XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 13:51

Artıq müəllim olmuş şagirdin yazısı:"Əziz müəlimlərim, Sizlərə borcluyam"

Elnarə NƏBİYEVA,

177 nömrəli məktəbin şagirdi,

178 nömrəli məktəbin müəllimi

 

O gün xatirimdən heç vaxt silinməyəcək. Şagirdimin tökülən göz yaşlarının hər damlasında Azərbaycanımıza olan sonsuz sevgini gördüm. Böyük Muşfiq əbəs yerə demirdi: “Gözdən yaş çıxarmı, ürək yanmasa”…

“Aprel döyüşləri” qəhrəmanlarından və bu gün ölkəmizi mötəbər idman arenalarında sevə-sevə təmsil edən, bayrağımızı ucaldan, himnimizi səsləndirən, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” şüarını bütün dünyaya duyuran Qarabağ qazisi, paraolimpiyaçı İlham Zəkiyevdən söhbət düşəndə, axırıncı partada oturan şagirdim hönkür-hönkür ağlamağa başladı. Düzü, tutuldum, həmin an nə deyəcəyimi, nə edəcəyimi bilmədim.

Bu uşaq niyə ağlayırdı? Beynimdən qopan ilk sual belə oldu. Bəlkə, şəhid qızıdı, bəlkə, əmisi, dayısı şəhid olub?

Onu sakitləşdirdikdən sonra mənə ilk sualı bu oldu: “Müəllimə, görəsən, torpaqlarımız azad olunsa gözlərinin nurunu itirmiş qəhrəmanımızın o günün sevincindən gözlərinə nur gələrmi?”

Susdum və bu sadəlövh və dərin uşaq sualı qarşısında heç nə deyə bilmədim…

Bəlkə də hər bir müəllim üçün dünyanın ən böyük dərdi şagirdinin sualına cavab verə bilməməkdi. Və bu suala cavab vermək üçün mən gərək çox da uzaq olmayan keçmişə – XX əsrə dönəydim…

Mənim və yaşıdlarımızın uşaqlığı odun-alovun, təlatümlərin içində keçdi. Yaddaşıma ömürlük həkk etdiyim: “Onlar Ermənistan qaçqınlarıdır” sözünün ağırısı bu gün də canımdan çıxmayıb və bu ağrı həm də ehtiyaca çevrilib. Doğulduğum yurda, orda qalan uşaqlığıma qayıtmaq istəyirəm…

Siz qayıtmaq istimirsiniz?…

XX əsrin əvvəlində babamın, nənəmin, yaşadıqlarını mən XX əsrin sonlarında yaşadım. Hərif tanımayan, düz xətti belə çəkməkdə zorlanan bir uşağın yaddaşında isə bu gün cild-cild kitablara sığmayan bir yazı, bir hekayə var və mən, qismət olsa, o yurda dönsəm, onda yazacağam…

***

1988-ci il hadisələrindən sonra 3-4 rayonda məskunlaşdıq və hər rayonda yenidən birinci sinfə getdim. Əfsus ki, həmin birincilərdən heç biri yadımda qalmayıb. Bakıya gələndə valideynlərimin ilk işi bizi məktəbə qoymaq oldu. Nərimanov rayonundakı 34 saylı məktəbdə dörd-beş gün birinci sinfə getdikdən sonra evimizə daha yaxın olduğuna görə 177 nömrəli məktəbdə oxuyası oldum.

Şəhər mühiti ilk gündən özünü göstərdi.  Uşaq olsam da, ilk müqayisəmdən belə nəticəyə gəldim ki, şəhərdə insanlar bir-birindən çox uzaqdılar, çox yaddılar. 1989-cu il üçün şəhər məktəbləri kənddəkilərdən çox işıqlıydı, geniş idi. Demək olar ki, sinif yoldaşlarımın əksəriyyəti qaçqın övladları idilər. Uşaq olsaq da, böyüklərimizin kədəri gözlərimizə, baxışlarımıza, hətta dilimizdəki sözlərə də hopmuşdu. Bu kədər bizə gülməyi də unutdurmuşdu.

İlk müəllimim Sürəyya müəllimənin (indi haqq dünyasındadır) “Yay tətilini kim harada keçirəcək?”,- sualı cavabsız qaldı. Və birdən sanki sözləşmiş kimi hamımız  “Bizim kəndimiz yoxdur müəllim, onu ermənilər aldılar”, – dedik. Və hamımız böyüklər kimi ağladıq…

Müəlliməni də qəhər boğmuşdu və birdən o da hüznlü səslə “Mənim də doğulduğum, boya-başa çatdığım kənd indi düşmən tapdağındadır ”, – dedi.

***

Şagirdimin ağlaması mənə bunları yenidən yaşatdı. Müəllimimin göz yaşlarını xatırladım. Bəlkə də gün gələcək ki, bu Günəş saçlı qızcığaz həmin günü xatırlamayacaq. Kim bilir, bəlkə də xatırlayacaq, bizlər-müharibə uşaqları kimi…

İllər ötdü və biz sinifdən-sinfə keçdik. Amma ilk müəllimimizi heç vaxt unutmadıq, yaddan çıxarmadıq. Hər görəndə ona ehtiramımızı bildirdik…

Mən əlimi çörəyə çatdıranları heç vaxt unuda bilmərəm.

Salman müəllim (indi haqq dünyasındadır), Sveta müəllimə, Sevil müəllimə, Xalidə müəllimə, Züleyxa müəllimə, Nazilə müəllimə, Lumu müəllimə, Aybəniz müəllimə və digərləri…

Mən bu gün də çətinə düşəndə, nədəsə tərəddüd edəndə, təcrübəsinə, savadına hər zaman ehtiyac duyduğum, bizə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Növrəstə müəllimənin ömrünü hər şagirdi üçün necə şam kimi əritdiyini görüb, qərar verdim ki, məktəbi bitirdikdən sonra Azərbaycan dili və ədəbiyyat müəllimi olcağam. Sözümü tutdum, oldum da!

Çəkdiyim çətinliyi, sıxıntını unutdurdular mənə şagirdlərim. Onların uğurlarına qanad açıb uçdum, balalarım kimi sevdim onları. Gələcəyin əsgərlərini, Azərbaycanın gələcək qurucularını…

Mən də müəllimlərim kimi mənə hörmət, şan, şərəf gətirən bu müqəddəs adın keşiyindəyəm.

Xatirimdə qalanları böyük bir sevgi ilə bu kiçik yazıya almaq elə də asan olmadı. Duyğulandım, kövrəldim. Amma bu sözləri də yazdığıma görə, əziz müəlimlərim, mən Sizlərə borcluyam. Əlifbanın ilk hərfi ilə dünyanı siz bizə kəşf etmisiniz.