XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

25 Yanvar 2019 - 13:12

Rəsulzadənin yeni barelyefindəki ağlasığmaz səhv düzəldiləcək –Bələdiyyə sədri açıqlama verdi (FOTO)

Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evinə vurulmuş  yeni barelyefdəki səhvlərin düzəldilməsi üçün ustaya göndərilib.

Strateq.az bildirir ki, bu barədə Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev  axar.az-a məlumat verib: “Biz köhnə barelyefdə nə var idisə, onu yazdırmışıq. Orada bir səhv olub – “dövlət” yerinə “xalq” sözü olmalı idi. Həmin lövhə oymalarla işlənilib, ona görə də səhvlərin düzəldilməsi bir az çətin məsələdir. Görək hansı formada düzəldə bilirik. Bəzi kitablarda Rəsulzadənin adı “Məmmədəmin”, bəzilərində isə “Məhəmməd Əmin” kimi qeyd edilib. Bu səbəbdən həmin informasiyanı dəqiq verə bilmədik. Oğurlanmış lövhəni vaxtilə Xalq Cəbhəsinin rəhbərləri düzəltdirib. Kasıb vaxtımda o barelyefin yenidən hazırlanmasına 1800 manat pul vermişəm. Barelyefi hazırlayan usta ilə danışmışam, yəqin ki, bir-iki gün ərzində səhvləri düzəldəcək”.

Ş.Tağıyev oğurlanan barelyefin bələdiyyə tərəfindən götürülməsi barədə verdiyi açıqlamaya da aydınlıq gətirib:

“Barelyefin oğurlanması barədə məlumatlar yayılanda kəndimizin əhalisinə görə utandım. Necə deyim ki, mənim sakinim bizim fəxr etdiyimiz bir insanın barelyefini oğurlayıb?! Ona görə də “barelyef bələdiyyə tərəfindən götürülüb” dedim ki, kəndin adı pis çıxmasın və sonradan yenisini düzəltdirib yerinə qoyum”.

Xatırladaq ki, əvvəlki lövhəni oğurlamaqda şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub.