XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Avqust 2018 - 19:54

Kooperatorların köməyə ehtiyacı var –Sorğunun nəticələri nə göstərir?

 

 

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyi AR Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirdiyi “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsi üzrə Sabirabad, Zaqatala, Qax və Kürdəmir rayonlarında fermerlər, kənd təsərrüfatı mütəxəssisləri və torpaq payçıları arasında aparılmış anket sorğusunun yekun analizi üzrə təkliflərni açıqlayıb.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, istehsal kooperativləri digər sahələrə  nisbətən daha az xərclərlə ölkədə məşğulluğu təmin etməklə, əhalinin əsasən  az təminatlı təbəqələrinin, xüsusən də, qadınlar, əlillər, eləcə də gənclər  üçün əlavə iş yerlərinin açılması, bazarın konyunkturasının öyrənilməsi əsasında yerli məhsulların və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi  missiyanı yerinə yetirmiş olurlar.

Bu ölkələrin kənd təsərrüfatı məhsullarının istehsalında özünü doğrultmuş əsas formalarında fermerlərin və aqrar sektorda fəaliyyət göstərən digər sahibkarların bir araya gələrək formalaşdırdıqları  kənd  təsərrüfatı  üzrə  istehsal  kooperativlərdir.

Fermerlərin sərəncamında  kifayət qədər  torpaq sahəsi  olmadıqda, onların müasir kənd təsərrüfatı texnologiyalarını tətbiq etmək, səmərəli meliorasiya sistemi qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdud olur. Nəticədə fermerlərin  həm daxili bazar, həm də ixrac yönümlü məhsulların  istehsalını təşkil etmək potensialı aşağı olur. Kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və hüquqi şəxslər istehsal, emal, satış, eləcə də, qanunla qadağan edilməyən başqa fəaliyyətlə məşğul olmaq üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və digər resursları) könüllülük prinsipləri əsasında qurulan müəssisə çərçivəsində birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər.

Azərbaycan Respublikasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun qəbul  edilməsi  kənd  təsərrüfat istehsal kooperativlərinin     inkişafı üçün  mühüm stimul yaratmışdır. Lakin Respublikamızda əhalinin  böyük əksəriyyətinin  kooperativlərin yaradılması, ümumiyyətlə kooperativləşmənin mahiyyəti və əhəmiyyəti, təşkili və idarə edilməsi qaydaları barədə bilgiləri  kifayət qədər deyildir. Fermerlər  kooperativ yaratmaq istəsələr də bunu bacarmırlar.

Bu hal xüsusi ilə mərkəzdən ucqarda yerləşən rayonların fermerlərinə aiddir. Bu fermerlər fərdi imkanlarını və torpaq paylarını qanuna uyğun, səmərəli iqtisadi şərtlərlə birləşdirməklə məhsul istehsalını artıra, məhsulun maya dəyərini aşağı sala, daha çox mənfəət əldə edə və yeni iş yerləri aça bilərlər. Bu isə öz növbəsində həmin ərazilərdə olan torpaqlardan səmərəli istifadə etməyə imkan verər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin Sabirabad, Zaqatala, Qax və Kürdəmirrayonlarında “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsi çərçivəsində fermerlər və kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə tədbirlər keçirilmisdir.

Tədbirlər zamanı ölkəmizdə qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafına kömək məqsədi ilə dövlətimizin həyata keçirdiyi siyasi kurs haqqında kənd əhalisinə məlumat verilmiş, kənd yerlərində olan kiçik kəndli-fermer təsərrüfatlarının və kəndlilərə paylanmış pay torpaqlarının səmərəliliyin və məhsuldarlığını artırılması üçün kənd təsərrüfatı kooperasiyalarında birləşməsi mexanizmi izah edilmiş, beynəlxalq təcrübədən praktik misallargöstərilmişdi. “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanunun məzmunu, tətbiqi mexanizmi izah edilmiş, “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti haqqında geniş müzakirələr aparılmışdır.

Fəal diskussiya şəraitində keçən tədbirlərdə fermerlər və kənd təsərrüfatı mütəxəssisləri ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənddə yeni iş yerlərinin yaradılmasında, kəndlilərin həyat şəraitinin yaxşılaşdırılmasında, bazarların ucuz və keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasında kəndli-fermer təsərrüfatlarının rolundan, qarşılaşdıqları problemlərdən, həyata keçirilən tədbirlərdən danışmış, dövlət orqanları ilə, xüsusən də Kənd Təsərrüfatı Nazirliyi ilə kəndli təsərrüfatlarının əlaqə və əməkdaşlığında qəbul olunan sənədlərin mühüm rol oynayacağını  qeyd etmişlər.

