Bağımsızlığımız elan olunana qədər heç bir dini və siyasi cərəyan, radikal təriqətlər və sektalar digər sovet respublikaları kimi Azərbaycana da daxil ola bilmirdi. Ona görə yox ki, Azərbaycanda onların ayaq tutub yeriməsi üçün münbit şərait yox idi və insanlar yad təlimlərə dirəniş göstərmək üçün kifayət qədər yaxşı hazırlıqlı idi. Bu, ona görə idi ki, sovet imperiyası dönəmində dini və siyasi fəaliyyət yasaq idi. Bu, bir tərəfdən yaxşı idi. Yaxşı idi ona görə ki, gündə bir yad ideologiya gəlmirdi, insanlarımızı yüz yerə parçalamırdı. Qardaşın biri qərbçi, digəri İrançı olmurdu. Yaxud biri radikal təriqətçi, digəri nurçu olmurdu. Millətin monolitliyi qorunurdu. Pis idi ona görə ki, bu monolitlik inzibati yolla qorunub saxlanırdı. İnsanlar özləri xaricdən gələcək yad təsirlərə dirəniş göstərmək gücündə deyildi. Buna daxili hazırlıqları yox idi. Birdən-birə sərhədlər açıldı və toplum hər tərəfdən hücuma məruz qalan müdafiəsiz, divarları uçub-dağılmış qala durumuna düşdü. Radikal dini təriqətlərdən tutmuş, ən əski bütpərəst dinlərə qədər müxtəlif inancların təbliğçiləri Azərbaycana daxil oldu və asanlıqla özlərinə dayaq qura bildi. Az qala insanları çoxu hazır xammal idi. Ona hansı təlimi təbliğ etmək üçün yaxınlaşıb bir qədər söhbət aparsan və çantanda gəzdirdiyin kitabdan sitat gətirsən təsir altına düşəcəkdi. “Yahova şahidləri” kimi bəzəkli şəkilləri olan jurnalları açıb göstərsən, “Bax, bura cənnətdi. Gör burada insanlar necə də şən və qayğısızdı! Əyər bizim dediklərimizi qəbul edib, bizim kimi yaşasan sən də cənnətə gedəcəksən” – deyən kimi insanların ilgisini çəkirdi. Bu gün durum fərqlidimi? Bu gün o yad cərəyan və ünsürlər Azərbaycana daxil ola, insanları təsir altına ala bilmirlərmi? Yazıqlar olsun ki, bu yöndə durum yenə acınacaqlıdı. Doğrudu, indi yad təlimlər istədiyi insanı rahatlıqla təsir altına ala bilmir. Ona görə yox ki, artıq bu insanlar tam hazırlıqlıdı və istənilən yad təsirə dirənəcək qədər daxili hazırlıqları və bilikləri var. Ona görə ki, təsir altına düşəcək insanların çoxu artıq “işğal olunub”, “zanit”dir. O, artıq, ya “yahova şahidi”dir, ya “sələfi”dir, ya “xəvaric”dir, ya “nurçu”dur, ya “krışnaist”dir və sair. Bu baxımdan missionerlərin işi bir qədər çətinləşib. Ancaq bu proses bu gün də davam etməkdədir. Bəs, bunun səbəbi nədir ki, onlar hələ də cəmiyyətimizin ayrı-ayrı təbəqələrini təsir altına almaqda, potensial antiazərbaycançı yetişdirməkdə davam edə bilirlər? Onların gücü nədədir? Bunun tək bir səbəbi var: Azərbaycanda ciddi ideoloji boşluq var. Yəni missionerlərin gücü bizim gücsüzlüyümüzdədir. O güc isə ideologiyadır. Hər cür yad ideologiyalara dirəniş göstərə biləcəyimiz milli ideologiya. Yalnız milli ideologiya ilə silahlanmış insanlar yad ideologiyanın yemi olmayacaq. Bəs, bunun üçün nə etməli?! Bunun üçün iki seçim var:
1.Dövləti ayaqda tutacaq və millətin monolitliyini qoruya biləcək heç bir boşluğa yer olmayan dolğun Milli İdeologiya yaradılmalıdır. Bundan sonra tədricən sekulyarizmə əsaslanan sivil dövlət modeli oluşdurulmalıdır.
Yaxud;
2.İslamın Azərbaycan modeli işlənib hazırlanmalıdır.
Ermənistan xristian ölkəsidir. Orada Xristianlığın Ermənistan modeli var. İran müsəlman ölkəsidir. Orada İslamın İran modeli var. Yaxud Ərəbistanda İslamın Ərəbistan modeli var və buna uyğun idarə olunur. Bu gün Yahudi xalqının monolitliyini qoruyan ən ümdə nədənin İudaizmin monoetnik din olmasıyla yanaşı bu dinin bütünlüklə yahudi(lik) modeli olmasıdır. Yəni, bu dini qəbul edən insan burada kimisə təsir altına ala bilmir, əksinə, tədricən özü bu modelin içində əriyir. Bu gün bizim də yad təsirlərdən və petensial təhlükələrdən qorunmaq üçün çıxış yolumuz yad təsirlərə dirəniş göstərməkdən əlavə, yad təsirləri öz içində əridə biləcək Milli İdeologiyanın yaranması, yaxud, milli dəyərlərlə İslamın sintezindən oluşmuş İslamın Azərbaycan modelini yaratmaqdır. Bununla da dövlətimizin əbədi var olmasını və millətimizin monolitliyini təmin etmiş olarıq.
Namiq Hacıheydərli