XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2016 - 15:03

“Bütün bunlar onların aldadılması nəticəsində baş verib” – Mütəxəssisdən avtomobil kreditləri haqda izahat

avtomobillMaliyyə üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov avtokreditlərlə bağlı suallara aydınlıq gətirib.

Mütəxəssis avtomobilə görə, kreditə girməyə anlam vermədiyini vurğulayıb:

“Kredit vasitəsilə avtomobilin alınmasının hansı zərurətdən irəli gəlməsini heç vaxt başa düşməmişəm. Ev üçün, təhsil üçün, müalicə üçün və s. kredit alanı başa düşmüşəm, amma avtomobil üçün kredit alanı başa düşməmişəm. Yəni belə vacib idi bu krediti almaq? Avtomobillə ailəsini dolandıranı başa düşürəm, amma digərlərini yox. Xüsusilə şəhərdəki tıxacları, qeyri-peşəkar və qaydaları heçə sayan sürücüləri görəndə. Təbii, fikrim mübahisə doğura bilər. Amma hər halda səmimi olmalıyam”.

Ə.Həsənov avtokreditlərlə bağlı məsələyə aydınlıq gətirməsinin banklara qarşı kütləvi məhkəmə proseslərinə başlamaq zərurətindən doğduğunu deyib:

“Borc alanların mənafeləri baxımından ən azı 2 məsələ-avtomobil girovunun notariat qaydasında təsdiqi və avtokreditin dollarda verilməsinin aldatma olması olduqca əhəmiyyətlidir. Onların biri bütün avtokreditlərə (həm manatda, həm də dollarda), digəri isə yalnız dollarda olan avtokreditlərə aiddir.

Avtomobil girovu (ipotekası) müqaviləsinin notariat qaydasında təsdiqi

“Əksər hallarda bankların bağladığı belə müqavilələr notariat qaydasında təsdiq olunmur. Bu isə qanun pozuntusudur. Belə ki, Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən avtomobil girovu ipoteka hesab olunur. Həmin Məcəllənin 307.7-ci maddəsinə görə isə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Düzdür, “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsində deyilir ki, yalnız daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Lakin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə uyğun olaraq Mülki Məcəllənin hüquqi qüvvəsinə görə “İpoteka haqqında” Qanundan üstündür. Beləliklə, avtomobilin ipoteka müqaviləsi mütləq notariat qaydasında təsdiq edilməlidir. Əks halda, belə müqavilə Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən etibarsızdır.

Deməli, bankların notariat təsdiqi olmadan bağladıqları avtomobil ipotekası müqavilələri etibarsızdır, yəni onların heç bir hüquqi qüvvəsi yoxdur və avtomobil girovda deyil, tam azaddır. Qeyd etdiyim kimi, əksər hallarda banklar bu müqavilələri notariat təsdiq olmadan bağlayır. Buna görə də borclular məhkəməyə müraciət edərək avtomobillərini girovdan azad etdirə bilərlər.

Məsələnin digər tərəfi də var. Avtomobil evli şəxs tərəfindən əldə edilirsə, o, bir qayda olaraq, ər-arvadın birgə mülkiyyətidir. Deməli, onun banka ipotekaya qoyulması üçün həyat yoldaşının yazılı razılığı tələb olunur. Təbii, ipoteka müqaviləsi notariusda təsdiqlənmirsə, həyat yoldaşının razılığı da, bir qayda olaraq, alınmır. Bu isə o deməkdir ki, müqavilənin notariat qaydasında təsdiqlənməsi tələbini kənara qoysaq belə, həyat yoldaşının razılığının olmaması da onun etibarsızlığı üçün əsasdır.

Odur ki, avtomobilinizin ipoteka müqaviləsinə baxın. Orada notariat təsdiqi yoxdursa, bankı məhkəməyə verib avtomobilinizi girovdan azad etdirin”.

Avtokreditin dollarda verilməsinin aldatma olması

Hüquqşünas bildirib ki, dollar kreditlərinin xeyli hissəsi avtokreditlərdir:

“Təbii, hazırda belə kredit götürmüş şəxslər ağır vəziyyətdədir. Çünki nəinki kreditin bir qismini, o cümlədən avtomobilin də dəyərinin bir hissəsini qabaqcadan ödəyiblər. Lakin devalvasiya nəticəsində borcları nəinki azalmayıb, bəzən hətta artıb da. Bütün bunlar onların aldadılması nəticəsində baş verib.

