XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 09:01

Maskulin cəmiyyətlərin əbədi mizoginiyası, yaxud gender bərabərliyinə nələr mane olur?

“Bütün insanlar bərabər yaradılmışdır”, “Hər kəs eyni hüquqlarla doğulur”, “Hər kəsin yaşamaq, azadlıq və xoşbəxtlik hüququ vardır”. Bu sözləri hələ 242 il əvvəl – 1776-cı ilin isti yay günlərində 33 yaşlı virciniyalı gənc hüquqşünas – ABŞ-ın 7 “Qurucu atası”ndan (The Founding Fathers of the United States) biri, həmçinin, gələcək prezidenti (1801-1809) Tomas Cefferson İstiqlaliyyət Bəyannaməsində yazırdı.

Həmin ideyalar – bərabərlik, azadlıq və xoşbəxtlik hüququ bu gün də planetimizin müxtəlif guşələrində yaşayan insanlar üçün vacib dəyərlərdir və insanları bir arada saxlamaqdadır. Elə T.Cefferson özü də sonralar deyirdi ki, o, İstiqlaliyyət Bəyannaməsində yeni bir şey yazmayıb. Sadəcə bərabərliyə, azadlığa və xoşbəxtliyə can atan insanların düşüncə tərzini izah etməyə çalışıb. Buna baxmayaraq həmin ideyaların, o cümlədən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər hüquqlar, vəzifələr və imkanlar yaratmağı özündə ehtiva edən gender bərabərliyinin həyata keçirilməsində ciddi çətinliklər bu gün də ölkələrin böyük əksəriyyətində qalmaqdadır. Məgər T.Ceffersonun həmvətəni, müasir Amerika poeziyasının ən böyük simalarından biri hesab edilən Silviya Platı (1932-1963) 31 yaşında ikən həyat yoldaşı, şair Ted Hyuz intihar həddinə çatdırmayıbmı?! Ted haqqında bir şeirində “Bir gün mənim ölümüm də onun əlindən olacaq” yazan S.Plat qadın düşkünü Tedin saysız-hesabsız xəyanətləri üzündən ondan ayrılmasından sonra Londondakı mənzilində bütün gecəni də işləyirdi ki, qışın oğlan çağı körpə uşaqlarına baxa bilsin. Ancaq xəstəlik, tənhalıq və ümidsizlik bir qadından daha üstün olur və şairə 1963-cü ilin fevralın 11-də başını mətbəxdə qaz sobasına soxaraq intihar edir.

 

***

Girişdə S.Platın yaşantıları ilə bağlı məqamı əks etdirməyimiz təsadüfi deyil. Məsələ ondadır ki, müasir Amerika cəmiyyəti, o cümlədən inkişafın yüksək pilləsində olan digər ölkələr artıq bu məsələdə də xeyli yol qət ediblər. Bu cəmiyyətlər “qadınlar hisslərini büruzə verməməli və ya böyük səylə karyera dalınca düşməməlidirlər, ömürlərini ərlərinə və uşaqlarına həsr etməlidirlər” kimi milyonlarla insan haqqında heç bir elmi əsası olmayan ümumiləşdirməyə (stereotip), o cümlədən insan irqlərinin bioloji və psixoloji bərabərsizliyi barədə nəzəriyyələrə repressiv 1950-ci illərdə əlvida deyiblər. 2008-ci  ilin noyabrında Demokrat Partiyasından afro-amerikan mənşəli Barak Hüseyn Obamanın ABŞ-ın 44-cü prezidenti seçilməsi, 2016-cı ildə isə onun partiyadaşı – Hillari Rodham Klintonun dünyanın fövqəldövlətinə başçılıq etmək üçün namizədliyinin irəli sürülməsi, uğurlu seçki kampaniyası aparması və ümumi səsvermədə 48,2 faiz seçici səsi alaraq respublikaçıların namizədi Donald Trampa qalib gəlməsi, yalnız Seçki Kollegiyası üzvlərinin kifayət qədər səsini qazana bilməməsi səbəbindən mübarizəni heç kimin gözləmədiyi halda son anda məğlub başa vurması zənnimizcə, Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik erasının başa çatmasının və gender bərabərliyinin təmin edilməsi məsələsində ölkənin böyük məsafə qət etdiyinin göstəricisidir.

