XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 20:30

Azərbaycanda buzlaqların əriməsi sürətlənib –Hidroloqlar su qıtlığından narahatdırlar  

Bu ilin avqust ayında buzlaqlar üzərində aparılan tədqiqatlar nəticəsində müşahidə olunub ki, buzlaqların sahəsi 2.4 kv.km təşkil edir.

Virtualaz.org-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, bununla yanaşı buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması müəyyən olunub: “Bu da iqlim dəyişmələrinin əsas indikatorlarından biri olan buzlaqlarda gedən ərimə prosessinin intensivliyinin daha da sürətlənməsindən xəbər verir. Azərbaycanın ərazisində dağ buzlaqları Bazardüzü, Tufandağ, Şahdağ, Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir. Qusarçayın hövzəsinin buzlaqları haqqında ilk məlumatlar 1890-cı ilə təsadüf edir. O zaman ümumi sahəsi 4,9 kv.km olan 8 buzlaq müəyyən edilmişdi. 1960-cı ildə isə buzlaqların sahəsi 3,2 kv.km olub”.

Buzlaqların sahəsinin azalması ilə yanaşı, həm də son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində Respublikanın su ehtiyatlarının formalaşmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhədinin yüksəkliyə doğru qalxmasının müşahidə olunduğunu deyən baş hidroloq qeyd edib ki, bütün bunlar su ehtiyatlarımızın ümumilikdə azalmasına gətirir və gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlər görülməlidir.