Necə? Vətəndaş avtokreditlərə avtomobilin dəyərinin bir hissəsini (məsələn, 30%-ni) manatla ödədikdən sonra bankdan xahiş edib ki, pulun qalan hissəsini bank avtokreditlərə ödəsin və beləliklə də vətəndaşa kredit versin. Vətəndaşa hansı valyutada kredit lazım olub? Təbii, manatda və bank bunu gözəl bilirdi. Çünki avtokreditlərin pulu yalnız manatla ödənilə bilərdi. Lakin banklar avtokreditlərə pulu manatla ödəsə də, vətəndaşla müqaviləni dollarda bağlayıb. Bununla da vətəndaşları aldadıblar”.

Ə.Həsənov aldatmaların nədən ibarət olduğuna da aydınlıq gətirib:

“Bəzi vətəndaşlar kredit müqaviləsinin dollarla bağlanmasına, ümumiyyətlə, fikir verməyib. Çünki manat xahiş etdiyi təqdirdə ona dolların sırınmasını ağlına belə gətirməyib, banka etibar edib, bank da bu etibardan sui-istifadə edib. Müqavilənin dollarda olmasına fikir verənlərə isə bank yalandan deyib ki, guya avtokreditlərə də pulu dollarla ödəyir. Bir sözlə, hər iki halda bank vətəndaşı aldadıb.

Hamı bilir ki, kredit müqaviləsini vətəndaşa bank təqdim edir, vətəndaşın ora hər hansı düzəliş etmək imkanı yoxdur. Buna görə də Mülki Məcəlləmiz (417-420-ci maddələr) belə müqaviləni standart şərtlər əsasında bağlanmış hesab edir. Məsələn, orada deyilir:

“Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır” (420.2-ci maddə). Bir sözlə, vətəndaşın müqaviləni imzalaması hələ o demək deyil ki, vətəndaş mütləq olaraq müqaviləyə əməl etməlidir. Faktiki olaraq, imzalanma bankın vicdansızlığı və etimaddan sui-istifadəsi nəticəsində baş verib. Qanun da deyir ki, bu halda bağlanmış müqavilə etibarsızdır.

Belə müqavilə həmçinin Mülki Məcəllənin 347.2.2-ci maddəsinə əsasən də etibarsızdır. Belə ki, həmin maddəyə görə şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə, bu, vacib əhəmiyyətli yanılmadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Lakin həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan 1 ay ərzində mübahisə edilə bilər. Buna görə də bu əsasdan istifadə edilmə müddəti çox qısadır və əksəriyyət bundan yararlana bilməyəcək.

Eyni zamanda əksəriyyət belə kredit müqaviləsini etibarsız hesab etdirmək üçün Mülki Məcəllənin 339.2-339.3-cü maddələrinə (aldatma yolu ilə bağlanmış əqd) istinad edə bilər. Həmin maddələrə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. 

Burada bir məqamı xüsusilə nəzərə almaq lazımdır! Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq vətəndaş əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər”.

Hüquqşünas deyib ki, vətəndaşların mütləq əksəriyyəti aldadıldığını ötən ilin fevral devalvasiyasından sonra bilib:

“Buna görə təxmini fevralın sonu-martın əvvəlinədək avtomobil krediti müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia irəli sürə bilər. Hər bir halda tələsmək lazımdır.

Məhkəmə belə kredit müqaviləsini etibarsız hesab etsə, vətəndaş banka yalnız bankın avtokreditlərə ödədiyi manat məbləğini ödəməli olacaq. Başqa sözlə, sanki krediti manatla almışdı. Yəni devalvasiya zərərindən tam xilas olacaq.

Prinsipcə, dediklərim kifayətdir. Lakin bilirəm ki, banklar deyəcəklər ki, onların vətəndaşı maarifləndirmək vəzifəsi yoxdur. Buna görə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanundan da bəzi sitatlar gətirmək istəyirəm:

– “13.1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri …, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir”.

– “13.7. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir”.

– “18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir:

18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını”.

Güman edirəm ki, bunlar kifayətdir”.

Modern.az