Hazırda həmin cəmiyyətlərdə qadınların inkişafından danışanda onlar bəzi hallarda çox ekstremal tələblər qoyurlar; məsələn, qadın müdafiə naziri vəzifəsinə iddia edir. Yeri gəlmişkən qeyd edək ki, indiyədək bütün dünya üzrə 91 qadın müdafiə naziri vəzifəsini tutub. Bu da maraqlı faktdır ki, ilk qadın müdafiə naziri inkişaf etmiş demokratik ölkələrdə deyil, Asiyanın cənubunda yerləşən kiçik ada dövləti – keçmiş Britaniya müstəmləkəsi Seylonda (1972-ci ildən etibarən Şri-Lanka) olub. 1960 il iyulun 21-də seçki yolu ilə hakimiyyətə gələn Seylon Azadlıq Partiyasının lideri Sirimavo Bandaranaike (1916-2000) ölkənin baş naziri, həmçinin müdafiə və xarici işlər naziri vəzifəsini daşıyıb. S.Bandaranaike adını dünyanın siyasi tarixinə həm də ilk qadın hökumət başçısı (baş nazir) kimi yazdıra bilib. 2003-cü ildə “Qızılgül inqilabı”nın Gürcüstana gətirdiyi demokratiya isə Qafqazın bu mühafizəkar ölkəsində qadınlarla bağlı stereotiplərin qırılmasına da öz töhfəsini verib. Belə ki, Azərbaycan kimi işğaldan və etnik separatizmdən əziyyət çəkən qonşu ölkədə qadın müdafiə naziri təyin olunub. Tina Xidaşeli 2015-2016-cı illərdə Gürcüstanın ilk qadın müdafiə naziri olub. Bu isə “hər bir kişinin arxasında güclü bir qadın dayanır” frazasının artıq özünü doğrultmadığını göstərir. İndi inkişaf etmiş ölkələrdə olduğu kimi Qafqazda da qadınlar kişinin arxasında dayanmağa deyil, onunla birgə addımlamağa can atırlar. Beləliklə, bura qədər yazılanlardan aydın olur ki, ən böyük universal təşkilat olan BMT-nin İnkişaf Proqramının sentyabrın 14-də açıqlanan və 189 ölkəni əhatə edən 2018-ci ilə dair yenilənmiş Gender İnkişafı İndeksi (Gender Development Index) və Gender Bərabərsizliyi İndeksi (Gender Inequality Index) üzrə ilk beşliyə daxil olan Norveç, İsveçrə, Avstraliya, İrlandiya və Almaniya kimi ölkələr bu problemi həll etmiş sayılır, müvafiq olaraq 79, 80, 81, 82 və 83-cü yeri tutan Braziliya, Azərbaycan, Livan, Makedoniya və Ermənistanda vəziyyət qənaətbəxşdir, 185, 186, 187, 188 və 189-cu yerləri tutan Burundi, Çad, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Nigerdə isə durum acınacaqlıdır. Ümumiyyətlə, illik hesabatda dünyada gender balansının 68/32 nisbətində kişilərin xeyrinə olduğu da əks olunub.

 

***

Gender bərabərliyindən danışarkən və ya yazarkən xüsusi vurğulanmalı olan bir məqam var. Bu da ondan ibarətdir ki, qadın hüquqları insan hüquqlarıdır, onun tərkib hissəsidir və ya özüdür. Qadınların hüquqlarının pozulması, ümumilikdə insan hüquqlarının pozulması kimi başa düşülməlidir. İnsan hüquqları yerinə yetirilirsə, bu, dövlətin vətəndaşının gücləndirilməsi deməkdir. Dövlət isə bu vətəndaşlarından faydalana bilir. Beləliklə, aydın olur ki, qadın hüquqlarının pozulması və ya təmin edilməsi dövlətin güclənməsi və ya zəifləməsi ilə üzvi surətdə bağlıdır. Zənnimizcə, məsələyə yanaşmada da bu prinsip əsas götürülməlidir. Bu, bir jurnalist olaraq bizim gəldiyimiz qənaətdir.

Yazıda tez-tez inkişaf etmiş ölkələrdən bəhs etməyimiz də təsadüfi deyil. İş ondadır ki, gender bərabərliyinin təmin edilməsi bütövlükdə cəmiyyətin maddi rifah, sülh və əmin-amanlıq içində yaşamasını şərtləndirir. Gəlin, bu məqamda BMT-nin sayca yeddinci baş katibi olan (1997-2007) Kofi Annanın fikirlərinə yer ayıraq. Bu ilin avqustunda dünyasını dəyişən, 2001-ci ildə “Daha mütəşəkkil və daha dinc dünyanın qurulmasında xidmətlərinə görə” Nobel Sülh Mükafatına layiq görülən mərhum baş katibin 2002-ci ildə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yayımladığı müraciətində deyilirdi: “Beləliklə, biz gender bərabərliyi uğrunda çalışmaqda qətiyik, xəstəliklərə və yoxsulluğa qarşı mübarizədə qadınların həyati vacib vasitə kimi hüquq və imkanlarını artırmalıyıq və həqiqətən də davamlı inkişafa nail olmalıyıq. Biz münaqişələrin idarə edilməsinə və sülh quruculuğuna da qadınların töhfəsini müəyyənləşdirməliyik. Çünki gender bərabərliyi özü-özlüyündə bir məqsəd olmaqdan əlavə, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtdir”. Zənnimizcə, bu məqamın əks etdirilməsi ilə yazının təqdim olunduğu müsabiqənin “gender balansın təmin olunacağı təqdirdə dünyada hansı nailiyyətlərin qazanılacağı barədə təsəvvürlər formalaşdırılmalı” qiymətləndirmə meyarına qismən cavab verilmiş oldu.

Kofi Annanın BMT-nin baş katibi olarkən səsləndirdiyi bu fikirlərə baxmayaraq qadın düşmənçiliyi – mizoginiyanı (yunanca “mizos”-nifrət və “gine”-qadın) bütün cəmiyyətlərdə görmək mümkündür. Çox da bilinməyən bu termin qadınlara qarşı duyulan hər cür nifrət, o cümlədən onların diskriminasiyası, alçaldılması, onlara qarşı zorakılıq və qadının yalnız seksual təminat obyektitək görülməsi kimi başa düşülür. Bu nifrəti dünyada, o cümlədən ölkəmizdə gündəlik həyatda – avtobuslarda və metroda, iş yerlərində, digər ictimai yerlərdə görmək mümkündür. Mizoginiya müasir dövrdə gender bərabərliyinin əldə edilməsi istiqamətində başlıca mane olaraq qalmaqdadır. Halbuku, indiyədək gender bərabərliyinin təmin edilməsinə nail olmaq üçün çoxlu beynəlxalq konvensiyalar və yerli qanunlar qəbul olunub.

