İbtidai sinfə qəbul şərtləri ildən-ilə asanlaşdırılmasına baxmayaraq, bəzən çətinliklə üzləşən, narazı qalan və şikayət edənlər də olur.
Belə şikayətçilərdən biri yazıçı-publisist, araşdırmaçı Aslan Kənandır (Aslan Qasımlı).
Şikayətçi “Şərq”ə ünvanladığı məktubunda nəvəsi Mahmudlu Mehdi Fərid oğlunun qeydiyyatda olduğu ünvan üzrə orta məktəbə qəbul edilmədiyini yazıb:
“21 dekabr 2012-ci il təvəllüdlü nəvəm Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 100 ünvanında qeydiyyatdadır. İbtidai sinfə hazırlığı “Hədəf” kurslarında keçib. Nəvəmin sənədlərini yaşadığı ünvana ən yaxın ərazidə yerləşən Tahir Həsənov adına 23 saylı tam orta məktəbə təqdim etdik. Lakin göstərilən ünvanın bu məktəbin qeydiyyatında olmadığını səbəb gətirərək, sənədləri qəbul etmədilər”.
K.Aslan qeyd edir ki, yaranmış problemlə bağlı əlaqədar müxtəlif qurumlara müraciət edib, lakin müsbət nəticəsi olmayıb. Belə olduğu təqdirdə, Prezident Administrasiyasının Humanitar məsələlər üzrə müdiri Fərəh Əliyevaya ərizə ilə müraciət edib.
Ərizə dərkənarla Təhsil Nazirliyinə, oradan Bakı şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) göndərilib. Sonuncu qurumdan bildirilib ki, bu məsələ onların səlahiyyətində deyil.
Aslan Kənan məsələ ilə bağlı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib. Bu dəfə məktub baxılmaq üçün Təhsil Nazirliyinə, oradan da BŞTİ-nə göndərilib. Yenə də BŞTİ-dən cavab gəlib ki, bu, mümkün olan iş deyil.
Ailə məcburiyyət qarşısında qalaraq övladlarını Yasamal rayonundakı 175 saylı orta məktəbə yazdırıblar.
Aslan Kənan bildirir ki, nəvəsini məktəbə aparmaq üçün ən azı 2-3 marşrut dəyişməli olacaqlar. Bu isə həm zaman itkisi, həm də ailə büdcəsinə əlavə yükdür.
Yazıçı-publisist sual edir ki, qeydiyyatda olduğu ərazi 23 saylı məktəbin yaxınlığında olduğu halda, uşaq niyə uzaq məsafədəki məktəbə getməlidir?