XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 17:48

“Yasamal və Nəsimidə vərəm yayılması barədə xəbərlər yalandır” –Səhiyyə Nazirliyinin rəsmisi

 

 “Ölkəmizdə, o cümlədən onun paytaxtı Bakı şəhərində mütəmadi vərəm əleyhinə tədbirlər həyata keçirilir. Bu tədbirlər ölkə üçün qəbul olunmuş Dövlət Proqramı əsasında aparılır. Əhali arasında vərəm əleyhinə görülən işlər istiqamətində ardıcıl olaraq sanitar maarifləndirmə layihələri həyata keçirilir. Vaxtaşırı ilkin tibbi yardım müəssisələrinin həkim və orta tibb işçiləri ilə mütəmadi maarifləndirici mülahizə və söhbətlər aparılır, ayrı-ayrı müəssisələrə vərəm əleyhinə tədbirlərə aid maarifləndirici plakat və bukletlər paylanılır.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin baş ftiziatrı, professor Yavər Şıxəliyev məlumat verib. Onun dediyinə görə, ilkin tibbi yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir. Əhalinin mütləq müayinə olunmalı qrupları; müəllimlər, bağça işçiləri, ictimai iaşə işçiləri və s. mütəmadi olaraq tibbi, o cümlədən vərəm əleyhinə yoxlamadan keçirilir.

Baş ftiziatr daha sonra deyib: “Qeydiyyatda olan xəstələr vərəm əleyhinə keyfiyyətli dərmanlarla pulsuz tam təmin olunurlar. Vərəm müəssisələrinin material-texniki bazalarının vəziyyəti və bronx-ağciyər xəstəliklərinin diaqnostikasını aparmaq imkanları yüksək səviyyədədir. Həmin müəssisələrdə ən müasir rentgen-tomoqrafik aparatlarla və vərəmin tez aşkarlanması üçün möhtəviyyatların molekulyar-genetik səviyyədə bakterioloji müayinələri aparılır. Görülən tədbirlər nəticəsində ötən il Bakıda vərəmlə ilkin xəstələnənlərin sayı postsovet ölkələri ilə müqayisədə 4-5 dəfə aşağı olub. Paytaxtın Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin digər bölgələrindən dörd dəfə aşağıdır. Ona görə də guya paytaxtın Yasamal və Nəsimi, eləcə də ölkəmizin digər bölgələrində vərəm xəstəliyin yayılması barədə yayılan yanlış informasiyalar qətiyyən həqiqətə uyğun deyil”.

“Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılması məqsədi daşıyır. Ölkəmizin digər bölgələrində olduğu kimi, Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb edilir. Həmin rayonların sakinləri arasında vərəmə yoluxma və xəstələnmə səviyyəsi Dünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Ölkəmizdə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər və bu məsələ daim onların nəzarəti altındadır”,-deyə Y. Şıxəliyev fikrini yekunlaşdırıb.