 

Gender bərabərliyini təmin edən ən əsas sənəd

 Gender bərabərliyinə təminat verən ən əsas beynəlxalq sənəd BMT Baş Məclisinin 34-cü sessiyasının 18 dekabr 1979-cu ildə 34/180 nömrəli qətnaməsi ilə qəbul edilən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiyadır. Daha çox CEDAW (The Convention on the Elimination of all Forms of Discrimination Against Women” kimi tanınan konvensiyanın lehinə 130 dövlət səs verib, 10 ölkə səsvermədə iştirakdan imtina edib. Konvensiya 3 sentyabr 1981-ci ildə qüvvəyə minib. Konvensiyaya indiyədək BMT-nin 193 üzvündən 189-u qoşulub. Buna baxmayaraq onu 99 ölkə imzalayıb, cəmi 20 ölkə isə həm də ratifikasiya edib. Sənədə qoşulmayan ölkələr Müqəddəs Taxt-Tac (Vatikan), İran, Somali və Tonqadır. ABŞ və Palau sənədi imzalasalar da, ratifikasiya etməyiblər. Ümumiyyətlə, iştirakçı dövlətlərin sayına görə bu, BMT-nin ən çox üzvünun qoşulduğu Konvensiyasıdır. Bu fakt bir daha beynəlxalq ictimaiyyətin gender bərabərliyinin təmin edilməsinə yüksək əhəmiyyət verməsinin göstəricisi sayıla bilər. Konvensiyanın məqsədi qadınların ayrı-seçkiliyin bütün formalarından həqiqətən azad olunmasının təmin edilməsindən, qadınlara inkişaf və özlərini realizə etmək üçün bərabər imkanlar yaratmaqdan ibarətdir. Sənədin preambula hissəsində deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərəbərliyin təmin edilməsi BMT-nin əsas məqsədlərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasir dövrün ən qlobal problemlərinə aid edir. Sənəd hər hansı ölkədə qadınların vəziyyətinin beynəlxalq normalara uyğun olmasının təhlili üçün ən etibarlı vasitədir. Konvensiya qadınların hüquqi statusunun elə səviyyəsini yaradır ki, o, insan hüquqları sahəsində müasir beynəlxalq tələblərə uyğun olsun.

BMT Baş Məclisinin 54-cü sessiyasında – 1999-cu ilin oktyabrın 6-da isə Konvensiyaya əlavə protokol qəbul olunub. Əlavə protokol 22 dekabr 2000-ci ildə qüvvəyə minib. Protokola 109 ölkə qoşulub, onlardan 80-i sənədi imzalayıb. Əlavə protokola əsasən iştirakçı dövlətlər Konvensiyanı milli səviyyədə həyata keçirməyi öhdələrinə götürməklə yanaşı, görülən tədbirlər haqqında və onların həyata keçirildiyi zaman qarşıya çıxan çətinliklər haqqında hesabatlar təqdim etməlidirlər. Həmin hesabatlar BMT-nin Baş katibinə təqdim edilir. O isə öz növbəsində hesabatları baxılmaq üçün BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün fomalarının ləğv edilməsi üzrə Komitəsinə (CEDAW Komitəsi) ötürür.

Qeyd edək ki, BMT Baş Məclisi 7 fevral 2000-ci ildə, həmçinin bu konvensiyaya istinad edərək A/RES/54/134 nömrəli qətnamə qəbul edib. Bu qətnamə ilə hər il noyabrın 25-i konvensiyaya qoşulmuş ölkələrdə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Onu da bildirək ki, bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. Məhz 1960-cı il noyabrın 25-də diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı – 36 yaşlı Patriya, 34 yaşlı Minerva və 25 yaşlı Mariya Teresa vəhşicəsinə öldürülüb. Bacılar bu ölkədə 14 iyun 1959-cu ildə başlanan inqilabi hərəkatda iştiraka görə qətlə yetiriliblər.

Bundan əlavə, gender bərabərliyinə təminat verən bir sıra digər sənədlər də vardır. Uzunçuluğa yol verməmək üçün onların, sadəcə, adlarını və qəbul olunma ilini qeyd etməklə kifayətlənirik;

Qadınların müxtəlif yeraltı işlərdə və şaxtalarda əməyinin məhdudlaşdırılması haqqında Konvensiya. Beynəlxalq Əmək Təşkilatının 12 iyun 1935-ci ildə Cenevrədə keçirilən XIX Baş Konfransında qəbul edilib.

İnsan hüquqları haqqında Ümumi Bəyannamə. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217 A (III) nömrəli qətnaməsi ilə qəbul edilib.

İnsanlarla ticarət və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarı ilə mübarizə haqqında Konvensiya. BMT Baş Məclisinin 2 dekabr 1949-cu il tarixli 317 (IV) nömrəli qətnaməsi ilə qəbul edilib.

İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya və ya Avropa İnsan Hüquqları Konvensiyası. Avropa Şurasının üzvləri tərəfindən 4 noyabr 1950-ci ildə Romada qəbul edilib.

Kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər ödəniş haqqında Konvensiya. Beynəlxalq Əmək Təşkilatının 29 iyun 1951-ci ildə Cenevrədə keçirilən Baş Konfransında qəbul edilib.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolu. Protokol qeyri-rəsmi olaraq 1 saylı Protokol da adlandırılır. Avropa Şurasının üzvləri tərəfindən 20 mart 1952-ci ildə Parisdə imzalanıb.

