XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2018 - 14:34

Lənkəran-Astara bölgəsinə intensiv yağış yağır –FHN 38 nəfər təxliyə edib (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə edilib. Hazırda intensiv və güclü yağış davam edir.

Düşən yağıntının miqdarı Naxçıvan Muxtar Respublikasında 2-3, Böyük Qafqazda 1-14, Lənkəran-Astara bölgəsində 1-25, Mərkəzi-Aran rayonlarında 1-18 millimetr təşkil edib. Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadası üzrə Ələtdə 11, Bakı Dövlət Universitetində 10, Pirallahıda 8, Bakıda 5, Binə, Zabratda 4, Maştağada 3, Bayıl yamacında 2, Sumqayıtda 0,7 millimetrə bərabər olub.

Noyabrın 12-də səhər saatlarından başlayaraq, Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər su ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, nazirliyin “112 – qaynar xətti”nə daxil olmuş müraciətlərlə əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb edilib. Həyətyanı sahələrin su ilə dolması nəticəsində köməksiz qalan 38 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Xilasetmə işləri davam etdirilir.