XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 16:17

Lənkəranda Şeyx Zahid Gilaninin 800 illik yubileyi qeyd olunub –AMEA Beynəlxalq simpozium keçirib (FOTOLAR)

13 dekabr 2018-ci il tarixdə  Lənkəran Dövlət Universiteti (LDU)  möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edib.  AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti,  Konya Nəcməddin Ərbəkan Universiteti, TİKA-nın birgə  təşkilatçılığı ilə  “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda  ikigünlük Beynəlxalq Simpozium bu gün  işinə başlayıb.

 Bu barədə Strateq.az-a Lənkəran Dövlət Universiteti mətbuat xidmətindən məlumat verilib.  Universitetin Böyük akt zalında keçirilən tədbir  Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin dövlət himnlərinin səslənməsi ilə start götürüb.

Simpoziumu Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. İştirakçıları   salamlayan LDU rəsmisi simpoziumun gündəliyi, məqsəd və məramı   barədə iştirakçılara məlumat verib.Bildirib ki, doğumunun 800-cü ilidönümündə Şeyx Zahid Gilaninin anılması bu dəyərli şəxsiyyətin irsini öyrənən alimlərin bir araya gətirilməsinə, birgə fikir mübadiləsi aparılmasına, elmi tapıntıların paylaşılmasına şərait yaratmaqla, yeni tədqiqatlara yol açacaq.Simpoziuma marağın gözlənildiyindən də böyük olduğunu deyən professor Natiq İbrahimov 5 ölkədən 60-dan artıq müraciətin daxil olduğunu Şeyx Zahid Gilani şəxsiyyətinə, müdrikliyinə hörmət kimi dəyərləndirib.

Simpoziumun işində iştirak edən Lənkəran Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev  rayonda Şeyx Zahid şəxsiyyətinə daim dəyər verildiyini, məqbərəsinin müqəddəs ziyaratgah olduğunu,   şəhərdəki mərkəzi küçələrdən birinin onun adını daşıdığını bildirib.

Tədbirin təşkilatçılarından olan Konya Nəcməddin Ərbəkan Universitetinin əməkdaşı,  professor Əhməd Taşkın, Kastomonu Uniuversitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun  əməkdaşları- professor Şahin Fazil, dosent Dilavər Əzimli  çıxışlarında Şeyx Zahid Gilani şəxsiyyətinin böyüklüyü, zamanında və hazırkı dövrə qədərki  fəlsəfi fikir tarixində oynadığı rol, xeyirxah əməlləri və s. barədə ətraflı söz açaraq onu bütün dövrlərin müqəddəs şəxsiyyəti kimi dəyərləndiriblər.

Rəsmi hissədən sonra Bolqarıstanın məşhur “Səma” rəqs qrupunun , xanəndə Ağakərim Nafizin , ozan Fəxrəddin Salimin ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Nahar fasiləsindən sonra konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki,  simpoziumun 1-ci günü “Klassik mənbələrdə Şeyx Zahid”, “Müasir tədqiqatda Şeyx Zahid”, “Şeyx Zahid və xalq ədəbiyyatı”  mövzularında məruzələr dinləniləcək.

Simpoziumun ikinci günü “Şeyx Zahid mühiti və mədəni irsimiz”, “Şeyx Zahid ənənələri və Lənkəran bölgəsi”, “Şeyx Zahidin  həyatı və fəaliyyəti”, “Şeyx Zahid məktəbinin ardıcılları” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Simposiumun ikinci iş gününün sonunda Şeyx Zahid Gilaninin Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən məqbərəsi ziyarət olunacaq, həmçinin  qonaqlar Lənkəranın və Astaranın gəzməli yerləri ilə tanış olacaqlar.