XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2018 - 14:59

“Şəhər uşağı olmaq” asandırmı? –Şəhərdəki yoxsul uşaqlar kənddəki yaşıdlarından pis yaşayır (HESABAT)

Dünyada şəhər əhalisinin sayı hər gün 220 min nəfər, yaxud ildə 80 milyon nəfər artır. Təxminən 10 il öncə dünya rəsmən əsasən şəhərləşmiş bir planetə çevrildi.

Urbanizasiya insan inkişafında böyük rol oynayıb, uşaqların sağ qalması, inkişafında ciddi uğur əldə olunub. BMT-nin uşaq fondu olan UNICEF-in bu günlərdə açıqladığı hesabatda deyilir ki, şəhərdə doğulan uşaqlar kənddə yaşayan həmyaşıdları ilə müqayisədə tibbi xidmətə və təhsilə, su və sanitariyaya, enerji xidmətlərinə daha yaxşı çıxış əldə edirlər. “Şəhərdə yaşamağın üstünlüyü” o deməkdir ki, şəhərdə ailələr daha çox qazanır, daha yaxşı infrastrukturdan faydalanır, daha yaxşı təhsil alır, əsas xidmətlərlə daha yaxın yaşayırlar.

Amma dərindən baxanda bəlli olur ki, şəhər uşaqlarının heç də hamısı bu imtiyazlardan bərabər faydalana bilmir və uşaqlar üçün şəhərdə yaşamağın üstünlüyü anlayışı həddindən artıq ümumiləşdirmədir. Məsələn, şəhərlə bağlı bir çox imtiyazlar, əslində, ailənin nə qədər imkanlı olmasına bağlıdır. Şəhərdəki yoxsul uşaqlar hətta kənd yerlərindəki həmyaşıdlarından da pis vəziyyətdə yaşayırlar.

Şəhər həyatının paradoksu ondadır ki, ortalama götürəndə şəhər sakinləri xidmətlərə və imkanlara daha yaxşı çıxış əldə edirlər, amma şəhər əhalisinin böyük bir hissəsi bu anlamda geri qalır. Məsələn, hər dörd ölkədən birində ən yoxsul şəhər uşağının beş yaşına çatmadan ölməsi ehtimalı kənddəki həmyaşıdına nisbətən daha yüksəkdir. Hər 6 ölkədən birində isə ən yoxsul şəhər uşağı kənd yerlərindəki həmyaşıdları ilə müqayisədə ibtidai məktəbi bitirə bilmir.

Hesabatda əvvəllər kənd fenomeni olan yoxsulluğun da getdikcə şəhərləşməyə məruz qaldığı vurğulanır. (Azadlıq Radiosu)