XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2019 - 15:43

“Mənə balalı adı ilə verilmiş inək öz balasını yaxınına buraxmır”- ŞİKAYƏT

Ağdam rayonunun Əfətli kənd sakini Ramin Məhəddin oğlu Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Strateq.az-ın xəbərinə görə, əlil olduğunu yazan R.Əhmədov bildirib ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramına qatılıb və öz biznesini qurmaq məqsədilə südlük mal almaq üçün dövlət tərəfindən ona 5000 manat vəsait ayrılıb:

“2018-ci ilin oktyabr ayında Ağdam rayon Məşğullu Mərkəzinin işçiləri və rəhbərliyi tərəfindən mənə 2 baş inək verdilər. Bizə deyilmişdi ki, sizə südlük, balalı inəklər veriləcək. Ancaq bu inəklər qoca və arıq, bazarlarda alınmayan inəklərdir. Mənə balalı adı ilə verilmiş inək öz balasını yaxınına buraxmır və gün ərzində heç 2 litr də süd vermir. Bu cür südlük inək olar?”

R.Əhmədov müraciətində qeyd edib ki, onlara verilmiş heyvanların hər birinin bazar qiyməti 1000-1200 manatdır: “Bizlərə məlum olmayan səbəblərdən 5000 manatlıq heyvan alınmaq əvəzinə, bizlərə həmin vəsaitdən cəmi 2200 manat civarında inək verilib. Bu hal ciddi qanun pozuntusu deyil, bəs nədir?”

Müraciətinin sonunda R.Əhmədov prezidentdən yaranmış durumla bağlı ölçü götürülməsini xahiş edib.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində bildirib ki, bu günə qədər 119 heyvanla bağlı şikayət haqlı hesab olunub və həmin heyvanlar dəyişdirilib: “Bu vaxta qədər əhaliyə 29 min baş heyvan paylanıb: “119-un 29 minin içərisində xüsusi çəkisi aparılsa, 0.4 faiz edir. Yəni bu 0.4 faizə görə proqrama xələl gətirmək, onun üzərinə kölgə salmağa çalışmaq əlbəttə ki, məsuliyyətsiz və qeyri-peşəkar yanaşmadır. Mən bunu ən azı belə qiymətləndirirəm və bu məsələ ilə bağlı iradlarını bildirən şəxslərin də hər biri bir düşünsünlər ki, 29 minin içərisindən 119-u haqda şikayət olursa və dəyişdirilirsə… Və şikayət olunan heyvanlar da dəyişdirilir, onlar vətəndaşda qalmır. Tutaq ki, noyabr ayında verilən heyvanla bağlı sahibi ya yaxşı baxmır, ya da satıb sonradan bizə məlumat verir ki, heyvan xəstə idi. Biz də gedib araşdırırıq və görürük ki, əvvəlcədən baytar araşdırması aparılıb, heyvan 3 ay orda olubsa və onun xəstəliyi haqda indi irad bildirilirsə, bunun özü sual altındadır. Və o da məlum olur ki, heyvana düzgün qulluq edilmirsə, problem olacaq. Təbii ki, sui-istifadə etmək istəyən insanlar da olacaq, obyektiv səbəbdən problemlə qarşılaşacaq insan da. Bunun qiymətləndirilməsini ilin yekununda aparacağıq”.