Analığın mühafizəsi haqqında Konvensiya. Beynəlxalq Əmək Təşkilatının 28 iyun 1952-ci ildə Cenevrədə keçirilən Baş Konfransında qəbul edilib.

Qadınların siyasi hüquqları haqqında Konvensiya. BMT Baş Məclisinin 20 dekabr 1952-ci il tarixli 640 (VII) nömrəli qətnaməsi ilə qəbul edilib.

Ərli qadınların vətəndaşlığı haqqında Konvensiya. BMT Baş Məclisinin 29 yanvar 1957-ci il tarixli 1040 (XI) nömrəli qətnaməsi ilə qəbul edilib.

Əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya. Beynəlxalq Əmək Təşkilatının 25 iyun 1958-ci il tarixli Baş Konfransında qəbul edilib.

Nikaha daxil olmağa razılıq verilməsi, minimal nikah yaşı və nikahın qeydiyyatı haqqında Konvensiya. BMT Baş Məclisinin 7 noyabr 1962-ci il tarixli 1763 (XVII) nömrəli qətnaməsi ilə qəbul edilib.

İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 4 saylı protokolu. Avropa Şurasının üzvləri tərəfindən 16 sentyabr 1963-cü ildə Strasburqda imzalanıb.

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt. BMT Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200 A (XXI) nömrəli qətnaməsi ilə qəbul edilib.

İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt. BMT Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200 A (XXI) nömrəli qətnaməsi ilə qəbul edilib.

Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə. BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli 3318 (XXIX) nömrəli qətnaməsi ilə qəbul edilib.

Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında Bəyannamə. BMT Baş Məclisinin 20 dekabr 1993-cü il tarixli 48/104 nömrəli qətnaməsi ilə qəbul edilib.

Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platforması. 15 sentyabr 1995-ci ildə Çinin paytaxtı Pekində keçirilən IV Ümumdünya Qadınlar Konfransında qəbul edilib.

1325 nömrəli qətnamə. BMT Təhlükəsizlik Şurasının 31 oktyabr 2000-ci ildə keçirilən 4213-cü iclasında qəbul edilib. Həmin dövrdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Namibiya tərəfindən irəli sürülən bu qətnamə BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrin qadınlara əndazəyə sığmayan və müstəsna təsirlərinin problem kimi qaldırıldığı ilk qətnaməsidir.

2240 nömrəli qətnamə. BMT Təhlükəsizlik Şurasının 9 oktyabr 2015-ci ildə keçirilən 7531-ci iclasında qəbul edilib. 1325 nömrəli qətnamənin davamı olaraq qəbul edilən və 2015-2030-cu illəri əhatə edən sənəd hərbi münaqişələr şəraitində qadınların müdafiəsini özündə ehtiva edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü Böyük Britaniya və qeyri-daimi üzvü İspaniya tərəfindən hazırlanan qətnamənin müzakirəsi zamanı İspaniyanın o vaxtkı baş naziri Mariano Rahoyun dediyi sözlər təəssüf ki, bu gün də aktuallığını qoruyub saxlamaqdadır. “Münaqişələr zamanı qadın olmaq əsgər olmaqdan çox vaxt daha təhlükəlidir. 2240 nömrəli qətnamənin məqsədi qadınların müdafiəsinin daha da gücləndirilməsidir”, – deyən M.Rahoy əlavə etmişdi ki, cinslərin bərabərsizliyi ədalətsizlik, tərəqqiyə maneə, sülhə və təhlükəsizliyə təhdiddir.

Avropa Şurasının 2018-2023-cü illər üçün Gender Bərabərliyi Strategiyası. Avropa Şurasının üzvləri tərəfindən 7 mart 2018-cidə Strasburqda qəbul olunub.

Onu da bildirək ki, 2000-2015-ci illəri əhatə edən Minilliyin İnkişaf Məqsədinin davamı olaraq 150-dən çox dünya liderinin iştirakı ilə 2015-ci il sentyabrın 25-27-də Nyu Yorkda keçirilən Dayanıqlı İnkişaf Sammitində 193 ölkənin yekdilliklə qəbul etdiyi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri 1 yanvar 2016-cı ildə rəsmi şəkildə qüvvəyə minib. Dayanıqlı İnkişaf Məqsədləri özündə 17 davamlı inkişaf məqsədinə nail olmağı ehtiva edir ki, onlardan beşincisi məhz “Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək” məqsədidir. BMT bununla bağlı bildirir ki, Minilliyin İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına (qızlar və oğlanların ibtidai təhsilə bərabər çıxış imkanları əldə etməsi də daxil olmaqla) baxmayaraq, dünyanın hər yerində qız və qadınlar hələ də ayrı-seçkilik və zorakılıqdan əziyyət çəkirlər. Qeyd olunur ki, gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. “Qız və qadınların təhsilə, səhiyyə xidmətlərinə, layiqli işə bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması iqtisadiyyatın dayanıqlılığına töhfə verə və ümumilikdə cəmiyyətə və bəşəriyyətə faydalı ola bilər”, – deyə BMT öz mövqeyini izah edir.

