XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 16:42

Ekspert Bakı Nəqliyyat Agentliyini sərt tənqid etdi:"Əlavə bir qurumun saxlanılması beşinci təkəri xatırladır”

“Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olduğu halda, Nazirlər Kabinetinin yanında əlavə bir qurumun saxlanılması beşinci təkəri xatırladır”.

Strateq.az xəbər verir ki, bu barədə ekspert Samir İsmayıl bildirib.

O qeyd edib ki, adıçəkilən qurum fəaliyyəti dövründə ictimai nəqliyyatın keyfiyyətində və məzmununda heç bir müsbət dəyişiklik edə bilməyib:
“Belə görünür, BNA tıxac probleminin həllini parklama yerlərinin sayının azaldılması və cərimə yükünün artırılmasında görür. Agentlik bu yaxınlarda 100-dən çox parklama yerinin bağlanması haqqında açıqlama verib. Avtomobil parklama yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə bir addımın atılması absurddur”.

S.İsmayıl daha sonra qeyd edib ki, Bakı piyada üçün heç bir infrastrukturu olmayan nadir paytaxtlardan biridir:

“Misal üçün, Bakıda əksər keçidlərdə piyadalar üçün işıqforlar ya nəzərdə tutulmayıb, ya işləmir, ya da mövcud tələblərə cavab vermir. Şəhərin lap mərkəzində səkilər yoxdur, ya da bağlanıb. BNA bu problemi həll etmək əvəzinə səki olan ərazilərdə dəmir dirəklər və məhəccərlər qurur. Bakı yollarında quraşdırılan yüksək bardürlər onsuz da avtobillərin qapılarını, arxa və ya qabaq panellərini şikəst edib. Belə bir dirəkləri səkilər olmayan yerdə quraşdırmaq əvəzinə, hündür bardürlərlə təhciz olunmuş səkilərin üstündə quraşdırırlar”.
Ekspert vurğulayıb ki, Nobel, Babək və Heydər Əliyev kimi böyük prospektlərdə piyada keçidlərinin sayı qanunvericiliyin tələblərinə cavab vermir. Bu prospektləri hər gün keçən yüzlərlə insan öz həyatını risk altına qoyur.
BNA-nın yeganə gördüyü müsbət işin pandusların quraşdırılması olduğunu vurğulayan ekspert, qeyd edib ki, yolları və səkiləri inşa edən icraçı elə pandusu da düzəltməlidir:

“Əks halda bizə gecikmiş panduslar çox baha başa gəlir. Ümumiyyətlə pandusların 20 ildən sonra yada düşməsinin özü maraqlıdır”.

Ekspertin qaldırdığı problemlərlə bağlı BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev Strateq.az-a bildirib ki, təmsil etdiyi qurumun həm sərnişindaşıma, həm də yol hərəkətinin təşkili ilə bağlı həyata keçirdiyi işlər göz önündədir:

“Bu cür fikirlərə sözlə deyil, real işlə cavab vermək daha doğru olardı”.

Strateq.az