Dünən Ağstafa rayonunda 30-a yaxın dəmiryolçunun keçirdiyi etiraz aksiyası haqda Strateq.az-ın yaydığı xəbərə reaksiya verilib.
Xatırladaq ki, xəbərdə aksiya iştirakçılarının YAP-ın Ağstafa rayon təşkilatının qərargahı önünə toplaşaraq, oradan İcra Hakimiyyətinin binası istiqamətinə yürüşə başladıqları bildirilmişdi:
“Ancaq rayon polisi müdaxilə edərək, yürüşün qarşısını alıb. Hadisə yerinə İcra Hakimiyyəti nümayəndələri gələrək, aksiyaçıların tələbləri ilə maraqlanıblar. Məlum olub ki, bir neçə gün əvvəl əsasən Ağstafa – Böyük-Kəsik stansiyalarında çalışan dəmiryolçulardan bir neçəsini işdən çıxarıblar, həmçinin maşinistlərin yerləri Gəncəyə dəyişdirilib. Dəmiryolçular da bu qərarla razılaşmadıqlarından etiraz aksiyası keçirməyə qərar veriblər…».
Bu gün Strateq.az-a telefon açan etirazçılar artıq problemlərinin həll olunduğunu deyiblər: «Artıq problemlərimiz həll olundu. “Azərbaycan Dəmir Yolları” QSC-dən də gəlib, vəziyyəti araşdırdılar və tələblərimiz haqlı olduğundan təmin edildi. Buna görə saytınıza da təşəkkür edirik».
Strateq.az