XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 13:59

Müdafiə Nazirliyi MAXE kurslarına daxil olmaq istəyənlərə müraciət edib –ELAN

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşadək hərbi vəzifəlilər dekabrın 1-dən 20-dək müvafiq sənədlərlə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə nazirliyin Hərbi Həkim Komissiyasına göndərilir. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqlarının, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə müqavilə imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlərin qəbul komissiyalarına müraciət zamanı təqdim etməli olduqları sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Sənədlər Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və hərbi birliklərin qərargahlarında qəbul edilir.

Vətəndaşlar dekabrın 1-dən 20-dək bazar günləri istisna olmaqla hər gün saat 09.00-dan 14.00-dək müraciət edə bilərlər. Hər hansı məlumat almaq üçün (012) 538-85-62 telefon nömrəsinə müraciət etmək lazımdır.

Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin hər hansı bir maddəsilə (156-cı maddənin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) və “q” bəndi (ştatların ixtisarına görə) istisna olunmaqla) ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq, məhkumluğu olan hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.