Əsas diqqət ona yönəldilmişdir ki, fermerlərin təsərrüfatlarında kifayət qədər torpaq sahəsi olsa da, onlar və ailə üzvləri ilə birlikdə bu torpaqda çalışsalar da, təsərrüfatların kiçikliyi, digər fermerlərlə əməkdaşlığın olmamağı, yetişdirilən məhsulun maya dəyərinin yüksək olmasına, qarşılaşdıqları toxum, gübrə,texnika,dərman, su, satış, emal və başqa problemlərin həllində çətinliklər yaranmasına səbəb olur. Bir çox bürokratik maneələri aşmaq üçün də birgə fəaliyyətə, əməkdaşlığa ehtiyac vardır.

Qeyd olunmuşdur ki, kənd təsərrüfatına və kooperasiya hərəkatına ciddi dövlət dəstəyi və nəzarəti vacibdir. Uzun müddətli, aşağı faizli kənd təsərrüfatı kreditləri olmadan güclü və davamlı təsərrüfat qurmaq mümkün deyil. Qiymət siyasəti bazar iqtisadiyyatı siyasəti ilə uyğun gəlmir, maya dəyərində şişirtmələr var. Qiymətləri sabit saxlamaq olmur, çox vaxt qazanc xərci ödəmir. Təhvil verilən məhsulun pulunu vaxtında almaq olmur, satış bazarlarına çıxış çətindir, emal sənayesi formalaşdırılmalı, torpağın məhsuldarlığı artırılmalı, kəndli vaxtında texnika ilə təmin edilməlidir.

Bir çox sahələrdə inhisarçılıq halları mövcuddur. Onlarla fermer şirkətlərlə məhkəmə çəkişməsindədir. Tədarük məntəqələrinə, suvarma sistemlərinə, satış bazarlarına dövlət nəzarəti gücləndirilməlidir. Kəndlinin əlini torpaqdan soyutmaq olmaz. Kəndli əkdiyi torpaqla dolana bilmir. Buna görədə bir çoxları torpağını ucuz qiymətə satır, bəziləri icarəyə verir, kənddən köçüb gedirlər.

Bütün bu problemlərin həlli üçün kəndli-fermer təsərrüfatlarının kooperasiya şəklində birləşməsi, idarəçiliyin təkminləşdirilməsi, mütəxəssislərin prosesə cəlb edilməsi üçün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən strategiya çox əhəmiyyətli və aktual sənəddir.

Eləcə də, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunun qəbul edilməsi faydalıdır. Ancaq qanunun tətbiqi ilə bağlı mütəxəssis köməyinə ehtiyac var. Fermerlər arasında təbliğat və izahat işləri genişləndirilməli, bu cür görüşlər mütəmadi olaraq hər rayonda, hər kənddə keçirilməli,  mətbuatda və televiziyalarda bu haqdageniş məlumatlar verilməli, qabaqcıl təcrübə göstərməlidir ki, hamı kənd təsərrüfatı kooperasiyalarının əhəmiyyətini bilsin, ondan necə faydalanmaq yollarını öyrənsin, kooperativ yaratmaq işinə şüurlu şəkildə getsin.

Tədbirlərin sonunda iştirakçılar arasında sorğu keçirilmişdi. Sorğuya cavab verən 100 nəfərdən 14-ü qadın,86-sı kişi olmuşdur. 6nəfər 18-30 yaş arasında, 28 nəfər 30-40 yaş arasında, 32 nəfər 40-50 yaş arasında, 24 nəfər 50-60 yaş arasında,10 nəfər 60 yaşdan yuxarı olmuşdur.

Respondentlərdən 48 nəfəri fermer, 11 nəfəri fərdi sahibkar. 8 nəfəri kənddə yaşayan ziyalı, 21 nəfəri kənd təsərrüfat mütəxəssisi. 12 nəfəri kənddə yaşayan məmur və bələdiyyə üzvü olmuşdur.

