Almaniyada keçirilən son sorğunun nəticələri 18-34 yaş arası şəxslərin “Xolokost”dan (yəhudi soyqırımı) xəbəri olmadığını ortaya qoyub.
“Sueddeutsche Zeitung” qəzetinin yazdığına görə, nəticələr yəhudilərin İkinci dünya müharibəsində kütləvi surətdə qırılması faktının əhalinin kollektiv şüurundan çıxdığını göstərir.
Sorğu ABŞ-ın CNN kanalının sifarişi ilə “ComRes” araşdırma insitutu tərəfindən minlərlə avropalı gənc arasında keçirilib. Almanların 40%-i nasist Almaniyasında yəhudilərin məhv edilməsi barədə olduqca az şey bildiklərini və ya “ümumiyyətlə heç nə eşitmədiklərini” bildiriblər. Avropalıların 35%-i də eyni cavabı verib.
Sorğuda iştirak edənlərin İsrailə münasibəti də birmənalı olmayıb. Respondentlərin yalnız 54%-i İsrailin yəhudi dövləti olaraq varlığını qəbul edib.
Onların üçdə bir hissəsi İsrailin tənqid olunmasını antisemitizmlə əlaqələndirib. Qalan hissəsi isə İsrailin “Xolokost”dan öz əməllərinə haqq qazandırmaq üçün sui-istifadə etdiyini düşünür.
AFR hökumətinin antisemitizm məsələləri üzrə nümayəndəsi Feliks Klyayn sorğunun nəticələrini “dəhşətli” adlandırıb. Almaniyada fəaliyyət göstərən “Yan Vaşem” Xolokost İnstitutu, habelə Beynəlxalq Osvensim Komitəsi (İAK) də eyni fikrindədir. İAK-ın vitse-prezidenti Kristof Hoybner hər kəsi bu sorğunun nəticələrinə ciddi yanaşmağa çağırıb.
Yazıda uzun müddətdir ki, antisemit baxışların Almaniyada populyarlıq qazanmağa başlamasına diqqət çəkilir. Berlindəki Azadlıq univeristetinin apardığı araşdırmanın gedişində internetdə yəhudilər əleyhinə fikirlərin gənclik arasında sürətlə artdığı qeyd edilib.
Almaniyada yaşayan 500 yəhudi arasında aparılan sorğuda respondentlərin 78%-i antisemit aqressiyanı üzərlərində hiss etdiklərini söyləyiblər. 29%-i isə təhqir və lağ-lağıya məruz qaldığını ifadə edib. (Musavat.com)