Bir çoxumuz edilməsi müşkül olan bir iş görəndə “nəcisdən konfet düzəldirəm”-deyirik. Nədən belə deyirik?-çünki nəcis dünyanın ən pis nəsnəsi olduğu kimi, ən dadlı nemətlərindən biri isə konfetdir və təbii ki, ən pis nəsnədən ən yaxşı məhsul meydana gətirmək mümkün deyil. Bizim mentalitetimizə görə, nəcisi yalnız ətrafımızdakı dənizlərə, çaylara, göllərə axırmaq olar. Başqa sözlə, pişiklər necə öz zibillərini torpaqda basdırırsa, biz də tullantılarımızı ərtafımızdakı sulara gömürük. Nəticədə ekologiyamız korlanır, çimərliklərimiz istifadə olunmaz hala gəlir. Biz nəcisimizi harda gizlətməyimizin dərdini çəkdiyimiz bir zamanda avropalılar, deyəsən, ondan “konfet” düzəltməyi bacardılar.
Söhbət qida məhsulu olan həqiqi konfetdən getmir. Avropalılar nəinki nəcisə, hətta yuyulub təmizlənmiş heyvan bağırsağından yemək bişirən türk adətlərinə belə xor baxırlar. Hətta Türkiyənin qarşısına AB-liyinə girmək üçün qoyduqları öhdəliklərdən biri də kokoreçdən imtina idi. Nədən ki, kokoreç bağırsaqdan hazırlanır, bağırsaq isə canlı orqanizmində nəcisin keçdiyi ətdən düzəldilmə bir kanaldır. Əl-qərəz, nəcisin dəydiyi əti belə haram görən avropalılar ondan bizim anladığımız konfeti düzəltməzlər.
Söhbət ondan gedir ki, ifrazata bu qədər üz turşudaraq baxan avropalılar, bu sofuluqlarına rəğmən, nəcislərinin də qədrini bilirlər. Məhz, bu qədirbilmələrinin sayəsində indi dünyanın qoca qitəsində avtobuslar nəcislə çalışacaq. Məlumata görə, İngiltərə nəcislə işləyən avtobuslardan birini artıq istifadəyə verib.
Şəkildə gördüyünüz bio-bus adlanan bu ictimai nəqliyyat vasitəsi yalnız ingilislərin ağlının məhsulu deyil və avropalılar bu addımı yanacaq qıtlığından da atmayıblar. İngilislərdən qabaq bu ideya norveçlilərin ağlına gəlib və həmin ölkədə 100 ədəd bio-busun düzəldildiyi bildirilir. Norveç isə Avropanın neft zəngini ölkəsidir və təbii sərvətləri o qədər çoxdur, onu xaricə belə satır. Statistik məlumatlara görə, bu məmləkət dünya ölkələri arasında neft ixracatına görə 5-ci, qaz ixracatına görə isə 2-ci yerdədir. Qısası, neft və qazları nəcislərindən çoxdur. Di gəl ki, norveçlilər də nəcislərini nə qədər batırsan batmayacaq Şimali Buzlu okeanının soyuq sualarına axıtmaq istəmirlər. Bunun yerinə, ondan bio-enerji kimi istifadə etməyə üstünlük verirlər. Norveçdə bio-buslar indiyə qədər istifadəyə verilməsə də, bu ölkənin ingilislər tərəfindən açılan cığırda ən sürətlə irəliləyən məmləkət olacağına şübhə yoxdur.
Avropanın, hələ ki, iki ölkəsində düzəldilən bio-buslar nəcislə işləyəcək dedik, amma ağlınıza elə gəlməsin ki, bu nəqliyyat vasitələrinin bakına vedrə-vedrə nəcis doldurulacaq. Sofumicazlı avropalılar əllərini belə zibilli işlərə bulaşdırmazlar. Onlar nəcisin əl vurmadan yanacağa çevirməyin yolunu tapıblar. Bu bio-yanacaq kanalizasiyalarda toplanan nəcisin meydana gətirdiyi metan qazını saflaşdırılaraq istifadəsi prinsipinə əsaslanır. Yəni bio-busların istifadəyə verildiyi ölkələrdə insanların ifrazatları milli sərvət kimi böyük anbarlara doldurulucaq və onun qazından yanacaq kimi istifadə ediləcək. Qısası, Avropa vətəndaşlarının hər biri bir neft quyusuna çevriləcək.
Bizimkilərin qulağından uzaq, yoxsa insan üçün də sayğac hazırlayarlar.
Heydər Oğuz