Azərbaycanda gender bərabərliyi; hüquqi təminat və real vəziyyət

 Bu ay XX əsrdə ikinci dəfə müstəqillik əldə etməsinin 27-ci ildönümünü qeyd edən Azərbaycan Respublikasında hər zaman qadınların cəmiyyətdə əhəmiyyətli yer tutmasını şərtləndirən qərarlar qəbul edilib. Güman etmək olar ki, bu da 2018-ci ildə yaranmasının 100 illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti qurucularının qoyduqları demokratik ənənəyə əsaslanır. Hələ bir əsr əvvəl Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verib və biz bununla haqlı olaraq öyünürük. Bu istiqamətdə fikirlərini öyrəndiyimiz Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova bildirdi ki, qadınlara seçki hüququnun verilməsi ilk növbədə Azərbaycanın İstiqlal Bəyannaməsində öz əksini tapıb: “İstiqlal Bəyannaməsində yazılır ki, Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər. Əgər bu meyarlar üzrə bütün vətəndaşlara bərabər hüquq verilirsə, burada təbii ki, seçib-seçilmək hüququ da ehtiva olunur. Bundan əlavə parlamentin yaradılması haqqında Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli qanununda həmin fikir bir daha təkrarlanır. Müəssislər Məclisinin açılması haqqında əsasnamədə də bu məqam öz əksini tapıb. Yəni, 3 əsas sənəddə cinsindən asılı olmayaraq vətəndaşlara bərabər hüquqlar verilməsi təsbit olunub. Yeri gəlmişkən, qeyd edim ki, 1945-ci ildə Azərbaycanın güneyində Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan milli hökumət də qadınlara seçib-seçilmək hüququ verib. Göründüyü kimi, qadınların hüquq bərabərliyinin təmin olunmasına çalışmaq Azərbaycan xalqının demokratik kəsiminin, ziyalı təbəqəsinin təbiətindədir”.

1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında isə qadınların və kişilərin eyni hüquq və azadlıqlara malik olması tam dolğunluğu ilə təsbit olunub. Ali qanunun 25-ci maddəsində (Bərabərlik hüququ) qeyd olunur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”, – deyə konstitusiyanın müvafiq maddəsində bildirilir.

Azərbaycanda gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri heç şübhəsiz, 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanunun qəbul edilməsi olub. Həmin ilin oktyabrın 10-da qüvvəyə minən qanunun məqsədi kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasından, beləliklə gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Qanunda cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının qadağan olduğu bildirilir.

Bundan əlavə Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən adları yuxarıda qeyd olunan konvensiyalara və onların əlavə protokollarına qoşulub. Belə ki, ölkə 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları haqqında” Konvensiyasına, 10 iyul 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına, 2000-ci ildə isə onun əlavə protokoluna qoşulub. Protokol 2001-ci ilin fevral ayında Milli Məclis tərəfindən ratifikasiya edilib. Azərbaycanın qoşulduğu sənədlər arasında Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Ərli qadınların vətəndaşlığı haqqında Konvensiya, Kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər ödəniş haqqında Konvensiya, Analığın mühafizəsi haqqında Konvensiya və başqaları da var.

Gender siyasətinin həyata keçirilməsi məqsədilə prezidentin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə 6 fevral 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır. Komitənin əsas məqsədləri qadınların hüquqlarının qorunması və ölkənin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır.

Hüquqi təminat nöqteyi-nəzərindən əldə olunan bu uğurlara baxmayaraq XXI əsrin əvvəlində gender bərabərsizliyi Azərbaycanda da ciddi problemlərdən biri olaraq qalmaqdadır. Azərbaycanlılar arasında da yayğın olan rus frazeoloji vahidi ilə ifadə etmiş olsaq, deməliyik ki, sazan ayrı, fazan ayrı. Yəni, gender hüquqlarının təmin edilməsi yönündə mütərəqqi qanunlarımız olsa da, praktiki durum fərqlidir.

Bu istiqamətdə fikirlərini öyrəndiyimiz “Qadın Problemlərinin Tədqiqi” İctimai Birliyi-“Qadın İnstitutu”nun direktoru, professor Sacidə Əbdülvahabovanın sözlərinə görə, qanunvericilik formal baxımdan qadınların qərarların qəbulu prosesində iştirakı ilə bağlı heç bir məhdudlaşdırıcı şərtlər irəli sürmür. Onun sözlərinə görə, qanunvericilik hüquqi baxımdan qadın və kişilər üçün eyni imkanlar yaradır: “Reallıqda isə dövlət, cəmiyyət və vətəndaş cəmiyyəti institutları tərəfindən müvafiq mexanizm və strategiyaların hazırlanmadığı və həyata keçirilmədiyi halda qadınların qərarların qəbulu prosesində iştirakı formal xarakter daşıyır və deklarativ məzmuna malik olur”.

S.Əbdülvahabova deyir ki, məhkəmə-hüquq sisteminə, habelə dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır. Lakin qadınların bir çoxu hakim, siyasi vəzifələr kimi yüksək bacarıq və məsuliyyət tələb edən vəzifələrdə təmsil olunmaqdan çəkinirlər: “Avropa Şurasının Ədliyyə Səmərəliliyi üzrə Avropa Komissiyasının 2018-ci ilin oktyabr ayının əvvəlində açıqlanan və 45 Avropa ölkəsini əhatə edən hesabatı da ədliyyə sistemində gender bərabərsizliyindən xəbər verir. Hesabatda qeyd olunub ki, Azərbaycan peşəkar hakimlər arasında qadınların təmsilçiliyi baxımdan geridə qalır. Bu göstərici Azərbaycanda 12, Ermənistanda 25 faizdir. Azərbaycanda prokurorların 5, vəkillərin isə 15 faizini qadınlar təşkil edir. Avropada qadın prokurorların orta göstəricisi 53 faizdir. Azərbaycanda qadın notariuslar və icra agentləri haqqında məlumat yoxdur. Halbuki, Azərbaycanda qadınlar əhalinin və seçicilərin yarıdan çoxunu təşkil edirlər. Ancaq onlar siyasi və ictimai həyatda qərar qəbuletmə ilə bağlı vəzifələrdə kifayət qədər təmsil olunmurlar”.

