İndoneziyanın Azərbaycandakı səfirliyi “Ən Zəngin Arxipelaq Mədəniyyətini Yaşatmaq” mövzusunda III İndoneziya Mədəniyyət Festivalının rəsmi açılışını edib.
Strateq.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutab rəsmi açlışda tamaşaçılar sarayın foyesində İndoneziya mədəniyyəti və incəsənətini əks etdirən sərgi ilə tanış olub.
Festivalın açılışında çıxış edən İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi ölkəmizdə olmaqdan şərəf duyduğunu bildirib, Azərbaycanda üçüncü dəfə təşkil olunan bu festivalın İndoneziyanın müstəqilliyinin 73-cü ildönümünə təsadüf etdiyini vurğulayan nazir, ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən bəhs edib. Əlaqələrin dostluq və qardaşlıq şəklində davam edərək günü-gündən möhkəmləndiyini bildirən M.Əfəndi əlavə edib ki, dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır və ISESCO ilə birgə layihələrdə yaxından iştirak edir: “Azərbaycanla diplomatik və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir”. Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında deyib ki, festival ölkələrimiz arasında münasibətlərin genişlənməsinə, xalqların bir-birini daha yaxşı tanımasına və gələcəkdə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyini rəsmən tanıdıqdan sonra İndoneziya ilə iqtisadi və diplomatik münasibətlər ildən-ilə güclənir. Nazir deyib ki, İndoneziya hökuməti Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərdə yaxından iştirak edir, İslam dünyasını birləşdirən ISESCO təşkilatı çərçivəsində təşkil edilən layihələrdə bir-birimizə dəstək oluruq.
Daha sonra konsert proqramına start verilib. Konsertdə İndoneziyadan gələn Tubaba Pakem rəqs qrupunun çıxışına tamaşa edilib, məşhur caz musiqiçisi, bəstəkar, aranjimançı Dhiki Darmavanın və müğənni Amelia Onqun ifasında mahnılar səsləndirilib. İndoneziyalı modelyerin əl işləri və İndoneziyanın mədəniyyətini, adət-ənənlərini, mətbəxini əks etdirən video-çarx nümayiş olunub.
Festival 15-16 sentyabr tarixlərində Fəvvarələr meydanında saat 15.00-da davam edəcək. Açıq havada sərgilər, yarmarka düzənlənəcək, İki günlük tədbirdə İndoneziyanın arxipelaq kulinariyası ilə yaxından tanışlıq olacaq. Yarmarkada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çaylar, digər məhsullar nümayiş etdiriləcək.