XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 10:29

Ünvanlı sosial yardım alanların sayı kəskin azalıb –Prezidentin ayırdığı birdəfəlik yardım neçə ailəyə çatacaq? (Təhlil)

“Prezident 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı (ÜSY) alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayırıb. Bu da o deməkdir ki, ölkəmizdə 50 min ailə ünvanlı sosial yardım alır”.

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı Qalib Toğrul hazırladığı təhlildə qeyd edib. Onun bildirdiyinə görə,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına yerləşdirilən məlumata istinad etsək, (işğal altında olan 7 rayonun bazaya daxil edilməyən məlumatları istisna olmaqla), 20.12.18-ci il tarixinə, 39 893 ailə ÜSY alır:

“Son illər hər il dövlət büdcəsindən ÜSY-nin maliyyələşməsinə 200 milyon manatdan az olmamaqla vəsait ayrılır. Cədvəldən də göründüyü kimi 2018-ci ilin əvvəli ilə müqayisədə ÜSY alanların sayı kəskin şəkildə azaldılıb. Vəsaitin tam xərclənmədiyi elə sərəncamdan da aydın olur. Fikir verdinizsə, sərəncamda yazılır: “2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən…””.

Q.Toğrul daha sonra maraqlı olan digər məsələ kimi ÜSY alanların ölkə üzrə paylanma vəziyyətinə diqqət çəkib:  “Əvvəllər yazılmamış qaydalara görə, regionlar arasında tarazlıq gözlənilir, bir rayonun digərindən kəskin fərqlənməsinə imkan verilmirdi. İndi isə vəziyyət fərqlidir.

Bu günə olan statistikaya görə, ən çox ÜSY alan rayon və şəhərlərin ilk onluğu belədir:

1. Lənkəran – 2433 ailə;
2. Sumqayıt – 2294 ailə;
3. Masallı – 1790 ailə;
4. Gəncə – 1631 ailə;
5. Abşeron – 1576 ailə;
6. Suraxanı – 1513 ailə;
7. Xaçmaz – 1293 ailə;
8. Şabran – 1230 ailə;
9. Qaradağ – 1196 ailə;
10. Sabunçu – 1091 ailə.

ÜSY təyinində neqativ halların olmasını istisna etsək, o zaman əhalinin sayında yoxsulların xüsusi çəkisinə görə, ən yoxsul rayonumuz Şabran olmalıdır.

Ən az ÜSY alanların 5-liyi isə aşağıdakı şəkildədir:

1. Qobustan – 27 ailə;
2. Naftalan -59 ailə;
3. Oğuz – 68 ailə;
4. İsmayıllı – 79 ailə;
5. Zərdab – 84 ailə”.

Strateq.az