S.Əbdülvahabova əlavə edir ki, gender bərabərsizliyi münasibətlərdə, adət-ənənələrdə dərin kök salıb: “Mentallıq, stereotiplər bir çox hallarda gender bərabərliyinin təmin olunmasında, qadınların önə çıxması yolunda təəssüf ki, müəyyən baryerlər yaradır. Cəmiyyətdə bir çox insanlarda belə psixologiya formalaşıb ki, qadınların başlıca işi ailəyə baxmaq, ev təmizləmək və uşaqların qayğıları ilə məşğul olmaqdan ibarətdir. Bu tendensiya özünü əsasən kənd rayonlarında göstərir”.

Bundan başqa, o bildirib ki, qadınlar maddi cəhətdən də asılı olmamalıdırlar: “Məhz maddi asılılıq qadının inkişafına, karyera qurmasına mane olan başlıca amillərdəndir. Amma bizdə qadınlarımızın böyük əksəriyyəti kişilərdən həm də maddi baxımdan asılı olmağa məhkumdur”.

 

Bioloji nöqteyi-nəzərdən kişilər və qadınlar arasında oxşarlıq fərqlərdən daha çoxdur

 Gender bərabərsizliyi probleminin nəzəri və elmi əsassızlığını sübut etməsi üçün müraciət etdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, professor Əli Abasov isə bildirdi ki, insanın cinsi qadın və kişi arasındakı psixoloji və sosioloji fərqlərin başlıca səbəbi və əsası hesab olunur. Onun sözlərinə görə, elmi tədqiqatların inkişafı nəticəsində aydın oldu ki, bioloji nöqteyi-nəzərdən kişilər və qadınlar arasında oxşarlıq fərqlərdən daha çoxdur: “Tədqiqatçılar hətta belə hesab edirlər ki, kişilər və qadınlar arasındakı yeganə aydın və əhəmiyyətli fərq onların nəsil artırmasındakı rolu ilə bağlıdır. Bu gün aydın görünür ki, bu cür “tipik” cinsi fərqlər, məsələn, kişilərin daha hündürboy, ağır çəkili, əzələli və fiziki cəhətdən güclü olması olduqca dəyişkəndir və cinslə düşünüldüyündən daha az bağlıdır. Məsələn, Avropanın şimal-qərbində yerləşən ölkələrdə yaşayan qadınlar Asiyanın cənub-şərqində yerləşən ölkələrdə yaşayan kişilərdən daha hündürboydur. Bədənin, eləcə də fiziki gücün formalaşmasına qidalanma və həyat tərzi əhəmiyyətli dərəcədə təsir göstərir”.

Ə.Abasov qeyd edib ki, bioloji fərqlərdən asılı olmayaraq, insanların sosial rollarında, fəaliyyət formalarında və emosional xarakteristikalarında fərqlər mövcuddur: “Antropoloqlar, etnoqraflar və tarixçilər “kişi üçün tipik olan”, “qadın üçün tipik olan” haqqında təsəvvürlərin nisbi olduğunu çoxdan sübut ediblər; bir cəmiyyətdə kişi məşğuliyyəti (davranışı, xarakterik əlamətləri) hesab edilən, digərlərində qadın məşğuliyyəti kimi qəbul olunur. Dünyada qadın və kişilərin sosial xarakteristikalarının nəzərə çarpan müxtəlifliyi və bioloji xarakteristikalarının oxşarlığı belə nəticə çıxarmağa imkan verir ki, bioloji cins insanların sosial rollarının fərqlərinin izahı ola bilməz. Beləliklə, gender anlayışı meydana çıxarıldı. Gender anlayışı, bioloji cinsindən asılı olaraq, insanlara cəmiyyət tərəfindən təlqin edilən sosial və mədəni normaların məcmusunu ifadə edir. Qadın və kişilərin psixoloji xüsusiyyətlərini, davranış modellərini, peşə və fəaliyyətinin növlərini müəyyən edən bioloji cins deyil, sosial-mədəni qaydalardır. Cəmiyyətdə kişi və ya qadın olmaq yalnız bu və ya digər anatomik xüsusiyyətlərə sahib olmaq deyil, həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər gender rolunu icra etmək deməkdir”.

 

Uşaqların inkişafda olan şüuruna hər vasitə ilə gender normaları yeridilir

 Fikirlərini inkişaf etdirən Ə.Abasov daha sonra deyib: “Azərbaycanda və dünyanın bir sıra ölkələrində insan doğulandan etibarən gender sisteminin təsir obyektinə çevrilir – uşağa cinsindən asılı olaraq müxtəlif rəngli pal-paltar, oyuncaqlar alınır. Hətta əksər hallarda oğlan uşağının anadan olması daha böyük fərəhlə qarşılanır. Tədqiqatlar göstərir ki, yeni doğulmuş oğlan uşaqlarını daha çox yedirirlər. Qız uşaqları ilə isə daha çox danışırlar. Ailə tərbiyəsi prosesində (valideynlərin və qohumların simasında), təhsil sistemində (uşaq müəssisələrində tərbiyəçi və müəllimlərin simasında), ümumiyyətlə, mədəniyyət prosesində (kitablardan və kütləvi informasiya vasitələrindən) uşaqların inkişafda olan şüuruna gender normaları yeridilir, müəyyən olunmuş davranış qaydaları formalaşdırılır və “əsl kişi” kimdir, “əsl qadın” necə olmalıdır haqqında təsəvvür yaradılır. Sonralar bu gender normaları müxtəlif sosial və mədəni mexanizmlərin köməyi ilə saxlanılır”.

