XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 22:44

Nazir:"Bakıda yaradılacaq İnnovasiya Mərkəzi gənc sahibkarlar üçün ideyaların təşviq məkanına çevriləcək"

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı öz işini davam etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransa hökumət başçıları, İKT sahəsi üzrə nazirlər, nazir müavinləri, akademik təsisatların, eləcə də, özəl şirkətlərin nümayəndələrindən ibarət 2500-dən çox iştirakçı qatılıb.

29 oktyabrdan öz işinə başlayan konfrans noyabrın 16-dək davam edəcək.

Bu gün səlahiyyətli konfrans çərçivəsində keçirilən plenar iclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.

Nazir bildirib ki, Azərbaycan İKT sektorunun inkişafı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirak etmək üçün davamlı işlər görür.

Azərbaycanın İKT-nin İnkişafı üzrə “Əlaqəlik 2020” Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edən R.Quluzadə ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb.

Nazir bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyası”nda öz əksini tapıb:

“Bu baxımdan, biz ölkədə telekommunikasiya, İKT-nin geniş tətbiqi, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi və eyni zamanda rəqəmli iqtisadiyyatın təmini üçün müasir texnologiyaları tətbiq edirik. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzvlük dövründə ölkədə bütün İKT infrastrukturu daim inkişaf etdirilib. Bu gün Azərbaycan əhalisinin 80%-dən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 64%-də kompüter var. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya çatır. Biz mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayını artırır, “4G” texnologiyalarının tətbiqini genişləndiririk. İKT infrastrukturuna qoyulan investisiyalar böyük nəticələr verməkdədir. Belə ki, 2016-cı ildə Cənubi Qafqaz regionunda ilk TIER III səviyyəli sertifikata malik Data Mərkəzini istifadəyə vermişik. Kiçik və orta biznesin, startap ekosisteminin imkanlarını artırmaq üçün Bakıda İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz gənc sahibkarlar üçün innovativ ideyaların təşviq edilməsi məkanına çevriləcək”.

BTİ tərəfindən dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM)” layihəsi üzrə həyata keçirilən işlərdən də danışan nazir qeyd edib ki, magistralın məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttinin inşasıdır. R.Quluzadə bildirib ki, bu layihə “rəqəmli fərqliliyi” aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaqdır.

Səlahiyyətli konfransın dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni tendensiyalar müəyyən edəcəyinə ümid etdiyini bildirən nazir Azərbaycanın öz növbəsində İttifaqın fəaliyyəti çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb”.