XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 21:23

Bakıda 300 it saxlayan məhkəmədə nə dedi? –“Hacıbala Abutalıbova, Artur Rəsizadəyə yazsam da xeyri olmadı”

 

“Biz sahibsiz itlərlə bağlı dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova, sabiq baş nazir Artur Rəsizadəyə müraciət etmişik. Lakin bir müsbət cavab gəlməyib”.

Mərdəkanda həyətində 300-ə qədər it saxladığına görə məhkəməyə verilən Eldar Mansurov belə deyir.

Sentyabrın 28-də Xəzər Rayon Məhkəməsində rayonun icra başçısı Gülağa İslamovun Eldar Mansurova qarşı iddiasına baxılıb. Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxışında iddianı müdafiə edib, sahibsiz itlərin Eldar Mansurova məxsus yaşayış sahəsindən çıxarılmasını, özünün də ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib. Təklif edib ki, itlər oradan çıxarılıb Sahibsiz Heyvanların Qayğı Mərkəzinə göndərilsin.

Xəzər rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi də məhkəməyə gəlib. O deyib ki, Mərdəkanda R.Cəfərov 2 ünvanında sahibsiz itlərin saxlanmasıyla əlaqədar onlara şikayətlər daxil olub: “Bu barədə Eldar Mansurova məlumat verilib və akt tərtib olunub”.

Cavabdeh Eldar Mansurov isə çıxışında iddianın əsassız olduğunu söyləyib. O bildirib ki, ərazidə antisanitariya yoxdur, heç bir qayda pozulmayıb.

Eldar Mansurov deyir ki, əslində, icra hakimiyyətinin görməli olduğu işi o, yerinə yetirir: “Əslində, sahibsiz itlərin saxlanılması icra hakimiyyətinin işidir. Ancaq onlar öz öhdələrinə düşən işi görmür. Mən vətəndaş olaraq, bu işi öz üzərimə götürmüşəm. Özümə məxsus yaşayış sahəsində sahibsiz itlərə şərait yaratmışam”.

Eldar Mansurovun sözlərinə görə, sahibsiz itlərin saxlanması verilən ianələr hesabına həyata keçirilir.

O bildirir ki, məsələ ilə əlaqədar dəfələrlə dövlət orqanlarına məktublar yazsa da, xeyri olmayıb. Hacıbala Abutalıbov, Artur Rəsizadə ilə yanaşı, Xəzər rayon Icra Hakimiyyəti, Mərdəkan Bələdiyyəsindən də sahibsiz itlərə ərazi ayrılması üçün kömək istəyib: “Lakin onlar balanslarında torpaq olmadığını bildirdilər”.

Məhkəmədə sözügedən ərazidə qonşuluqda yaşayanlar da dindirilib. Onlar ərazidə səs-küy və kəskin qoxu olduğunu deyiblər: “Biz itlərin saxlanmasına etiraz etmirik. Ancaq onlar qeyri-yaşayış sahəsinə köçürülməlidir”.

Məhkəmənin qərarı oktyabrın 1-də elan olunacaq.

İcra başçısı məhkəməyə ərizəsində yazır ki, Eldar Mansurov 300-ə qədər it saxlaması ətrafda yaşayan qonşuları narazı salıb.

Ətrafda yaşayanlar müxtəlif dövlət orqanlarına, o cümlədən Xəzər rayon İcra Hakimiyyətinə də şikayət ediblər.

G.İslamovun sözlərinə görə, ona xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib. Bundan sonra Mansurov inzibati qaydada cəzalandırılıb: “Eldar Mansurov qanunsuz olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş saydan artıq ev heyvanları saxladığı üçün Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3 maddəsi ilə onun haqqında inzibati xəta protokolu tərtib olunub”.

İnzibati Xətalar Məcəlləsinin 290.1.3 maddəsində it və pişiklərin müəyyənləşdirilmiş saydan artıq saxlanmasına görə 200 manat cərimə nəzərdə tutulub.