 

Bəzən kişilər də stereotiplərin qurbanı olur

Ə.Abasov onu da bildirib ki, müasir dövrdə qadınlara qarşı tətbiq olunan gender əsaslı ayrı-seçkilik, qadağalar və stereotiplər həm elmi sahədə, həm də ictimai müzakirələrdə və media orqanlarında geniş işıqlandırılır. Kişilərin rastlaşdığı gender əsaslı məhdudiyyətlər isə yalnız arabir müzakirə predmetinə çevrilir: “Lakin bu demək deyil ki, müxtəlif cəmiyyətlərdə kişilər bu kimi problemlərlə üz-üzə gəlmir. Məsələn, ənənəvi patriarxal dəyərlərin hökm sürdüyü şəraitdə iqtisadi böhran üzündən “ailənin əsas təminatçısı” funksiyasını yerinə yetirə bilməyən kişilər ciddi mənəvi-psixoloji və sosial təzyiqlərə məruz qala bilər. Buna bənzər mühitdə həyatını ev işlərinə və uşaqların tərbiyəsinə həsr etməyə qərar verən kişi də ətrafdakıların qınaq və ya istehza obyektinə çevrilir”.

 

Qadınların nəsibi: aşağı status, orta əmək haqqı

 Qeyd edək ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qadın və kişilər iqtisadiyyatın müxtəlif sektorlarında qeyri-bərabər təmsil olunurlar. Buna baxmayaraq, qadınların üstünlük təşkil etdiyi sektorlar üçün adətən, aşağı status və orta əmək haqqı səciyyəvidir. Sacidə Əbdülvahabova bununla bağlı olaraq deyir ki, əmək bazarında əmək haqları kişilərin xeyrinə qeyri-bərabər şəkildə bölünür: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yekunları üzrə qadınların orta aylıq əmək haqqı 317 manat, kişilərin orta aylıq əmək haqqı 630 manat olub. Yəni, təxminən 2 dəfə fərq var. Statistika onu da göstərir ki, bəzi sahələrdə kişilərin əmək haqları qadınlara nisbətən 50 faiz yüksəkdir. Bu hal kişi və qadınlara eyni vəzifəyə görə fərqli əmək haqlarının ödənilməsindən deyil, qadınların nisbətən aşağı səviyyəli vəzifələrdə çalışmasından irəli gəlir. Halbuki, Azərbaycan BMT-nin ixtisaslaşmış bölməsi olan Beynəlxalq Əmək Təşkilatının Əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiyasına, həmçinin Kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər ödəniş haqqında Konvensiyasına qoşulub. İndi ölkədə belə bir vəziyyətin hökm sürməsi bu konvensiyalarda təsbit olunmuş prinsip və normalara uyğun gəlmir”.

Qadın və kişilərə əmək haqlarının bərabər ödənişində mövcud olan hala dair fikirlərini açıqlayan Əli Abasov isə bunun ölkəmizdə yaşanan bir çox problemlərin baiskarı olan keçmiş SSRİ ilə birbaşa bağlı olduğunu vurğulayıb: “Sosial cins yanaşması mövqeyindən izah etmək mümkün deyildi ki, nə üçün keçmiş SSRİ-də həkimlərin, hakimlərin və ya bank qulluqçularının böyük hissəsini qadınlar təşkil etdiyi halda, Avropa və Amerikada kişilər təşkil edirdi. Vəziyyət yalnız o zaman aydınlaşır ki, tədqiqatçılar gender nəzəriyyəsi mövqeyindən bu və ya digər peşənin cəmiyyətdəki nüfuzunu və əmək haqqının miqdarını təhlil edir. Aydındır ki, keçmiş SSRİ-də həkimlərin böyük əksəriyyətinin qadınlar olması, onların biodeterministlərin söylədiyi kimi “anadangəlmə daha şəfqətli və fədakarlığa meylli olması” və ya bu sosial rolun onların cinsinin nümunəsi olduğuna görə yox, bu işin daha aşağı maaşlı, (məsələn, hərbi-sənaye kompleksi ilə müqayisədə) və ümumiyyətlə, az nüfuzlu (məsələn, fəhlələr həkimlərdən daha çox sosial imtiyazlara sahib idilər) olmasına görə idi”.

 

Jurnalist qadın bir kişidən müsahibə götürürsə…

 “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri, ölkədə ilk dəfə “Gender: fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətlər” mövzusunda doktorluq dissertasiyası yazaraq müdafiə edən Rəna Mirzəzadə isə təəssüf hissi ilə bildirdi ki, bu gün Azərbaycan jurnalistikasında qadınlar, o cümlədən gənc qızlar çoxluq təşkil etsələr də, onlar kişilərin rəhbərliyi altında çalışırlar: “Keçmiş sovet respublikalarının bir çoxunda olduğu kimi Azərbaycan kütləvi informasiya vasitələrinin də gender nöqteyi-nəzərindən ən böyük çatışmazlığı seksizmin (latınca sexus “cins”-qadın və kişilərə qarşı sırf cinsi mənsubiyyətə görə tətbiq olunan məhdudlaşdırıcı hərəkət və qaydalar) açıq və gizli formalarının mövcud olmasıdır. Bu isə KİV-lərdə, əsasən də televiziyalarda çalışan bir çox jurnalistin şübhələnmədiyi çox ciddi və dərin problemdir. Tez-tez təkrarlanan çox gülünc bir misal gətirək; əgər jurnalist qadın bir kişidən, xüsusilə də kişi siyasətçidən müsahibə götürürsə, o həmin siyasətçinin şəxsi həyat məsələsinə ümumiyyətlə toxunmayacaq. Ancaq əgər həmin jurnalist qadından, xüsusilə də qadın siyasətçidən müsahibə götürürsə, bu zaman avtomatik olaraq şəxsi həyat və ailəyə aid sual verilir. Belə olan halda, jurnalist qadın, mövcud Azərbaycan cəmiyyətinin nümayəndəsi kimi, az qala kortəbii olaraq cəmiyyəti belə bir fikrə inandırır ki, heç bir qadın müəyyən şəkildə şəxsi həyatına aid olmayan sahədə xoşbəxt ola bilməz”.

