XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2018 - 18:27

Tarix Muzeyinin Fond rəhbəri:“Bizdə ermənilərin soyqırım zamanı istifadə etdikləri top saxlanılır”(MÜSAHİBƏ)

Milli Azərbaycan Tarix Muzeyinin Silahlar və Bayraqlar Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc xanım Vahabova 1905.az-saytına müsahibə verib.

 Strateq.az müsahibəni oxucularına təqdim edir:

 – Sevinc xanım, Milli Azərbaycan Tarix Muzeyinin Silahlar və Bayraqlar Fondunda nümayiş etdirilən eksponatlar hərb tariximiz haqqında yetərli məlumat verə bilirmi?

– Əvvəla, qeyd edim ki, fondumuzda 1500-dən artıq material qorunub saxlanılır. Bunların əsas hissəsini təşkil edən müdafiə, soyuq və odlu silahlar Azərbaycanın maddi mədəniyyət bdidələri kimi milli-mənəvi dəyərlərimizi, soy-kökümüzü sübut edən tarixi mənbədir. Muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahsazlarının yüksək peşəkarlığını özündə ehtiva edir. Ən qədim dövrlərdən Azərbaycanda silah igidlik və hərbi şücaət təcəssümü, hakimiyyət simvolu sayılıb.

– Məlumdur ki, xalq yaradıcılığı hər bir etnosun mədəniyyət səviyyəsini müəyyənləşdirir. Azərbaycan xalqı da hələ qədimdən silah hazırlanması işində şöhrət qazanıb. Silah hazırlanması həm də ayrı-ayrı ailələrin sirrini çoxlarından gizlətdikləri bir sənət idi. Silahlara əsasən ustaların adlarını öyrənmək mümkündürmü?

– Həqiqətən də Azərbaycan silahları əsrlər boyu xalqın bədii, estetik normalarının texniki təfəkkür və təcrübə ilə birləşməsinin unikal nümunələri olmuşdur. Bizim muzeydə nümayiş etdirilən silahların üzərindəki ustaların damğaları, möhürləri, sifariş verən adamların adları onların məhz Azərbaycan ərazisində hazırlandığını göstərir. Orta əsrlərdə tez-tez baş verən xarici basqınlar və daxili feodal müharibələri sənətkarlıqda silah istehsalının xüsusi yer tutmasına səbəb olmuşdur. Silahların hazırlanmasına mahir ustalar cəlb olunur və kütləvi şəkildə müxtəlif növ silahlar istehsal edilirdi. Ona görə də orta əsr abidələrindən arxeoloji qazıntılar nəticəsində başqa maddi mədəniyyət qalıqları ilə birlikdə xeyli silah növləri də aşkar edilir. Qazıntılar zamanı tapılan silah nümunələri şəhər sənətkarlığı və həmin dövrün döyüş texnikası haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Bizim fonddakı silahları müəyyən tarixi qaynaqlar, miniatürlərlə tutuşdurduqda, həmin silahların analoqlarını başqa ölkələrdə də görmək olar. Təbii ki, onlar Qafqaz silahı adı altında gedirlər. Hətta Şəmşir qılıncları İran qılıncı kimi gedir. Buna görə də həmin silahların mənimsənilməsi faktının qarşısını almaq, Azərbaycan silahı kimi tanıtdırmaq üçün onlar müxtəlif kataloq və bukletlərə daxil edilir.

– Azərbaycan hərb tarixində odlu silahların da öz yeri var…

– Azərbaycanın çoxəsrlik hərb tarixində orta əsrlər özünəməxsus yer tutur. Orta əsrlər həm də odlu silahın meydana gəlməsi ilə əlamətdardır. Azərbaycanda odlu silahın təkamülü prosesini, həmin silahları iki istiqamətdə öyrənmək olar: topçular və şəxsi (fərdi) odlu silahlar. Azərbaycanda odlu silahın ilk nümunələri (toplar) quruluşuna, keyfiyyətinə və istehsal üsuluna görə çox müxtəlif idi. Silahlar ayrı-ayrı ustalar tərəfindən düzəldilirdi ki, ustaların hər biri öz biliyini gizli saxlayırdı. Bu bilgilər yalnız irsən atadan oğula keçirdi. Silahı hazırlayan usta adətən döyüşdə ona qulluq edirdi. Ona görə də topçular süvari şəxslər deyil, xüsusi sexin ustları sayılırdı.

