“Son vaxtlar mediada Dillər Universiteti ilə bağlı açıqlamalar mənim də diqqətimi çəkir. Burada heç şübhəsiz ki, universitetin rektoru, akademik Kamal Abdullanın hədəf olaraq seçildiyi hiss olunur. Universitet daxilində proseslərin səbəbləri barədə bilgim yoxdur, ancaq bir neçə dəfə universitetdə təhsil mühiti ilə tanış olmaq fürsəti əldə etdiyimdən, müşahidələrim bir qədər fərqlidir. Kamal Abdulla rektor təyin olunandan sonra bir sıra müsbət yeniliklərə imza atdığını bilirəm. Məsələn, ilk dəfə olaraq ADU-da tələbələr pedaqoji təcrübəyə Azərbaycanın rayonlarında yerləşən məcburi köçkün məktəblərinə göndərildi. Digər tərəfdən, ADU-da maraqlı tələbə özünüidarə sistemi yaradılıb. Tələbələr özləri seçki yolu ilə seçilməklə bir gün ərzində universiteti idarə edirlər. Seçkidən sonra onların kölgə kabineti kimi fəaliyyət göstərmələri onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir edir. İmtahanlarda şəffalıq gözlənilir, ictimaiyyət nümayəndələri ilə birlikdə bu prosesin bilavasitə şahidi də olmuşuq.
Ən maraqlı yeniliklərdən biri də universitet tələbələrinə mağazalardan aldıqları ədəbi-bədii kitabların ödənişinin məhz universitet tərəfindən həyata keçirilməsidir. Üstəlik, ehtiyacı olan tələbə və müəllimlərə yardım göstərmək məqsədilə Sosial fond da yaradılıb.
ADU-da həm də “Səfir saatı” klubu fəaliyyət göstərir və bu klubda xarici ölkələrin səfirləri tələbələrlə görüşə gəlir, tələbələrin dili ilə Azərbaycanın mövqeyi açıq formada onların diqqətinə çatdırılır.
Tədris prosesində hansısa nöqsanların mövcud olmasını da istisna etmirəm, ancaq Azərbaycanın görkəmli yazarı və elm xadimi Kamal Abdullanın bu formada hədəf seçilməsinin qərəzli olduğunu düşünürəm”.