XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 12:42

Mərkəzi Elmi Kitabxananın ən yaşlı oxucusunun 91 yaşı var –Kitabxanaya ən çox kimlər gəlir?

 Mərkəzi Elmi Kitabxananı (MEK) son bir il ərzində 5 minə yaxın oxucu ziyarət edib. Yarandığı dövrdən bu günə kimi oxucuların xidmətində olan MEK sırf tələbələrin istəyi ilə iş saatını da artırıb.

Bu sözləri Trend-ə MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova bildirib. Onun sözlərinə görə, il ərzində istifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşları tərəfindən orta hesabla 9 minə yaxın oxucu tələbnaməsinə cavab verilib: “Hazırkı gündə MEK-in rəsmi oxucu sayı 4 820 nəfərdir. Onlardan 2 590-ı qadın, 2 230-u isə kişidir. Mərkəzi Elmi Kitabxananın ən yaşlı oxucusunun 91 yaşı var. O, 1927-ci il təvəllüdlü Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və Epiqrafika” elmi fond şöbəsinin müdiri, əməkdar işçi, tarix və elmlər doktoru, professor Əli Rəcəblidir. Ən gənc oxucunun isə 18 yaşı var. MEK-də hazırda 170 nəfər əcnəbi qeydiyyatdadır, çoxluğu Türkiyə və Rusiya vətəndaşları təşkil edir. Bundan başqa, kitabxanadan Gürcüstan, İran, İtaliya və Yaponiya vətəndaşları da istifadə edirlər. Cari ildə 992 nəfər yeni oxucu qeydiyyatdan keçib”.

A.Səfərova oxucu istəyinin hər zaman önəmli olmasından da danışıb: “Kitabxanaya daha çox Tibb Universitetinin tələbələri üz tutur. Yeni yarandığı dövrdə iş saatları 18:00-a qədər olsa da, məhz tələbələrin istəyi ili iş qrafikini uzadaraq 22:00-a qədər etdik. Nəzərinizə çatdırım ki, saat 18:00-dan sonra gələnlərin sayı gün ərzində gələnlərdən çoxdur. Hətta elə vaxtlar olur ki, otaqlarda yer çatmır”.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxanaya 3 il ərzində 11 500-dən artıq sənəd e-kataloqa daxil edilib ki, bunlardan 15 mini Milli Rəqəmsal Yaddaş bazasındadır. Ümumiyyətlə, MEK-də 16 mindən artıq elektron sənəd var. Azərbaycan kitabxanaları arasında ilk dəfə MEK-də tətbiq edilən müəllif müqaviləsinin sayı 3 il ərzində 100-ə çatıb. 9 elektron resurs abunə bazası mövcuddur ki, bunların içərisində çoxsaylı sənədlər təqdim olunur.

Təbiətşünaslıq, sosial-iqtisadi, humanitar, texniki və siyasi sahələr üzrə universal tərkibə malik olan Mərkəzi Elmi Kitabxananın fondu 2018-ci il üçün ümumilikdə 156 mindən çox nüsxəni özündə cəmləşdirir.