XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 20:00

MİDA:“Güzəştli mənzillərin seçimi şəffaf olub”

 

«Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarındakı 324 mənzilin seçimi etibarlı, təhlükəsiz, şəffaf həyata keçirilib. Bunu müstəqil beynəlxalq audit şirkəti «Ernst&Young» da təsdiqləyib».

MİDA-nın məlumatında belə yazılır.

Agentlik qeyd edir ki, mənzillərin «Güzəştli mənzil» elektron sistemi vasitəsilə seçimini əlaqəli qurumların nümayəndələrinin izləməsinə lazımi şərait yaradılıb: «Seçim prosesi başa çatdıqdan sonra sistemdə aparılmış bütün əməliyyatları «Ernst&Young» şirkəti hərtərəfli təhlil edib. Bu il sentyabrın 10-da «Güzəştli mənzil» sisteminin fəaliyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesinə öz rəyini təqdim edib». MİDA həmçinin bildirir ki, rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfedensiallıq, proseslərin bütövlüyü, əlçatanlıq və fərdi məlumatların qorunması kimi qabaqcıl beynəlxalq standartlara əməl olunub. Yasamal Yaşayış Kompleksində satışa çıxarılan 324 mənzili seçən vətəndaşlardan 36-sının onu öz vəsaiti hesabına, 288-nin isə güzəştli ipoteka krediti hesabına əldə etmək niyyətində olduğu bildirilir.

Açıqlamaya görə, seçim edən şəxslər arasında yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyaları 39 faiz təşkil edir. MİDA sentyabrın 5-də Yasamal Yaşayış Kompleksindəki mənzillərin təkrar satışını həyata keçirib. Güzəştli mənzillərin satışı ikinci dəfə təşkil olunurdu. İlk satış mayın 7-də başlanmış, ancaq nəticələri ləğv edilmişdi. Həmin vaxt bəzi insanlar prosesdə şəffaflığın olmadığını, mənzillərin əvvəlcədən satılıb qurtardığını bəyan etmişdilər. Ancaq MİDA açıqlamışdı ki, vətəndaşların satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranıb.

Sentyabrın 5-i, saat 11:00-a təyin edilmiş təkrar satışda da əvvəlcə problem yaranmışdı. Buna görə, satışın saat 15:00-da başladığı açıqlanmışdı. Üstəlik, həmin gün güzəştli mənzil əldə etmək istəyənlərin bir qrupu satış prosesindən narazı qaldıqlarını açıqlamışdılar. Narazılar MİDA-nın ofisinin qarşısına toplaşaraq, qurumu saxtakarlıqda ittiham etmiş, satışın nəticələrinin ləğvini tələb etmişdilər.

Seçimdən narazı qalan onlarla vətəndaş deyirdi ki, onlar, ümumiyyətlə, elektron sistemə daxil ola bilməyiblər. Narazıların vurğulamasına görə, sistem onların üzünə seçimin başa çatması elan edildikdən sonra açılıb. Ancaq MİDA narazılıqların heç bir əsasının olmadığını, sadəcə, seçimdə rəqabətin yüksək olduğunu açıqlamışdı.

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Yasamal Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub. (Azadlıq Radiosu)