XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 10:31

Rektor tələbələrə və valideynlərə müraciət etdi:"Təhsil müəssisəsində imtahan qərargahı yaradılıb"

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tələbələrə və onların valideynlərinə müraciət ünvanlayıb.

Strateq.az-a daxil olan müraciətdə  bildirilir ki,  2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması üçün lazımi tədbirlər görülüb.

Eyni zamanda,  imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Müraciətdə qeyd olunur ki, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanı, kafedra müdirləri qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. İnstitutun binasında müraciət və təklif qutuları asılıb. Bununla yanaşı, İnstitut rəhbərliyi imtahan prosesini müşahidə edəcək və tapşırıqlarını verəcək.

Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “açıq qapı” günləri keçiriləcək. C. Məmmədov valideyn, KİV, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün “açıq qapı” günlərində iştirak etməyə və onları imtahan sessiyasını yaxından izləməyə dəvət edib.

Müraciətdə daha sonra deyilir ki, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə  rektora və prorektorlara, İctimai Nəzarət Şurasına, Aİİ-nin rəsmi “Facebook” səhifəsinə birbaşa müraciət etmək, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərini öyrənmək, imtahan qərargahına və Apelyasiya komissiyasına müraciət etmək imkanları təmin edilib.

İmtahanların ictimaiyyətə açıq təşkil olunduğunu vurğulayan C. Məmmədov sessiyaya nəzarətin aparıcı təhsil ekspertlərindən, qeyri-hökumət təşkilatlarından, media nümayəndələri və tələbədən ibarət İctimai Nəzarət Şurası tərəfindən həyata keçirildiyini bildirib.

Məlumat üçün bildiririk ki,  bu gündən Aİİ-də imtahanlara başlanılıb.