– Silahlar və Bayraqlar Fondunda həm də adından da göründüyü kimi, bayraqlar kolleksiyası da mühafizə olunur. Kolleksiyada Azərbaycan tarixinin hansı dövrünü əks etdirən bayraqlar var?

– Çox unikal bayraq kolleksiyamız var. Bayraqlar kolleksiyasını ayrı-ayrı xanlıqlara, çar ordusunun tərkibində döyüşən müxtəlif müsəlman alaylarına məxsus bayraqlar təşkil edir. Həmin bayraqlar müxtəlif səbəblərdən Azərbaycandan aparılmışdı. 1924-cü ildə onlar Tiflisdəki Qafqaz Hərb Muzeyindən alınıb. Onların işərisində Şəki, Bakı, Gəncə, İrəvan xanlıqlarının, bir sıra Cənubi Azərbaycan xanlıqlarının bayraqları var. Bu bayraqlar çox nəfis parçalardan tikilib, üzərlərində gözəl nəbati ornamentlər və yazılar əks etdirilib. Xanlıqlarımızın bəzi bayraqları üzərində qan ləkələri var. Bu da onların döyüş bayraqları olduğunu sübut edir. Bu həm də onların orpjinallığına, mulyaj olmadıqlarına dəlalət edir. Onların bəzilərinin surətləri bizim tərəfimizdən sifariş etdirilib və digər tarix muzeylərində nümayiş etdirilir. Fondda həmçinin sovet dövrünə aid, Azərbaycan diviziyalarına məxsus bayraqlar da mühafizə olunur.

– Həm silahlar, həm də bayraqlarla bağlı ekspoziyalar yeniləşirmi?

– Əlbəttə, ekspozisiya daim təkmilləşdirilir. Yeni eksponatlar alındıqca, onlar ziyarətçilərə təqdim olunur. Milli Azərbaycan Tarixi Muzeyinin mövcud 11 fondunun hamısında eksponatlar mütəmadi olaraq yeniləşdirilir.

– Yeni materiallar əhalidən satın alınır?

– Bir hissəsi əhalidən satın alınır, digər qismi isə alqı-satqı komissiyası tərəfindən əldə edilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən muzey üçün vəsait ayrılıb. Həmin vəsait hesabına həm yeni materiallar alınır, həm də eksponatların bərpası və konversasiyası həyata keçirilir. Məsələn, bayraqlar çox nəfis Şərq ipəyindən hazırlanıb. Üstündən xeyli müddət keçdiyindən, parçalar köhnəlib və ya deformasiyaya uğrayıb. Bu vəsait hesabına onların bərpası həyata keçirilir.

– Tarix Muzeyində azərbaycanlıların 1905-1906-cı illərdə və 1918-ci ildə məruz qaldıqları soyqırımla bağlı şöbə varmı?

– Bizdə soyqırımla bağlı eksponatların nümayiş etdirildiyi zal var. Orada soyqırımla bağlı müxtəlif stendlər, məlumat xarakterli afişalar, müxtəlif fondlara aid olan eksponatlar nümayiş olunur. Hətta ermənilərin 1918-ci ilin mart hadisələri zamanı azərbaycanlılara qarşı istifadə etdikləri Xatisov zavodunda istehsal edilən top da nümayiş olunur. Əlbəttə belə bir zalın mövcudluğu gənclərimizin vətənpətvərlik ruhunda tərbiyə olunması və tariximizin qanlı-qadalı səhifələrinin öyrənilməsi baxımından çox vacibdir.

– Maraqlı müsahibəyə görə sağ olun.

Gündüz Nəsibov

1905.az