R.Mirzəzadə daha sonra deyib: “Biz çox vaxt düşünmürük ki, qadının seksuallığı və nəsilartırma qabiliyyəti potensialı onun bioloji yox, mədəni xüsusiyyətlərindəndir. Məhz bu səbəbdən qadın maskulin cəmiyyətlərdə (latınca mascuhnus “kişi”-kişilərin hegemon olduğu cəmiyyətlər) kişidən fərqləndirilərək mediada “zəif” kimi qələmə verilir və patriarxal münasibətin qurbanına çevrilir. Əgər kişi özünün kimliyini işi, sosial statusu, maliyyə durumu və sair bu kimi amillərlə müəyyən edirsə, qadında bu məsələ tamamilə fərqlidir. Seksizmin oxşar ifadələri şou-biznes, model biznesi, sağlamlıq və digər oxşar sahələrlə bağlı olan Azərbaycan televiziya kanallarının bütün verilişlərinə bu və ya digər formada yol tapır. Əlbəttə, seksizmlə mübarizədə “qurunun oduna yaşı da yandırmaq”, yəni proletar geyim və davranış tərzinə keçmək təhlükəlidir. Əsas məsələ hər zaman qadınların şəxsiyyətinin tanınmasıdır ki, bu da heç də kişilərin qadının bədəninə baxmasından ibarət deyil”.

 

Medianın gender bərabərliyinin təmin edilməsinə verə biləcəyi töhfələr

 R.Mirzəzadə onu da bildirib ki, “seksizm” kimi adlandırılan fenomenə qalib gəlmək bir günün işi deyil. Bununla yanaşı, bu təhlükə barədə durmadan danışmaq lazımdır, çünki biz əsl təəccüblə qızlarda və oğlanlarda hətta 10 yaşından başlayaraq bu residivi aşkar edirik: “Bu baxımdan məktəblilər üçün genderlə bağlı təlimləri televiziyalarda ona müvafiq tok-şoularla birləşdirib təbliğ etmək çox maraqlı və əhəmiyyətli olardı. Gender bərabərsizliyi probleminin həllində onların ictimai müzakirəsinə böyük əhəmiyyət verilir. Bundan başqa, gender bərabərsizliyi probleminin televiziya və radiolarda işıqlandırılma saatlarının artırılması, televiziyalarda mövcud verilişlərin və məqalələrin gender təhlilinin aparılması, xüsusi qəzet və jurnalların nəşr edilməsi, mediada rəhbər vəzifələrdə jurnalist qadınların iştirakının təmin edilməsi mövcud vəziyyətdən çıxış yolları kimi nəzərdən keçirilə bilər. Çünki gender bərabərliyi mövzusu KİV-də istənilən səviyyədə işıqlandırılmır. Qadınlar əksər hallarda gözəllik nümunəsi kimi reklam edilir. Cəmiyyətdə qadına münasibət məsələsinə ciddi yanaşmağa və KİV vasitəsilə bu sahədə maarifləndirmə işi aparmağa böyük ehtiyac var”.

 

***

Klassik yunan fəlsəfəsinin ilk nümayəndəsi Sokrat deyirdi ki, üç nəsnəni xoşbəxtlik hesab etmək olar; sənin vəhşi heyvan olmadığını, barbar olmadığını və qadın olmadığını. Antik dövrdə – 2500 il bundan əvvəl yaşayan filosofun fikirlərində əks olunmuş problem əfsuslar olsun ki, bu gün də öz aktuallığını saxlamaqdadır. Halbuki, bəşəriyyət elmi-texniki cəhətdən inkişaf etdikcə şüurlarda da inkişaf getməli idi. Yazını ərsəyə gətirərkən qoyulan mövzu üzrə saysız-hesabsız yazıları nəzərdən keçirərkən də gender bərabərsizliyi probleminin əslində, düşünüldüyündən daha ciddi və ağrılı problem, cəmiyyətlərin inkişafını ləngidən bir vasitə olduğuna əmin olduq. Məhz bu səbəbdən məqalə yazıldıqca yazıldı. Onun qoyulan mövzunu nə dərəcədə əhatə etdiyini, gender hüquqlarının təmin edilməsi yönündə praktiki durum barədə nə dərəcədə təsəvvür formalaşdırdığını, bir sözlə keyfiyyətinin necə olduğunu müəyyənləşdirmək isə dəyərli oxucuların və yazının təqdim olunduğu müsabiqənin münsiflər heyəti üzvlərinin üzərinə düşür.

Səxavət Həmid

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının jurnalistlər arasında keçirdiyi “Gender hüququ: gender balansın stimullaşdırılmasında medianın rolu“ mövzusunda məqalə müsabiqəsinə təqdim olunur.