Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında qərargahın üzvləri tərəfindən mütəmadi olaraq monitorinq aparılır.
Saat 18:00-a olan məlumata görə, sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Lakin sürüşmə kütləsi üzərində asılı vəziyyətdə qalmış qırıntıların yamacboyu hərəkəti müşahidə olunur.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi və yaradılmış qərargahın üzvü Sadiq Əmiraslanov məlumat verib. Mütəxəssis bildirib ki, hazırda sürüşmənin dinamikası haqqında tədqiqat aparılır. Sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır.