq, dəstək olaq, ən əsası qızlarımıza təhsil verək. Hərdən eşidirik ki, Azərbaycanda bəzi rayonlarda qızların təhsil almasına  imkan vermirlər. Onlar ən çoxu 9-cu sinfə qədər oxuyurlar. Əvvəllər hətta 4-cü sinifdən qızları məktəbdən çıxarırmışlar. Bir neçə ildən sonra ərə verirmişlər.   Səbəb nədir? Ona da sevgi verməlisən, qayğı göstərməlisən, təhsil verməlisən. Gələcəyinə təkan verməlisən. Qız atalarına demək istəyirəm ki, qızlarınızı qoruyun, onlara dəstək olun. Hər zaman qızınızın arxasında olun!”

Bəli, qızları sadəcə sevmək və onların dünyaya gəlişinə ancaq sevinmək lazımdı. Onlar həm də gələcəyin anası ola bilərlər. Yeri gəlmişkən, bu gün aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda doğulan uşaqlar arasında qızların oğlanlara nisbətindəki fərq azalmağa doğru gedir. Belə ki, əgər 1998-ci ildə hər doğulan 100 qız uşağına 118 oğlan düşüb. 2010-cu ildə bu nisbət 100-ün 117-ə, 2015-cı ildə isə 100-ün 114-ə olub. Ölkəmiz bu göstəricilərlə dünyada Çindən sonra 2-ci yerdə qərarlaşıb.

BMT əhali Fondunun proqnozlarına əsasən, əgər doğulan uşaqların cins nisbəti davamlı olaraq 100-116 və ya daha artıq olarsa, 2050-ci ilə qədər hər il 12-15 min daha çox oğlan uşağı dünyaya gələ bilər.  Göstəricilərin hələ də qənaətbəxş olmamasına baxmayaraq, müsbət istiqamətə dəyişməsi bu proqnozun da azalacağına ümidləri artırır.

Fərqanə Allahverdiqızı

Bu yazı Avropa Birliyinin maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən keçirilən müsabiqəyə təqdim olunur