Sorğuda iştirak edənlərin əksəriyyətinin pay torpağı var. 36 nəfərin torpaq sahəsi 10 hektara qədər, 18 nəfərin torpaq sahəsi 10 hektardan çoxdur. Onların hamısı öz torpaqlarını əkib becərirlər. 41 nəfər torpaqdan əldə etdiyi gəlirlə yaşaya bildiyini, 59 nəfər bu gəlirlə yaşaya bilmədiyini qeyd edib. 6 nəfər təsərrüfatını tək, 3 nəfər digər fermerlə birlikdə, 62 nəfər ailə üzvləri ilə birlikdə, 29 nəfər əlavə işçi cəlb etməklə idarə etdiyini bildirib.

66 nəfər kooperasiya haqqında qanunla tanış olmadığını, 34 nəfər tanış olduğunu qeyd edib. 34 nəfərdən 10 nəfər üçün qanun müddəaları aydın deyil. Əksəriyyət qanunla daha ətraflı tanış olmaq istəyir. 4 nəfərə digər fermerlərlə işləmək təklif olunub, qalanlarına belə təklif olmayıb. Əksəriyyət belə təklif olarsa qəbul edəcəyini qeyd edib, birgə işləməyin faydalı olduğunu, gəlirin artacağını, aqrotexniki qaydalara əməl olunacağını, kompleks xidmət olunacağını, kredit götürməyin asanlaşdırılmasını yazıb.

16 nəfər kənd təsərrüfatı kooperativi yaratmaq istəmədiyini, 84 nəfər bunu istədiyini bildirib. İstəyənlər ümid edirlər ki, belə olarsa güclü dövlət dəstəyi ala bilərlər(8 nəfər).

İstehsalın həcmi artar – 22 nəfər

Yeni iş yeri yaranar – 12 nəfər

Satış asanlaşar –  10 nəfər

Gəlir çoxalar – 42 nəfər

Problemləri birgə həll edərlər – 6 nəfər

73 nəfər qaydanı bilmədiyi üçün kooperativ yaratmadığını, 16 nəfər kooperativin faydasını görmədiyini, 11 nəfər partnyorlara etibar etmədiyini bildirir.

İştirakçılar kooperativdə işləmək üçün etibarlı tərəfdaş tapmağa çətinlik çəkdiyini – 48

Etibarlı dövlət qarantiyasına ehtiyacı olduğunu – 30

Mühasib-maliyyə işinin düzgün qurulmasına kömək lazım olduğunu – 18

Hüquqşünas xidmətinə ehtiyacı olduğunu – 14

Kənd təsərrüfat Nazirliyinin dəstəyinə ehtiyacı olduğunu – 28

Kredit maliyyə problemlərin həllinə yardım edilməsinə ehtiyacı olduğunu -32

Yerli icra hakimiyyətinin dəstəyinə ehtiyacı olduğunu – 12

Kooperativin üstünlüyünün nümunədə görməyin zəruriliyini – 8

Hərtərəfli təlim və informasiyaya dəstəyinə ehtiyacı olduğunu – 14 nəfər qeyd etmişlər.

Fermerlərə kim kömək edir sualına cavab belə olmuşdur:

İqtisadi İnkişaf Nazirliyi – 16

Sahibkarlara Yardım Fondu – 20

Kənd Təsərrüfat Nazirliyi – 24

İcra hakimiyyəti – 8

Ailə üzvləri – 24

Heç kim – 8

Fermerlərin kooperativ yaratmaq və istehsalı artırmaqla bağlı hansı köməyə ehtiyacı vardır sualına cavablar belə olmuşdur:

Toxumçuluq -34

Satışın təşkilinə – 24

Sığortaya – 8

Kənd təsərrüfatı mütəxəssisinə – 42

Maliyyə-mühasib – 28

Su təminatına – 31

Hüquqşünasa – 24

Internetə – 3

Xarici təcrübəni öyrənməyə – 12

Təlimlərə – 34

Kreditə – 30

Dövlət nəzarətinə – 19

Emal müəssisinə – 8

Texnikaya – 32

Sorğunun analizi göstərir ki, kənd təsərrüfatı kooperativlərinin formalaşması, dövlət strategiyasının icrası üçün ardıcıl tədbirlər həyata keçirilməli, fermerlərin ehtiyacları öyrənilməli, problemlərinin həlli üçün kompleks məlumatlandırma, yardım və xidmət mexanizmləri yaradılmalıdır.

Bu sahədə onlar Kənd Təsərrüfatı Nazirliyindən daha çox dəstək gözləyirlər. Xüsusi ilə Kənd Təsərrüfatı Nazirliyinin Sabirabad rayonunda pilot layihə olaraq kooperativ yaratmaq təcrübəsinə böyük ümidlə baxırlar.

Sevda Məmmədova

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin eksperti